Baş səhifə
» MUSİQİ
» Vokal
VokalXalq musiqi nümunələrini iki yerə bölür: bəhrli və bəhrsiz. «Bəhrli» dedikdə, o, dəqiq metro-ritmə malik, ifası zamanı zərb alətlərinin müşayiətinin istifadə olunduğu musiqi janrlarını nəzərdə tutur. Bu növ musiqiyə bəstəkar təsnif, rəng, rəqs və xalq mahnılarını aid edir. «Bəhrsiz» növə isə o, çalğısında zərb aləti istifadə olunmayan, sərbəst vəznli musiqi nümunələrini – muğam dəstəgahları, vokal musiqi aid edilir. Hər bir xalqın musiqi irsində olduğu kimi, Azərbaycan xalq musiqi irsi də başlıca olaraq, vokal, instrumental və vokal-instrumental musiqidən ibarətdir. Azərbaycanda milli vokal sənətinin elmi-praktiki inkişafı vokal məktəbinin banisi Bülbülün adıyla bağlıdır. Azərbaycan vokal məktəbinin inkişafı milli vokal folklorunun toplanması və öyrənilməsi işi ilə sıx əlaqədardır. Bu məqsədlə 1932-ci ildə Elmi-Tədqiqat Musiqi Kabineti təsdiq edilmişdir. Məşhur vokalist olan Bülbül 1921-ci ildə təşkil olunmuş Azərbaycan Dövlət Milli Konservatoriyasında ilk azərbaycanlı tələbə kimi vokal təhsili almış, burada rus və Avropa klassik musiqisini öyrənmiş, dünyagörüşünü genişləndirmişdir. Moskva və Peterburq şəhərlərinə qastrol səfərləri zamanı isə dinlədiyi görkəmli rus müğənnilərinin, xüsusilə Sobinov və Şalyapinin yaradıcılığı ona çox böyük təsir göstərmişdir. 1927-ci ildə isə Bülbül vokal sənətinə dərindən yiyələnmək üçün İtaliyaya getmiş, burada 4 il dövrünün tanınmış musiqiçilərindən dərs almış, məşhur italyan müğənnilərinin yaradıcılığından bəhrələnmişdir. Bülbül Azərbaycan musiqisində yeni səhifə açmış, onun yaradıcılığı vokal sənətinin inkişafında mühüm mərhələ olmuşdur. Vokal əsərləri Üzeyir Hacıbəyovun vokal yaradıcılığı romans-qəzəllər və mahnılarla təmsil olunur. Romans-qəzəl janrı 1940-cı illərdə Ü. Hacıbəyovun yaradıcılığında meydana gəlmişdir. Mütəfəkkir şair, XII əsr klassik Azərbaycan poeziyasının dahisi Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar olaraq, Üzeyir Hacıbəyov şairin iki qəzəli əsasında «Sənsiz» (1941) və «Sevgili canan» (1943) kimi vokal əsərlərini yaratmış, bununla da romans-qəzəl janrının təməlini qoymuşdur. «Sənsiz» və «Sevgili canan» romans-qəzəlləri musiqi üslubu baxımından özünəməxsus orijinallığı, ahəngdar milli koloriti ilə fərqlənir. Hələ 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikası dövründə «Milli marş», «Azərbaycan marşı», «Çırpınırdın Qara dəniz» kimi vətənpərvərlik ruhunda himn xarakterli mahnılar yaranmışdır ki, bunlar da vokal əsərlərinin ən gözəl nümunələri hesab olunur. . Bunlardan «Milli marş»ın sözləri Ü. Hacıbəyova, «Azərbaycan marşı»nın və «Çırpınırdın Qara dəniz» mahnısının sözləri Əhməd Cavada məxsusdur. Bu əsərlər uzun müddət itirilmiş hesab olunurdu. Lakin onlar Türkiyədə məşhurlaşmış və çap olunmuşdur. Yalnız 1980-ci illərdə Üzeyir Hacıbəyovun xatirə ev muzeyinin əməkdaşları tərəfindən tapılıb bərpa edilmiş və Azərbaycanda səsləndirilmişdir. Sonralar vokal əsərləri Azərbaycan musiqisinin əsas istiqamətlərindən birinə çevrilmiş, demək olar ki, bütün bəstəkarlar (xüsusilə də Q. Qarayev, F. Əmirov, T. Quliyev, Ə. Hüseynzadə, V. Adıgözəlov və s. kimi məşhur bəstəkarlar) bu janra dönə-dönə müraciət etmişlər. Bülbül, R. Behbudov, M. Babayev, F. Qasımova, X. Qasımova, A. Zeynalov, T. Əmrah və s. müğənnilər Azərbaycan musiqi ifaçılığında özünəməxsus yeri olan vokalistlər hesab olunurlar.
|