Baş səhifə    » PAYTAXT    » Bakı    » Neft daşları   

Neft daşları

  


Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Xəzər rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən “Qara qayaların” ətrafında tikilmişdir. Abşeron yarımadasının 42 km-də cənubi-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadada dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir. 1949-cu il noyabrın 7-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səhifə açdılar. Həmin gün Neft Daşları yatağının 942 m dərinliyindən Xəzər nefti fəvvarə vurmuşdur. Qeyd etmək lazımdır ki, hələ XIX əsrin əvvəllərində (1798-1830-cu illər) Xəzərdən (Bibi-Heybət) ilk neft alınmışdır. Ancaq sənaye istehsalı yalnız 1925-ci ildə başlamışdır. Belə ki, Bakı buxtasında dənizin bir neçə metr dərinliyində və ağac dirəklərin üstündə yerləşən cəmi bir quyu qazılmışdı. 
Neft Daşlarının (Bakının 110 km-də) isə quru ilə heç bir əlaqəsi yoxdur. Neft Daşları dəniz möcüzə - şəhəri kimi məşhurdur. 60-cı illərin axırında özünəməxsus “küçə” vəzifəsini yerinə yetirən estakadaların ümumi uzunluğu 200 km-dən çox idi. Neft Daşları ilə Bakını radiotelefon rabitəsi birləşdirir. İnsanları, qida məhsullarını və başqa əşyaların daşınmasın da vertolyotdan istifadə olunur. 2000-dən çox əhalisi olan Neft Daşları Azərbaycanın şərqdə olan ən uzaq yaşayış məntəqəsidir.



Oxunub: 150658