Baş səhifə    » SON 10 İL    » Sosial təminatın və sosial infrastrukturun yaxşılaşdırılması   

Sosial təminatın və sosial infrastrukturun yaxşılaşdırılması

  


Azərbaycan dövləti sosial yönümlü siyasət aparır və ölkədə sosial təminatın, sosial infrastrukturun yaxşılaşdırılmasına yönələn ardıcıl proqramlar həyata keçirir. Ölkədə sürətli iqtisadi inkişaf və büdcə gəlirlərinin davamlı artımı sosial xərcləri də müntəzəm artırmağa, kasıblığın səviyyəsini son 5-7 ildə dəfələrlə aşağı salmağa, sosial təminat sistemini möhkəmləndirməyə imkan yaradıb. Dövlət büdcəsinin xərclər hissəsində sosial yönümlü xərclər mühüm paya malikdir. Belə ki, 2012-ci il üçün dövlət büdcəsində sosial xərclər 28 % təşkil edir. Son 7-8 il ərzində ölkədə 11-dən artıq sosial təyinatlı dövlət proqramları həyata keçirilib, onların mühüm bir qismi regionların, digər qismi isə paytaxt Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafını əhatə edir. Təkcə gənclərlə bağlı 2005-2009 və 2011-2015-ci illəri əhatə edən iki Dövlət Proqramı qəbul olunub. Sonuncu proqramın icrasına dövlət tərəfindən 80 milyon manat vəsait ayrılıb. Bütövlükdə büdcədən hər il sosial yönümlü proqramlara ayrılan xərclər ümumilikdə milyardlarla manat həcmindədir.

Ünvanlı sosial yardım
Azərbaycanda sosial təminatın gücləndirilməsi və aztəminatlı sosial təbəqənin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ən mühüm proqramlardan biri də ünvanlı sosial yardım mexanizminin yaradılmasıdır. Bu mexanizm Azərbaycan prezidenti tərəfindən 2005-ci il oktyabrın 25-də imzalanmış qanunla tənzimlənir. Qanunun əsas məqsədi orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə dövlət tərəfindən maliyyə yardımlarının ayrılmasını tənzimləməkdir. Qanuna əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyəti olmaması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

Yoxsulların sayı 5 dəfədən çox azalıb
 İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda davamlı inkişaf və yüz minlərlə yeni iş yerlərinin yaradılması, nəticədə əhalinin orta aylıq gəlirlərinin ardıcıl şəkildə artması ilə paralel ünvanlı sosial yardım mexanizminin tətbiq olunması Azərbaycanda kasıblığın səviyyəsinin ilbəil aşağı düşməsinə imkan verib. Dövlət Statistika Komitəsinin rəsmi statistikasına əsasən yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7%, 2004-cü ildə 40,2%, 2005-ci ildə 29,3%, 2006-cı ildə 20,8%, 2007-ci ildə 15,8%, 2008-ci ildə 13,2%, 2009-cu ildə 10,9%, 2010-cu ildə isə 9,1%, 2011-ci ildə isə 7.6 % təşkil edib. Beləliklə, son səkkiz ildə yoxsul əhalinin sayı 5,2 dəfə azalıb.

