Baş səhifə    » PAYTAXT    » Bakı   

Tarixi

  


Bakı şəhəri

Yaranma tarixi - III əsr
Ərazisi - 2,13 min kv. km
Əhalinin sayı - 2.039.700 nəfər
Əhalinin sıxlığı - 1 km - 958 nəfər
Bakı şəhəri Azərbaycanın paytaxtıdır.

Paytaxtın tarixi
Bakının tarixi çox qədimlərə gedib çıxır, amma onun yaranmasının dəqiq vaxtı hələ də məlum deyil. Şəhərin yerləşdiyi Abşeron yarımadasının əlverişli coğrafi mövqeyə, rahat buxtaya, mülayim, quru iqlimə, məhsuldar torpağa, yeraltı sərvətlərə malik olması ta qədimlərdən burada insan məskənlərinin meydana gəlməsinə şərait yaratmışdır. Müasir Bakının cənub-şərqində, Xəzər dənizinin yaxınlığında Qobustan rayonu yerləşir. Burada geniş bir sahədə çoxsaylı heyvan sürüləri otlayırmış, ətrafdakı dağ qayalarında onların təsvirləri cızılıb. VIII minilliyə aid bu rəsmlərdə həmin ərazidə yaşayan qədim insanların müxtəlif ov səhnələri, mərasimlər və ayinlər əksini tapıb. Qobustanda, Böyükdaş dağının ətəyində tapılmış, b.e-nın 80-90-cı illərinə aid diqqətəlayiq latın yazısında deyilir: «İmperator Domisian Sezar Avqust Hermanik, Lusi Yuliy Maksim, XII «İldırımsürətli» legionun senturion vaxtıdır». Ehtimal ki, Bakı ətrafındakı Ramana və ya Romana kəndinin adı da eramızın I əsrində Roma qoşunlarının Abşeronda olmasından xəbər verir. Bakı, onun nefti, «yanan torpaq» hələ qədimdən onun hüdudlarından kənarda da məşhur idi.
Orta əsrlər Bakısı ilə bağlı yazılı mənbələrdə daim onun ətrafındakı «yanan atəş»dən danışılır. Bu barədə ilk söz açanlardan biri bizanslı Paniyli Priskdir, V əsrin əvvəllərində Qafqaz Albaniyasının şəhərini təsvir edərkən, o, «sualtı qayadan qalxan od»dan söz açır. IX əsrdən etibarən bölgədə islam dininın yayılması ilə bağlı Bakı ərəb coğrafiyaçılarının və tarixçilərinin yazılı mənbələrində kiçik, amma inkişaf etmiş feodal şəhəri kimi xatırlanır. Hər dəfə də qeyd olunur ki, Bakıda ağ və tünd-boz neft mənbələri var.
IX əsrin ikinci yarısında Abbasilər xilafətinin zəifləməsi və xilafətə tabe olan ölkələrdə mərkəzi hakimiyyətdən uzaqlaşma meyllərinin güclənməsi bir sıra müstəqil dövlətlərin yaranması ilə nəticələndi. Onlardan biri də Şirvanşahlar dövləti idi. Orta əsrlər Bakısı, Şamaxı ilə birgə Şirvanın əsas şəhərlərindən birinə çevrildi. X əsrdə Şirvanşahlar dövlətinin tədricən bölgədəki hadisələrin mərkəzinə çevrilməsi ilə şəhər, həqiqətən də, inkişaf etdi. Məhz bu vaxt Bakıda ilk dəfə qala divarlarının tikintisinə başlanıldı. Bərpa işləri zamanı divarlardan tapılan daş yazı da bunu sübut edir, orada qeyd olunur ki, divarlar II Mənuçöhrün (1120- 1160) zamanında tikilib. Şirvanşahlar dövlətinin sonrakı inkişafı II Mənuçöhrün oğlu I Axsitanın hakimiyyəti dövrünə təsadüf edir. O, səlcuqların və köçəri qıpçaqların hücumlarını uğurla dəf edirdi. Onun zamanında Bakı limanında qüdrətli donanma yaradılmışdı. Beləliklə, o, 1175-ci ildə 73 gəmiylə Bakı ətrafına hücum edən rusların basqınının qarşısını almışdı. 1191-ci ildə Şirvanşah I Axsitan öz iqamətgahını Şamaxıdan Bakıya köçürdü. İlk dəfə Bakı Şirvanşahlar dövlətinin baş şəhəri oldu. Həmin zamanın günümüzədək gəlib çıxan ən erkən tikili 1078-1079-cu illərdə Bakı qalasında ucaldılmış Məhəmməd məscididir. Həmin dövrün tikililəri arasında qüllələr və qalalar xüsusi yer tutur - feodallar üçün onlar daxili mübarizədə etibarlı dayaq və hücumlar zamanı sığınacaq yeri idi. Qala divarlarının, Bakı qalasının möhkəmləndirilməsinə xüsusi diqqət ayrılırdı. Bakının dəniz istiqamətindən müdafiəsi üçün 1232-35-ci illərdə Bakı buxtasında qala tikildi - bu hazırda suyun altında qalan Səbail qalası idi. XII əsrdə bütün ölkə monqol əsarəti altına düşdü. 1230-cu illərdə uzun sürən mühasirədən sonra Bakı da monqollara təslim oldu.
