Baş səhifə    » İQTİSADİYYAT    » Xarici ticarət dövriyyəsi   

Xarici ticarət dövriyyəsi

  



Azərbaycanın müstəqillik qazanması onun həm qonşu ölkələrlə, həm də dünya ölkələri ilə iqtisadi, həmçinin xarici ticarət əlaqələrinin artmasına təkan vermişdir. Xarici ticarət sahəsində həyata keçirilən tədbirlər xarici ticarət sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə və xarici ticarət əlaqələrinin genişlənməsinə səbəb olmuşdur. Ölkədə azad iqtisadiyyat, özəl bölmənin inkişafı, respublikanın həm siyasi, həm də iqtisadi nüfuzu  və yerləşdiyi əlverişli coğrafi şərait də xarici ticarət əlaqələrinin həcminin və miqyasının artmasına böyük imkan yaratmışdır. 
Hazırda Azərbaycanda istehsal olunan məhsullara dünya bazarında maraq artır və bu malları alan ölkələrin sayı getdikcə artır. Xarici ticarətin strukturu dəyişikliyə uğradığı kimi, onun ticarət partnyorlarının da tərkibi dəyişib. Belə ki, əgər ölkənin ticarət partnyorlarının sayı 1997-ci ildə 84, 1999-cu ildə isə 121 ölkə olmuşdursa, hal-hazırda onların sayı 150-ə yaxın olmuşdur. 
Əvvəllər Azərbaycanın əsas ticarət partnyorlarını MDB ölkələri təşkil edirdisə, indi bu nisbət Avropa Birliyi olkələrinin xeyrinə dəyişib. MDB ölkələri arasında Azərbaycanla ən cox ticarət dövriyyəsinə malik olan olkə Rusiya Federasiyasıdır. Bu ölkənin Azərbaycanın ticarət dovriyyəsindəki payı 50%-dir. Digər MDB ölkələri ilə müqayisədə Rusiyanın daha böyük üstünlüyə malik olmasının səbəbi bu ölkənin Azərbaycanın kənd təsərrufatı məhsulları üçün böyük bazara sahib olmasıdır. Azərbaycanla Rusiya arasında keçmişdə mövcud olmuş iqtisadi-ticari əlaqələr də bu dovriyyənin artmasında başlıca rol oynayır. 

Son dövrlərdə, xüsusilə xarici neft şirkətlərinin Azərbaycanın neft sektoruna iri həcmli investisiyalarından sonra ölkənin xarici ticarət dövriyyəsində Avropa Birliyi ölkələrinin rolu artmağa baslayıb. Bu tendensiya Bakı- Tbilisi-Ceyhan boru kəmərinin işə düşməsindən sonra xüsusilə nəzərə çarpır. 
Azərbaycan Avropa Birliyi, ABŞ, Norveç, Kanada, Türkiyə, İsveçrə və Yaponiyanın Ümumiləşdirilmiş Preferensiyalar Sisteminə qoşulmuşdur ki, bu  da Azərbaycan mənşəli malların bu bazarlara rüsumsuz və ya aşağı rüsumlarla daxil olmasına imkan verir.
Bununla yanaşı Azərbaycan Respublikası Rusiya, Qazaxıstan, Ukrayna, Moldova, Belarus, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan ilə Sərbəst ticarət haqqında Saziş imzalamışdır. Yalnız Rusiya və Qazaxıstan ilə imzalanmış sazişlərdə spirtli içkilər və tütün məmulatları sərbəst ticarət rejimindən istisna edilmişdir. 
Azərbaycanın Asiya və Avropanın kəsişməsində çox əlverişli coğrafi mövqedə yerləşməsi xarici ticarət dövriyyəsinin əsas hissəsinin məhz bu qitələrdə yerləşən ölkələrlə qurulmasına şərait yaradır. 2011-ci ildə İxrac-idxal əməliyyatlarının 67.8%-i Avropa, 22.6%-i isə Asiya qitəsi ölkələri ilə aparılmışdır. Xarici ticarət dövriyyəsində İtaliya, Rusiya, Fransa, ABŞ, Almaniya, Türkiyənin xüsusi çəkisinin böyük olduğu müşahidə olunur. Belə ki, 2011-ci ildə xarici ticarət dövriyyəsinin 26,4%-i İtaliya,  12,8%-i Fransa, 7,8%-i Rusiya, 6,7%-i ABŞ 4,8 %-i Türkiyə, 4% Ukrayna, 3,8%-i isə Almaniya ilə olmuşdur.  
Xarici ticarət dövriyyəsində ixracatda 35.2%-lə İtaliya, idxalda isə 16.8%-lə Rusiya öndə durur. 
Ölkə iqtisadiyyatı inkişaf etdikcə idxal-ixracın strukturu da zənginləşir. Son illər ərzində xaricə ixrac olunan mühüm növ məhsulların siyahısı artmışdır. 2003-cü ildə Azərbaycandan 1218 adda mal ixrac olunurdusa 2011-ci ildə bu rəqəm 2082-ə yüksəlmişdir. Xarici ölkələrə göndərilən malların əsas hissəsini mineral məhsullar, o cümlədən xam neft və neft emalı məhsulları təşkil edir. Bununla yanaşı,  qeyri-neft məhsullarından ərzaq malları, az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar, toxuculuq materialları ixrac olunmuşdur. Eyni zamanda Azərbaycandan ixrac olunun ərzaq məhsulları sırasında çay, bitkidən hasil olan piylər və yağlar, marqarin, şəkər, makaron məmulatları, meyvə və tərəvəz konservləri də xüsusi çəkiyə malik olub.
Azərbaycanın iqtisadi gücünü göstərən daha bir məqam ölkənin elektrik enerjisi sferasında da əsas ixracatçı statusunu daşımağa başlamasıdır. Yeni generasiya güclərinin yaradılması, infrastruktur imkanlarının genişləndirilməsi artıq Azərbaycanı elektrik enerjisi ixracatçısına çevirmişdir. Ölkənin elektrik enerjisi satışını və mübadiləsini həyata keçirdiyi ölkələr - Rusiya, İran, Gürcüstan və Türkiyədir. 

