Baş səhifə
» PAYTAXT
» Bakı
» Paytaxtın tarixi abidələri
Paytaxtın tarixi abidələriBakı və onun ətrafı zəngin tarixi abidələri ilə nəinki Azərbaycanda, o cümlədən dünyada tanınır. Bunların içərisində Qobustan, Şirvanşahlar sarayı, Qız qalası, Atəşgah və s. daha məşhurdur.
Qobustan Abşeron yarımadasının qərbində və cənubi-qərbində, Bakının 60 km-də yerləşən, Böyük Qafqazın (qıraq) cənubi-şərq qollarının alçaq dağlıq və dağətəyi rayonudur. Qobustanın adı “Qobu” sözündən götürülmüşdür. Ona görə də Qobustan qobular və yarğanlar diyarı sayılır. Qobustanın dağlarında Azərbaycan xalqının əcdadlarının maddi və mənəvi mədəniyyətini əks etdirən 6 mindən çox qədim rəsmlər tapılmışdır. Bundan başqa qədim yaşayış məntəqələri – 20 mağaralar və dayanacaqlar, 40 kurqan qazıntıları və 100 mindən çox maddi mədəniyyət əşyaları aşkar olunmuşdur. Ən qədim rəsmlər mezozoy erasına aid olduğu sayılır, ancaq burada bu eradan əvvəl də yaşayışın olması istisna edilmir. Elə buna görə də Qobustan mədəniyyətin beşiklərindən biri sayılır. Şirvanşahlar sarayı Şirvanşahlar saray ansamblı - Azərbaycan memarlığının Şirvan-Abşeron qolunun iri abidəsidir. XV əsrdə Bakının iqtisadi və siyasi əhəmiyyətinin artması nəticəsində Şirvanşah Xəlilullah iqamətgahı Şamaxıdan Xəzər dənizində əsas liman şəhəri və möhkəmlənmiş istehkam olan Bakıya köçürdü. Səbayel əsrinin batması ilə bağlı yeni Sirvanşahlar sarayı təhlükəsiz yerdə, Bakı təpəsinin hündürlüyündə tikildi. Ansambl vahid memarlıq ideyasına əsasən tikilmirdi, o, relyefə əsasən, üç səviyyədə ucaldılan bir neçə tikili sırasından ibarətdir: sarayın əsas binası (1420-ci illər), Divanxana (1450-ci illər), sərdabə-türbələr (1435), minarəli şah məscidi (1441), Seyid Yəhya Bakuvi məqbərəsi (1450-ci illər) və Keyqubad məscidinin qalıqları. Saray tikililərinə şərq tərəfdən portal - Murad qapıları (1585), ovdan və hamam qalıqları aiddir. 1964-cü ildə kompleks muzey-qoruq elan edilib və dövlət mühafizəsinə götürülüb. Abşeronun qalalarından ən böyüyü və əzəmətlisi Bakıda -İçəri şəhərdə olan Qız Qalasıdır. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr, divarlarının qalınlığı dib tərəfdə 5 metr, yuxarı tərəfdə isə 4 metr olan Qız qalası silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən dayaq dəstəyinə oxşar iri bir tikilidən ibarətdir. Bu tikilidən nə məqsədlə istifadə olunduğu hələ bu günə qədər müəyyən edilməmişdir. Qala səkkiz mərtəbəyə bölünmüş, hər mərtəbənin ayrıca daş tağtavanı və ya günbəzi olmuşdur. Bu mərtəbələr divarın içində tikilmiş daş pilləkən vasitəsilə bir-birilə birləşir. Qalanın fasadının qapı yerinin üstündə iri bir daş üzərində kufi xətlə yazılmış bir kitabə vardır. Burada “Davudun oğlu, Məsudun qalası” sözləri yazılmışdır. Bu kitabə qalanın XII əsrin birinci yarısında Səlcuq sultanı Məsud tərəfindən tikdirildiyinin göstəricisidir. Qız qalası haqqında xalq arasında müxtəlif əfsanələr vardır. Bunlardan ən çox yayılanı yerli hökmdarın, özünü qalanın yuxarı meydançasından suya atmış qızının faciəli ölümündən danışan əfsanədir. Atəşgah Bakı yaxınlığındakı ən maraqlı və özünəməxsus tarixi memarlıq abidələrindən biri də atəşpərəst hindlilərin «Atəşgah» adlanan köhnə məbədidir. O, dənizdən azacıq aralı, Abşeron yarımadasındakı Suraxanı kəndinin cənub-şərq qurtaracağında yerləşir. Hücrələr və ibadətgah XVII—XIX əsrlər ərzində müxtəlif vaxtlarda tikilmişdir. Hücrələr XVIII əsrin sonlarında ümumi hasara alınmışdır. «Atəşgah» Bakıda yaşayan, üzvlərinin əksəriyyəti Şimali Hindistandan çıxmış və sikhlər kastasına mənsub olan hind icması tərəfindən inşa edilmişdir. Karvansaranı xatırladan bütün tikili planda qapalı beşguşə formasında olub, vaxtilə zəvvarlara xidmət üçün istifadə edilən 24 hücrədən və bir otaqdan ibarətdir. Məbəd bu günədək tikildiyi şəkildə şəkildə qalmışdır.
|