XIV əsrin əvvəlində ticarət, xüsusən də, dəniz ticarəti yenidən canlandı. Bakı limanına Genuyadan və Venesiyadan olan italiyalı tacirlərin gəmiləri yan alırdılar. Bakı Qızıl Orda, Moskva knyazlığı və Avropa ölkələri ilə ticarət aparırdı. Buradan neft, xalça və digər mallar xaricə çıxarılırdı. Eyni zamanda Həştərxana və Mərkəzi Asiyaya da əmtəə aparılırdı. XIV əsrin birinci yarısında Bakının iqtisadi və siyasi rolunun yüksəlməsi ilə bağlı Xəzər dənizini tez-tez Bakı dənizi adlandırırdılar.
1501-ci ildə Səfəvilər sülaləsindən olan Şah İsmayıl Xətai Şirvana hücumu zamanı Bakını da işğal etdi. 
XVII-XVIII əsrlərdə şəhərdə tikilən binalar memarlığın və daş üzərində oyma sənətinin yüksəlişindən xəbər verirdi. Bu zaman Bakı ikinci dəfə qala divarları ilə yeniləndi. XVII əsrdə Abşerona Don və Volqa kazaklarının basqınları müşahidə olunur. 1660-cı ildə Stepan Razinin kazakları Xəzərin Bakı sahillərinə hücum etdilər və Maştağa kəndini dağıtdılar.
XVII əsrdən etibarən, zəngin təbii ehtiyatlar və şəhərin mühüm strateji əhəmiyyəti Rusiyanın diqqətini özünə çəkdi. I Pyotr Xəzərin qərb və cənub sərhədlərini tutmağa və türklərlə iranlıları oradan sıxışdıraraq Xəzərə sahiblənməyə çalışırdı. Xəzəryanı ərazilərin ələ keçirilməsi üçün o, xüsusi hərbi-dəniz ekspediyası yaratdı. 1723-cü ilin iyun ayının sonunda Həştərxandan yeddi gəmidən ibarət eskadra general-mayor Matyuşkinin rəhbərliyi ilə şəhərə göndərildi. 1723-cü ilin iyunun 26-da uzunsürən mühasirəyə alınan və top atəşinə tutulan Bakı ruslara təslim oldu. Pyotrun fərmanı ilə şəhər komendantı knyaz Baryatyanskinin rəhbərliyi altında Bakı qarnizonunda iki əsgər alayı (2382 nəfər) saxlanıldı. 1725-ci ildə Pyotrun ölümündən sonra Xəzəryanı torpaqlar ruslara ağır yük olmağa başladı. İşğal olunmuş torpaqların saxlanması üçün böyük orduya ehtiyac vardı, məsrəflər isə, gəlirlərdən çox idi. 1730-cı ildə bu vəziyyət bir qədər də pisləşdi, İranda istedadlı sərkərdə Nadir şah güclənməyə başlayırdı. Nadir şahın Şirvandakı uğurları 1735-ci ilin martın 10-da rusları Gəncə ətrafında saziş bağlamağa vadar etdi, bu sazişə əsasən, rus qoşunları Bakıdan çıxarılmalı idi. Bakı yenidən İranın hakimiyyəti altına keçdi.