Dövlət tərəfindən kənd təsərrüfatına məqsədyönlü şəkildə qoyulan investisiyalar artıq öz bəhrəsini verir. Belə ki, ötən illərlə müqayisədə ölkəmizə bir sıra kənd təsərrüfatı məhsullarının idxalı azalmışdır. Bu isə o deməkdir ki,  istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının ölkə əhalisinin tələbatını ödəmək qabiliyyəti artmışdır.
Diqqətçəkən digər məqam budur ki, 1995-ci ildə ölkəyə gətirilən ərzaq mallarının xüsusi çəkisi xarici ticarət dövriyyəsində 41,6 faiz təşkil etdiyi halda, 2010-cu ilin yekunlarına görə, bu göstərici 18,6 faizə bərabər olmuşdur. Bu da təsadüfi deyil. Çünki ölkədə bu sahədə xüsusi tədbirlər həyata keçirilir, mühüm dövlət proqramları qəbul edilir. Bu baxımdan 2008-ci il avqustun 25-də təsdiq olunmuş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" xüsusi əhəmiyyət daşıyır.
İdxal olunan mallarda isə nəqliyyat  vasitələri və onların hissələri, elektrotexnika avadanlığı, quru, hava və su nəqliyyatı vasitələri, ərzaq malları, az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, mebel və onun hissələri, əçzacılıq məhsulları üstünlük təşkil edir. 
2002-ci ildən başlanan yeni dövr sosial - iqtisadi inkişafın dayanıqlı xarakter alması, bazar iqtisadiyyatına keçid dövrünün başa çatması və ölkənin beynəlxalq əmək bölgüsündə layiqli yer tutması xarici ticarət dövriyyəsinin yüksəlişinə səbəb olmuşdur. 
Hazırda özəl bölmənin xüsusi çəkisinin 85 faizi ötməsi xarici dövlətlərlə aparılan ticarət dövriyyəsinin də həcminin genişləndirilməsinə imkan yaradır. Belə ki, hazırda Azərbaycanın özəl sektorunda istehsal olunan rəqabət qabiliyyətli mallar xarici bazarda özünə getdikcə daha çox alıcı tapmaqdadır. İstehsalın quruluşu, investisiya qoyuluşunun istiqamətlərinin müəyyənləşdirilməsi, xarici və daxili tələbatın öyrənilməsi iqtisadi artımın sürətlənməsinə müsbət təsir göstərməklə yanaşı, idxaldan asılılığın da azaldılması üçün geniş imkanlar yaradır.
Son 10 ildə xarici ticarət dövriyyəsinin tərkibi də xeyli dəyişib. Belə ki, yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir. 

Xarici ticarət dövriyyəsinin dinamikasındakı artım aşağıdakı kimidir:
2003-cü il ərzində respublikanın rezident və qeyri - rezidentləri tərəfindən 129 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 5217881.0 min  dollar olmuşdur. Bu müddətdə 1218 adda mal ixrac, 5266 adda mal isə idxal olunmuşdur.
2005-ci il ərzində 137 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 8547276,0 min dollar olmuşdur. İl ərzində 2102 adda mal ixrac, 5740 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 146483,6 min dollar təşkil etmişdir. 
2006-cı ildə isə 140 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 11637208,6 min dollar olmuşdur. 2242 adda mal ixrac, 5935 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 1107016,9 min dollar təşkil etmişdir. 
2007-ci ildə 138 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 11766862,9 min dollar olmuşdur. 2454 adda mal ixrac, 6755 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 349735,9 min dollar təşkil etmişdir. 
2008-ci il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 141 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 54919697,3 min dollar olmuşdur. Bu müddət ərzində 2127 adda mal ixrac, 5893 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 40592761,4 min  dollar təşkil etmişdir. 
2010-cu ilin yekunlarına görə, Azərbaycanın xarici ticarət dövriyyəsi 27,924 mlrd. dollar təşkil etmişdir. Malların ixrac həcmi 21,324 mlrd. dollar, idxalı isə 6,599 mlrd. dolları olmuşdur. Xarici ticarət dövriyyəsindəki müsbət saldo 14,725 mlrd. dollar təşkil etmişdir. Azərbaycandan 2186 adda məhsul ixrac, 6057 adda məhsul isə idxal olunmuşdur. 
2011-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 2010-cu illə müqayisədə 29,92% artaraq 36,326 mlrd. dollar təşkil etmişdir. Ölkədən ixrac edilən malların həcmi 26,57 mlrd. dollar təşkil edib ki, bu da 2010-cu ilin göstəricilərindən 24,39% çoxdur. İdxal həcmi isə 9,755 mlrd. dollara bərabər olmuşdur. Bu isə 2010-cu ilin göstəricisindən 47,81% artıq olmuşdur. Ümumilikdə, 2011-ci ildə Azərbaycandan 2082 adda məhsul ixrac, 6233 adda məhsul isə idxal olunmuşdur. Əmtəə dövriyyəsində müsbət saldo 16,814 mlrd. dollara bərabər olmuşdur.
Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərinin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması xarici ticarət dövriyyəsinin həcminin gələcəkdə də artacağına zəmin yaradır.



Oxunub: 588620



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on