Baş səhifə    » İQTİSADİYYAT    » Kimya sənayesi    » Azərbaycanın kimya və neft-kimya sənayesi   

Azərbaycanın kimya və neft-kimya sənayesi

  



Azərbaycanda kimya sənayesinin yaranma tarixi ötən əsrin 50-60-cı illərinə təsadüf edir. 
1938-ci ildə Sumqayıt şəhərində Sintetik-kauçuk və digər kimya zavodlarının tikintisinə başlanılmışdır. 
İkinci Dünya Müharibəsinin başlanması ilə Sumqayıtda aparılan tikinti işlərinə ara verilmiş, 1945-ci ildən etibarən isə Sumqayıt ərazisində ardıcıl olaraq ağır sənaye müəssisələri - Kimya, Boru-Prokat, Sintetik-kauçuk, Alüminium, Superfosfat zavodları istifadəyə verilmişdir. 1966-cı ildə istifadəyə verilən Kimya kombinatı həmin dövrdə Avropada ən iri neft-kimya müəssisəsi hesab olunurdu.
70-80-ci illərdə həmin zavodlar tam gücü ilə i.ləmiş və keçmiş SSRİ-nin, demək olar ki, hər yerinə məhsul idxal etmişdir. Bu iqtisadi yüksəliş Sumqayıtın Azərbaycanın ən böyük şəhərlərindən birinə çevrilməsinə səbəb olmuşdur. 
1981-ci ildə Sumqayıtda müasir, iritonnajlı, tullantısız texnologiyaya, yüksək istehsal gücünə malik, neft kimyasının qiymətli məhsulları olan etilen və propilen istehsal edən EP-300 kompleksinin inşasına başlanıldı. Kompleksdə respublikanın neft emalı zavodlarının karbohidrogen xammalından istifadə olunması nəzərdə tutulurdu. Xüsusilə qeyd etmək lazımdır ki, son və qabaqcıl texnologiyaya əsaslanan belə bir kompleksin işə salınması o dövr üçün, hətta SSRİ miqyasında çox böyük bir hadisə idi. Məhz EP-300 qurğusunun sayəsində Etilen-polietilen zavodu hal-hazırda dünya bazarında tələbatın böyük olduğu yüksək keyfiyyətli polietilen istehsal edir və bu gün həmin qurğu respublikamızda kimya kompleksinin bütövlükdə inkişafı üçün əsas xammal tədarükçüsü rolunu oynayır.
Həmin dövrdə EP-300-lə eyni vaxtda onun bir növ texnoloji davamı olan, polietilen istehsalı üçün nəzərdə tutulmuş “Polimir-120” kompleksinin də əsası qoyulmuşdur. Bu unikal komplekslər ona görə xüsusilə qiymətli və daha münasib idi ki, əsas qurğu olan EP-300 üçün xammal kənardan, xaricdən deyil, bilavasitə respublikanın neft emalı zavodlarında istehsal olunan karbohidrogen məhsullarından alınırdı. 
XXI əsrin əvvəllərində - ölkənin müstəqilliyi dövründə daha bir nəhəng kompleks - unikal Buxar-generator qurğusu Yaponiyadan dövlət zəmanəti üzrə kreditlə alınmışdı. Məhz uzaq perspektiv nəzərə alınmaqla inşa olunmuş həmin komplekslərin sayəsində bu gün “Azərkimya” Dövlət Şirkəti müəssisələrinin ahəngdar işi, 8000-dən artıq kimyaçının iş yerlərinin qorunub-saxlanması təmin olundu. Kimya sənayesi müəssisələrinin əksəriyyəti yüksək enerji tutumludurr, onların vahid məhsul istehsalına enerji sərfi xeyli yüksəkdir. Elə kimyəvi məhsullar var ki, onların maya dəyərində elektrik enerjisi və enerjidaşıyıcılarının xüsusi çəkisi, hətta 50 faizdən də çoxdur. 