Nadir şah 1747-ci ildə saray çevrilişi nəticəsində öldürüldükdən sonra onun imperiyası dağıldı. Azərbaycan ərazisində bir sıra müstəqil xanlıqlar yarandı, Bakı xanlığı onların ən mühümləri arasında yer alırdı. Hakimiyyəti ələ alan Mirzə Məhəmməd xan (1747-1768) bu xanlığın başına keçdi. İyirmi illik hakimiyyəti dövründə Mirzə Məhəmməd xan iqtisadiyyatın bərpasına və ticarətin inkişafına yardım göstərdi. O, admiral idi, yük nəqli və hərbi məqsədlər üçün gəmiçiliyə rəhbərlik edirdi. Ondan sonra oğlu Məlik Məhəmməd xan Bakı xanlığının başına keçdi. Ayrı-ayrı xanlar arasında feodal müharibələri dayanmırdı. Bakı xanı da bu mübarizəyə qoşulmuşdu və qohumu, tabe olduğu Quba xanı Fətəli xanın tərəfində döyüşürdü. 1784-cü ildə Məlik Məhəmməd xan Bakı xanlığının taxt-tacını oğlu II Mirzə Məhəmməd xana (gələcəkdə məşhur Azərbaycan tarixçisi olacaq Abbasqulu ağa Bakıxanovun atasına) ötürərək öldü. Sonrakı illər də xanlar arasında daxili müharibələrlə keçirdi. Bakı xanlığında daxili müharibələr əsasən böyük gəlirlər gətirən neft mədənləri uğrunda aparılırdı. Bu mərhələdə iqtisadiyyat müəyyən qədər canlansa da, XVIII əsrin sonlarında İran hökmdarı, ölkəsinin bütün əyalətlərini və Azərbaycanın cənubunu özünə tabe dən Ağa Məhəmməd xan Qacarın dağıdıcı hücumları nəticəsində Azərbaycana böyük ziyan dəydi. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Bakını ələ keçirib, viran qoydu, amma tezliklə onun ordusu Şirvanı tərk etdi. Ağa Məhəmməd xan Qacarın gücləndiyini görən çar hökuməti Azərbaycanın Rusiyaya tabe olunması üçün siyasət yürütməyə başladı. 1796-cı ilin yazında II Yekaterinanın əmri ilə general Zubovun rəhbərliyi altında çar qoşunlarının Qafqaza yürüşü başladı. Şəhərin ələ keçirilməsi üçün 6 min nəfərlik qoşun göndərən Zubovun ilk tələbindən sonra Bakı təslim oldu. 1796-cı ilin iyunun 13-də Xəzər donanması Bakı buxtasına daxil oldu və rus qoşunları qarnizonu Bakıda yerləşdirildi.
Rusiya və İran arasında 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsi həm də Bakı xanlığının Rusiyaya birləşdirilməsini rəsmiləşdirdi. Amma razılaşma bütün Rusiya-İran narazılıqlarını həll etmədi. Bakının keçmiş xanı da şəhərə qayıtmaq ümidlərini üzməmişdi. 1826-cı ilin iyulunda İran ordusu Şimali Azərbaycana daxil olanda Hüseynqulu xanın rəhbərliyi altında dəstə də Bakıya doğru istiqamət aldı və şəhərin mühasirəsində iştirak etdi. Bakının və ətraf kəndlərin sakinləri ruslar əleyhinə üsyan qaldıraraq, ona fəal şəkildə yardım edirdilər. Amma İran ordusunun məğlubiyyəti, eyni zamanda rus ordusunun Bakı xanının əleyhinə atdıqları addımlar onu 1826-cı ildə İrana dönməyə məcbur etdi. Sonuncu Rusiya-İran müharibəsinin bitməsi ilə 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandı, bu sənədə əsasən, Azərbaycan Araz çayı vasitəsilə Rusiya ilə İran arasında bölündü. Müqavilə rəsmən torpaqların, o cümlədən Bakının Rusiya tərəfindən işğalını təsdiqlədi. Bu zaman Bakının sərhədləri qala divarları ilə əhatə olunmuş İçəri Şəhərlə məhdudlaşırdı, burada üç yüz ev və üç min sakin vardı. Yalnız Rusiya-İran müharibəsindən sonra şəhər tədricən böyüməyə başladı.
