Baş səhifə    » SON 10 İL    » Enerji təminatında uğurlar   

Enerji təminatında uğurlar

  


Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması üçün 7-si regionlarda olmaqla, 9 müxtəlif tipli elektrik stansiyası ölkə vətəndaşlarının enerji təminatının yaxşılaşdırılmasında müstəsna rol oynadı. Astara, Şəki, Xaçmaz rayonlarında modul tipli elektrik stansiyalarının, Naxçıvan Muxtar Respublikasında 3 elektrik stansiyasının, Sumqayıt şəhərində yeni istilik-elektrik stansiyasının tikintisi başa çatdırılaraq istifadəyə verildi. Təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində görülmüş işlərin nəticəsi olaraq 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa olundu, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə, habelə Ağcabədi, Beyləqan rayonları, Ağdam rayonunun Quzanlı qəsəbəsi və digər  rayonlar təbii qazla təmin edildi.
2004-2008-ci illərdə regionlarda istilik sisteminin yenidən qurulması ilə əlaqədar 75 yeni qazanxana tikildi və 72 qazanxana əsaslı təmir olundu. Mərkəzləşmiş qaydada istiliklə təmin edilməsi nəzərdə tutulan obyektlərin istilik təminatını yaxşılaşdırmaq məqsədilə Bakı şəhərində onlarla qazanxana tikilib istifadəyə verildi, əhalinin qaz təchizatını yaxşılaşdırmaq üçün Sabunçu, Binəqədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Xəzər rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkildi, mövcud qaz kəmərlərində əsaslı təmir və yenidənqurma işləri aparıldı. Proqramın icra olunduğu dövrdə regionlarda 1600 kilometrədək yeni qaz xətləri çəkilərək, ölkədə qazlaşdırmanın səviyyəsi 85 faizə çatdırıldı.
Su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi məqsədilə dövlət investisiya xərcləri hesabına, eyni zamanda beynəlxalq maliyyə təşkilatlarını cəlb etməklə müvafiq layihələr, o cümlədən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, Gəncə, Şəki, Ağdaş və Göyçay şəhərlərinin, habelə ölkədəki kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər davam etdirildi. 720 kilometr yeni su, 210 kilometr kanalizasiya xətləri çəkildi, 23 su anbarı tikildi, 214 artezian quyusu qazıldı. Regionlarda rabitə infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə 632 avtomat-telefon stansiyası, 610 yeni poçt binası istifadəyə verildi.
Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə regionlarda 1000 kilometrdən çox magistral yollar çəkildi və ya əsaslı təmir edildi, 600 kilometr respublika əhəmiyyətli və 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparıldı, 69 yeni körpü tikildi, 34 körpü təmir olundu. Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və sərnişindaşıma xidmətinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə ölkəyə iri və orta tutumlu avtobuslar gətirilərək istismara buraxıldı. Həmçinin Bakıda bir sıra yol qovşağı və piyada keçidi istifadəyə verildi. Sözügedən proqramın icra olunduğu müddət ərzində Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara uyğun yeni hava limanları tikilərək istifadəyə verildi, Lənkəranda yeni dəniz limanının tikinitisi sahəsində isə işlərin xeyli hissəsi başa çatdırıldı.



Oxunub: 590072