Baş səhifə    » TARİX    » Azərbaycan dövlətləri    » Qaraqoyunlu dövləti   

Qaraqoyunlu dövləti

  


Mənşəcə Oğuzlann Yivə boyundan olan Qaraqoyunlular Yaxın və Orta Şərqin tarixində mühüm rol oynamışlar. Tarixi mənbələr VII əsrdən etibarən onların Azərbaycanda yaşaması haqqında məlumatlar verir. Monqol yürüşləri zamanı Şərqi Anadoluya çəkilən bu tayfalar XIV əsrin II yarısında Elxanilər dövlətinin süqutundan sonra Bayram Xocanın rəhbərliyi altında mərkəzi Ərciş və Van şəhərləri olan güclü tayfa birliyi yaratmışlar. XIV əsrin sonunda dövrün siyasi hadisələrinə qatılan Qaraqoyunlular Sürməli, Xoy və Naxçıvan bölgələrlndə möhkəmlənərək Qara Yusifin başçılığı altında bir neçə dəfə Təbrizi ələ keçirmişlər. Əmir Teymurun yürüşləri zamanı Cəlairi Sultan Əhmədlə birlikdə ciddi müqavimət göstərən Qara Yusif öncə Osmanlı sultanına, sonra isə Misir sultanına sığınmaq məcburiyyətində qalmışdır. 1405-ci ildə Əmir Teymurun ölümündən sonra Azərbaycanda onun varisləri arasında başlanan mübarizədən istifadə edən Qara Yusif 1406-cı ilin oktyabrında Teymuri Əbu Bəkiri Naxçıvan yaxınlığında, 1408-ci ilin aprelində isə Təbriz yaxınlığında Sərdrud döyüşündə məğlub edərək, Teymurilərin Azərbaycandakı ağalığına son qoymuşdur. Qara Yusif 1410-cu ilin avqustunda Təbriz yaxınlığında Cəlairi Sultan Əhmədi məğlub edərək Cəlairilər dövlətinə son qoymuş və mərkəzi Təbriz olan Azərbaycan Qaraqoyunlu dövlətini yaratmışdı. Qaraqoyunlu dövlətinə Kürdən cənuba Azərbaycan torpaqları, Şərqi Anadolu, Ərəb Iraqı və Əcəm Iraqı daxil olmuşdur. 1453-1458-ci illərdə Cahanşahın (1436-1467) dövründə  Əcəm İraqına, Mazandaran və Xorasana yürüşlər nəticəsində dövlətin şərq sərhədləri Xorasana kimi genişləndirilmişdir. 1458-ci ildə Herat tutulsa da, Teymuri Əbu Səidlə bağlanan müqaviləyə görə Qaraqoyunlular Heratı tərk etmişlər.
Cahanşah 1467-ci ilin noyabrında Ağqoyunlular üzərinə yürüş zamanı Muş yaxınlığında Səncək adlı yerdə Uzun Həsənin hücumuna məruz qalmış və öldürülmüşdür. Uzun Həsən 1468-ci ildə Cahanşahın oğlu Həsənəli üzərində qələbədən sonra Qaraqoyunlu dövlətinə son qoymuşdur.  
Paytaxtı Təbriz şəhəri

Hakimiyyətdə olan hakimlər:
1392-1420 Qara Yusif
1421-1438 Qara İsgəndər
1429-1431 Əbu Səid
1438-1467 Cahanşah
1467-1468 Həsənəli



Oxunub: 64252



Azərbaycan Televiziyaları
İnternet Radio