Artıq XIX əsrin ikinci yarısında Bakı öz sosial-iqtisadi göstəricilərinə görə Azərbaycanın digər şəhərləri arasında birinci yerə keçdi. Şəhərin inkişafında neft hasilatı mühüm əhəmiyyət kəsb edirdi. Rusiyanın iqtisadiyyatının neftə ehtiyacı artmışdı. Bakı Rusiya sənayesinin inkişafına cəlb olunmuşdu. Neft quyularına nəzarət edən çar hökuməti ilkin dövrlərdə onları müəyyən müddətə ayrı-ayrı şəxslərə icarəyə verirdi. Amma artıq 60-cı illərdə məlum oldu ki, neft yataqlarının icarə sistemi keçmişin yarasız qalıqlarından biridir və bu sənaye sahəsinin inkişafı üçün neft işinin təşkilinə ehtiyac var. 1872-ci ildə yeni qaydalar təsdiq olundu. Bu qaydalara əsasən, dövlətin icarə hesabında olan neft mənbələri hərracdan fərdi şəxslərə ötürüldü. İcarə sisteminin ləğvi bütün neft işində həlledici dönüş yaratdı. Bu neft ehtirası yalnız Klondaikdəki qızıl ehtirası ilə müqayisə edilə bilər. Bakıdakı neft yataqlarının qızğın istismarı başladı və əcnəbi neft şirkətlərinin kapital axını təmin olundu. Qısa müddət ərzində Bakıda İsveç, İngiltərə, Fransa, Belçika, Almaniya və Amerika firmalarının nümayəndəlikləri yaradıldı. Onlardan ən məşhurları - Nobel və Rotşild qardaşlarının firmaları idi.
XX əsrin əvvəllərində dünyada çıxarılan bütün neftin, demək olar ki, yarısı Bakıda hasil edilirdi. Neft sənayesi ilə yanaşı təsərrüfatın digər sahələri də inkişaf etməyə başladı. 1883-cü ildə Bakını Tiflislə birləşdirən dəmiryolu açıldı, 1892-ci ildə şəhərdə ilk konka işə düşdü, 1900-cü ildə isə Rusiyanın mərkəzi quberniyalarına və daha sonra Avropaya çıxışı olan Bakı-Petrovsk (indiki Mahaçqala) dəmiryolu çəkildi. 1868-1879-cu illərdə Bakı, Tiflis və Krasnovodsk arasında ilk teleqraf xətləri çəkildi, 1886-cı ildə isə Bakıda ilk telefon stansiyası tikildi. 1917-ci ildə şəhər bu gün də fasiləsiz işləyən Şollar kəməri vasitəsilə su ilə təmin olundu. Bakı həm də mədəni sahədə inkişaf edirdi. 1873-cü ildə Azərbaycanın ilk milli teatrı yaradıldı. 1875-ci ildə ilk qəzet nəşr olundu. 1894-cü ildə Nəriman Nərimanov ilk milli kitabxananın əsasını qoydu. 1908-ci ildə Şərqdə ilk opera "Leyli və Məcnun" tamaşaya qoyuldu. Nəşriyyat işi inkişaf etdi, mətbəələr açıldı, Azərbaycan və rus dillərində qəzetlər («Bakı», «Kaspi», «Bakinski raboçiy», «Hümmət», «Yoldaş»), o cümlədən broşuralar, kitablar və jurnallar nəşr olunmağa başladı. Abşeron yarımadasındakı bu şəhər Rusiyada və ümumiyyətlə Avropada görünməmiş sürətlə inkişaf edirdi. Rusiyanın bütün guşələrindən, xarici ölkələrdən müxtəlif millətlərin iş və səadət axtaran nümayəndələri Bakıya axışırdı. Artıq 1883-cü ildə Bakı əhalisinin sayı 45 min nəfəri keçmişdi, 1913-cü ildə isə bu rəqəm 200 minə çatırdı. Şəhərin ətrafı abadlaşdırılır, qeyri-adi möhtəşəmliyi ilə seçilən memarlıq abidələrinin sayı artırdı. Onların arasında dəmiryolu vağzalı; Bakı şəhər duması; «realnı» məktəb (İqtisadiyyat Universitetinin binası); «İsmailiyyə» (Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti) və s. Eyni zamanda şəhər yaşıllaşdırılırdı, şəhər hamamı kompleksi ilə birgə Dənizkənarı bulvar, bağlar: Mixaylovski (indiki «İçərişəhər» metro stansiyası), Mariyinski (Molokan bağı), Nobel bağı (Nizami parkı) salınırdı. Beləliklə, XIX əsrin axırlarında müşahidə olunan iqtisadi yüksəliş Bakını Rusiyanın ən iri mərkəzlərindən birinə, Qafqazda ən böyük və əhəmiyyətli şəhərə çevirdi.
