Baş səhifə    » COĞRAFİYA    » Qoruqlar    » Pirqulu Dövlət Təbiət Qoruğu   

Pirqulu Dövlət Təbiət Qoruğu

  


Pirqulu Dövlət Təbiət Qoruğu (PDTQ) Azərbaycan hökumətinin 25 dekabr 1968-ci il tarixli Qərarı ilə 1521 hektar sahədə Böyük Qafqaz sıra dağlarının şərq qurtaracağında, Şamaxı inzibati rayonu ərazisində təşkil edilmişdir. Qoruğun təşkil edilməsində əsas məqsəd erroziya proseslərinin və Şamaxı astrofizika rəsədxanasının fəaliyyətinə mənfi təsir göstərən atmosferin tozlanmasının qarşısını almaq, habelə bura üçün xas olan tipik dağ-meşə landşaftlarının, xüsusilə müxtəlif bitki örtüyünün, torpağın münbit qatının qorunub saxlanılması, meşə örtüyü sahəsinin təbii artımının təmin edilməsi, eləcə də qiymətli, nadir və sənaye əhəmiyyətli heyvan və quşların sayının artırılması, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması olmuşdur.
Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla tanınır. Üstünlük təşkil edən cinslər vələş, palıd, fıstıq ağaclarıdır. Bunlar həm təmiz , həm də qarışıq meşələr təşkil edir. Bu meşələrdə qarışıq halda göyrüş, ağcaqayın, qaraçöhrə, ağ ağcaqayın, söyüd, qoz, gilas, alma, armud və s. ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkən, itburnu, zirinc və s. kol bitkiləri yayılmışdır.
Heyvanat aləmi müxtəlif məməli və quşlardan ibarətdir. Burada məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, qarapaça, təkə, ayı, vaşaq, gəlincik, porsuq, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, kəklik və digər növlərə təsadüf olunur.
Pirqulu Dövlət Təbiət Qoruğunda (PDTQ) “Qırmızı kitab”a adı düşən məməlilərdən qonur ayı, köpgər, quşlardan turac, berkut, çöl qartalı və s. qorunur.



Oxunub: 103967



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on