“Azərkimya” Dövlət Şirkətinin tərkibində olan müəssisələr son illərdə məhsul istehsalının həcminin və keyfiyyətinin artırılması sahəsində yüksək nailiyyətlər əldə etmişdir. Bu isə şirkətin dünya bazarında özünə layiq yer tutmasına zəmin yaradıb. Hazırda Şirkətin müəssisələrində müxtəlif markalı və kifayət qədər yüksək keyfiyyətli kimyəvi məhsullar - polietilen, piroliz qətranı, propilen, texniki və mütləqləşdirilmiş izopropil spirti, propilen oksidi, propilenqlikol, müxtəlif markalı poliefirlər, BDF (butilen-divinil fraksiyası), kaustik soda və xlor, texniki sulfat turşusu və s. istehsal olunur ki, onların da müəyyən hissəsi daxili tələbat üçün, böyük əksəriyyəti isə yaxın və uzaq xarici ölkələrə ixrac üçün nəzərdə tutulub. 
Etilen-polietilen zavodunda istehsal edilən yüksək təzyiqli polietilenə, “Sintez-kauçuk” zavodunun qiymətli məhsulu olan mütləqləşdirilmiş izopropil spirtinə - MİPS-ə beynəlxalq bazarda olan tələbat ildən-ilə artır. Kimya müəssisələrinin digər məhsulları da xarici şirkət və firmalar tərəfindən böyük tələbatla və iri həcmdə alınır.
Hazırda “Azərkimya” markalı kimyəvi məhsullar geniş çeşiddə və iri həcmdə dünyanın bir çox qabaqcıl ölkələrinə, o cümlədən, ABŞ, Almaniya, İngiltərə, İsveçrə, Rusiya, Türkiyə, Polşa, Rumıniya, İran, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan və s. ölkələrə ixrac edilir. Bütün bunlar bugünkü kimya və neft-kimya kompleksinin iftixar doğuran nailiyyətləridir və Azərbaycanın kompleks inkişafının tərkib hissəsidir. 
2003-cü illə müqayisədə əmtəəlik məhsul istehsalı həcmi 2 dəfədən çox artmışdır. Həmin dövr ərzində məhsul ixracı 3,6 dəfə çoxalmışdır ki, bu da respublikaya xarici valyuta axınının ümumi həcmini xeyli artırıb.
Azərbaycan kimyaçıları son illərdə əmək məhsuldarlığını da əhəmiyyətli dərəcədə artırmışlar. Artıq bir işçiyə düşən məhsul istehsalının həcmi rekord səviyyədə-2,57 dəfə çoxalıb. “Azərkimya” Dövlət Şirkəti müəssisələrinin istehsal etdiyi onlarla qiymətli kimya və neft-kimya məhsulları dünyanın ən qabaqcıl və yüksək inkişaf etmiş ölkələrinin nüfuzlu firma və şirkətləri tərəfindən yüksək tələbatla alınır. Təsadüfi deyil ki, məhz Azərbaycan istehsalı olan MİPS onun istehsalçısı olan firma və müəssisələr arasında öz yüksək keyfiyyət göstəricilərinə görə beynəlxalq qurumlar tərəfindən “Arka Avropa” qızıl mükafatına layiq görülüb. Bununla yanaşı, 2009-cu ildə “Üzvi sintez” Zavodu Beynəlxalq Kommersiya Rəhbərləri Klubunun (Madrid) qərarı ilə “Texnologiya və keyfiyyətə görə” beynəlxalq mükafatına, bütünlükdə isə “Azərkimya” Dövlət Şirkəti Beynəlxalq İdarəetmə və Məsləhətləşmə Assosiasiyasının (Fransa) qərarı ilə “Keyfiyyət və biznes prestijinə görə” Qızıl mükafata layiq görülmüşdür.



Oxunub: 390280



Azərbaycan Televiziyaları
İnternet Radio