1917-ci ilin fevralında Rusiyada çar hökuməti devrildi. 1917-ci ilin noyabrın 2-də Bakıda Bakı Sovetinin genişlənmiş konfransı keçirildi. Burada bolşeviklər bu orqanı şəhərdə ali hakimiyyət adlandırmağa və Sovet hakimiyyətinin qurulduğunu elan etməyə nail oldular. 1918-ci ilin martında Bakı Soveti Bakıda türk məhəllələrinin silahsız dinc əhalisinə qarşı soyqırım törətdi, bu qırğın zamanı on min nəfərə yaxın şəhər sakini öldürüldü. Şəhərin əhalisinə divan tutulmasına Bakının İnqilabi Müdafiə Komitəsinin rəhbəri S.Şaumyan başçılıq edirdi. Qırmızı Ordunun Bakıdakı qərargahının rəhbəri çar ordusunun polkovniki, daşnak partiyasının üzvü Z.Avetisyan idi. Martın 30-dan aprelin 2-dək Bakıda, sonra isə uyezdlərdə davam edən qarışıqlıq Azərbaycan xalqına qarşı törədilmiş soyqırımdan başqa bir şey deyildi. Bu səbəbdən də Bakıda sovet hakimiyyəti uzun sürmədi və elə 1918-ci ildə də rüsvayçılıqla səhnədən getdi.
Zaqafqaziya Federasiyasının dağılmasından sonra, 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edildi. Bu vaxt Bakı əvvəlcə Bakı kommunasının, sonra isə daşnaklardan və menşeviklərdən ibarət Sentrokaspi Diktaturasının əlində idi. Türkiyə gənc Azərbaycan Respublikasının köməyinə gəldi. Onun 15 minlik Qafqaz İslam Ordusunun tərkibində türklərlə yanaşı general Şıxlinskinin rəhbərliyi ilə yeni yaranmış azərbaycanlı hissələri də döyüşürdülər. Qafqaz İslam Ordusu döyüşə-döyüşə bütün Azərbaycan ərazisindən keçərək, 1918-ci il sentyabrın 15-də ona qarşı duran çoxminlik ordunun müqavimətini qıraraq, Bakıya daxil oldu. Bakı Azərbaycan Demokratik Respublikasının paytaxtı elan edildi və 1918-ci il sentyabrın 17-də F.Xoyskinin rəhbərliyi ilə hökumət Bakıya köçdü.
1920-ci il aprelin 27-də XI Qırmızı Ordu Azərbaycan sərhədlərini keçərək, Bakıya doğru istiqamət aldı. Eyni vaxtda Sovet Rusiyası Azərbaycan Respublikasına hakimiyyətin təslim olunması ilə bağlı ultimatum təqdim etdi. Aprelin 28- də XI Qırmızı Ordu Azərbaycanın paytaxtına daxil oldu.
Sovet hakimiyyəti qurulandan sonra da Bakının inkişafı davam etdi.
1924-1937-ci illərdə Bakının baş planının üç variantı işlənib hazırlanmışdı. Bu ərəfədə şəhərin mərkəzi-tarixi hissəsində və onun ətrafında geniş quruculuq işləri aparılırdı, yeni yaşayış massivləri: M.Məmmədyarovun, P.Montinin, S.Razinin və s. adını daşıyan qəsəbələr tikilirdi.
1926-cı ildə Bakını şəhəryanı fəhlə qəsəbələri ilə birləşdirən SSRİ-də ilk elektrik dəmiryolu tikildi. Həmin illərdə Bakının yaşıllaşdırılması işləri də həyata keçirilirdi. Minlərlə bakılının iştirak etdiyi çoxsaylı məcburi iməciliklərdə həm şəhərin tarixi hissələrində, həm də yeni rayonlarda bağlar və parklar salınırdı.
İkinci dünya müharibəsinin başlanması ilə Bakı yenidən beynəlxalq aləmin diqqət mərkəzinə çevrildi. 1939-cu ildə biri-birinə hücum etməmək barədə sovet-alman paktının bağlanmasından sonra SSRİ Almaniyanı neftlə təchiz etməyə başladı. Fransa və İngiltərə 1930-40-cı illərdə Bakını bombalamağı və Bakı neft sənayesi rayonunu ələ keçirməyi planlaşdırırdılar. Fransız generallarının fikrincə, belə əməliyyat Sovet İttifaqının iqtisadi qüdrətini zəiflədər və sovet quruluşunun iflasına səbəb ola bilərdi. İngiltərənin də analoji planları vardı. Britaniya Kral Hərbi Hava Qüvvələrinin qərargahı ehtimal edirdi ki, «üç bombardmançı eskadrilya 6 həftədən 3 ay müddətinədək fəaliyyət göstərməklə neft mədənlərini sıradan çıxara bilər». Amma almanların qərbdən güclü hücumu müttəfiqləri Bakı ilə bağlı planları təxirə salmağa vadar etdi. Faşizmin uğurla darmadağın edilməsində Bakının böyük əməyi vardı. Müharibə zamanı Bakının neft ehtiyatları ölkənin neft ehtiyatlarının 75 faizini təşkil edirdi. Təyyarə yanacağının 90 faizi Bakı neftindən ibarət idi. Neftə artan ehtiyacları nəzərə alan şəhər neftçiləri 1941-ci ildə neft hasilatını rekord səviyyəyə - 23.482 milyon tona çatdırdılar. Müharibə illəri ərzində arxa cəbhə şəhəri kimi, Bakı 440 min yaralını qəbul etmişdi. Şəhərdə müharibədən sonra da inkişaf gedirdi. 1949-cu ildə Neft Daşları tikilməyə başladı. Bu, dünyada açıq dənizdə yataqların mənimsənilməsi sahəsində ilk təcrübə idi. Müharibədən sonrakı mərhələnin ilk illərindən yaşayış evlərinin və ictimai binaların tikintisi davam etdirildi. Azərbaycanın klassik memarları M.Hüseynovun, S.Dadaşovun, H.Məcidovun, E.Qasımzadənin, Q.Əlizadənin, Q.Ələsgərovun və başqalarının istedadı və ustalığı sayəsində Bakının mərkəzi və onun gənc rayonları yeni memarlıq tikililəri ilə zənginləşirdi. Bakı keçmiş ittifaqın böyük, əhəmiyyətli sənaye mərkəzlərindən birinə çevrilirdi. Neft hasilatı, neft emalı və neft maşınqayırması ilə yanaşı, intensiv şəkildə elektronika, cihazqayırma, yüngül sənaye və yeyinti sənayesi inkişaf edirdi. Qısa müddət ərzində Bakıda Məişət Kondisionerləri zavodu, Cihazqayırma zavodu, Elektron Hesablama Maşınqayırma (EHM) zavodu, Şampan şərabı zavodu, Dərin özüllər zavodu və s. kimi böyük müəssisələr tikilirdi. Bu müəssisələrin rəqabətədə özümlü məhsulları təkcə Sovet İttifaqının daxili bazarını deyil, həm də bir sıra əcnəbi bazarları da fəth etmişdi. 
Bakı keçmiş SSRİ-nin mühüm nəqliyyat qovşağı idi. Həmin illər yük dövriyyəsinin həcminə görə o, bütün ittifaq respublikalarının şəhərləri arasında üçüncü yeri tuturdu. Bakı dəniz ticarət limanı mühüm əhəmiyyət daşıyırdı. Bu liman tək Xəzər dənizinin deyil, ittifaqın bir çox digər limanlarının arasında da ən nəhəngi idi. Mühüm hadisələrdən biri də Bakıda 1967-ci ildə Yaxın Şərqdə ilk metropolitenin açılması idi. Bakı iri təhsil və mədəniyyət mərkəzinə çevrilirdi. Azərbaycanın bütün böyük ali təhsil müəssisələri paytaxtda yerləşirdi. Onlarla teatr, mədəniyyət evləri burada fəaliyyət göstərirdi, dünya və ittifaq əhəmiyyətli ictimai, elmi, peşəkar forumlar bu şəhərdə keçirilirdi.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Vilayətinin (DQV) Ermənistana birləşdirilməsi tələbləri ortaya çıxdı. Eyni zamanda bütün azərbaycanlı əhali - 200 min nəfərdən çox insan Ermənistandan çıxarıldı və onların böyük bir hissəsi Bakıda məskunlaşdı.
1991-ci ildə Azərbaycan suverenlik əldə etdikdən sonra Bakı müstəqil Azərbaycanın paytaxtı kimi Qafqaz bölgəsində ən böyük ticarət, mədəniyyət və elm mərkəzinə şevrildi. Şəhərdə aparılan abadlıq işləri, salınan yeni yaşayış massivləri, parklar, xiyabanlar, ucaldılan göydələnlər paytaxtın tarixində yeni quruculuq mərhələsinin başlandığından xəbər verir.



Oxunub: 150849