Aztəminatlı ailələrin reablitasiyası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2011-ci ilə olan məlumatına əsasən ölkə üzrə ünvanlı sosial yardım alan ailələrin sayı 132 minə yaxın idi. Bu ailələrdə hər ay adambaşına düşən ünvanlı sosial yardımın məbləği 24 manat, hər ailə üzrə orta məbləğ isə 105 manat təşkil edib.  Ünvanlı sosial yardım  mexanizminin qiymətləndirilməsi və onun yoxsulluğa təsirinin öyrənilməsi məqsədilə Dünya Bankının “Pensiya və sosial təminat layihəsi” çərçivəsində ölkə üzrə 6 660 ev təsərrüfatında aparılmış monitorinqin nəticələrinə görə, ünvanlı yardımların təyinatlarında ünvanlılıq prinsipinə 90%-ə qədər əməl olunduğu müəyyən edilib və bu göstərici ünvanlı sosial yardım tətbiq edən ölkələr arasında ən yaxşı nəticələrdən biri kimi qiymətləndirilib. Ünvanlı sosial yardımla yanaşı Azərbaycanda 2011-2012-ci illəri əhatə edən “Aztəminatlı ailələrin sosial reabilitasiyası haqqında” yeni dövlət proqramı da qəbul olunub. Bu proqramın məqsədi aztəminatlı ailələrə dövlət tərəfindən birdəfəlik maliyyə yardımlarının göstərilməsi yoluyla onların kiçik biznes, ailə-kəndli təsərrüfatları yaratmasına dəstək verməkdir. Proqramın həyata keçirilməsi nəticəsində ölkədə aztəminatlı ailələrin sayının daha da azalacağı gözlənilir. Planlaşdırılır ki, gələcəkdə aztəminatlı ailələrin dövlət yardımlarından asılılığı bu proqramın əhatə dairəsinin genişləndirilməsi yoluyla aradan qaldırılsın. 

Sosial ipoteka

Azərbaycanda vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına dair proqramlardan biri də müəyyən sosial qrupların məqbul şərtlərlə mənzil əldə edə bilməsinə yönəlib. Bu məqsədlə  son illər ölkədə sosial ipoteka proqramlarının həyata keçirilməsinə başlanılıb. Sosial ipoteka mühüm sosial proqramlardan biri hesab olunur, bu proqramın məqsədi dövlət vəsaitləri hesabına müəyyən sosial qruplara aşağı bank faizi ilə uzunmüddətli mənzil kreditlərinin ayrılmasıdır. Sosial ipoteka proqramı son illər başlasa da, ona maraq sürətlə artır. Hazırda dövlət büdcəsindən bu proqrama ayrılan vəsaitlərin həcmi 20 milyon manat təşkil edir, ancaq proqramın həyata keçirilməsi üçün məsul olan Mərkəzi Bankda hesab edirlər ki, bu vəsaitlər artan tələbatı ödəməyə kifayət deyil və gələcəkdə bu sahəyə daha çox vəsait ayrıla bilər. Eyni zamanda sosial ipoteka şərtlərinin yüngülləşdirilməsi və faiz dərəcəsinin daha da aşağı salınması istiqamətində müzakirələr gedir. Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun xətti ilə maliyyələşdirilən sosial ipoteka kreditlərinin faiz dərəcəsi illik 4% təşkil edir. Kreditlərin qaytarılması üçün maksimal müddət isə 30 ildir. Azərbaycanda güzəştli ipoteka kreditlərinin verilməsi qaydaları ölkə prezidentinin 2007-ci il 23 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş qanunla tənzimlənir. Güzəştli ipoteka kreditlərinin verilməsi üçün sosial qruplar kimi gənc ailələr və hərbi qulluqçular nəzərdə tutulub. Bu proqram Azərbaycanda gənclərin dəstəklənməsinə yönələn dövlət siyasətinin həyata keçirilməsinin bir hissəsidir. 

Pensiya islahatları və davamlı artım
Hər bir ölkədə olduğu kimi Azərbaycanda da pensiyaçılar ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqə hesab edilir. Son 8 ildə ölkədə bütün növ pensiyaların orta aylıq məbləğində davamlı artım həyata keçirilməkdədir. Həmçinin pensiya təminatı sistemində islahatlar aparılıb və bunun nəticəsində 2011-ci ildə pensiyaların orta aylıq həddində əhəmiyyətli artım baş verib. Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən islahatlar nəticəsində 2011-ci il iyul ayının 1-i tarixindən etibarən pensiya təminatında vahid prinsipin tətbiqinə başlanılıb. Bu islahat nəticəsində Azərbaycanda əhalinin pensiya təminatı vahid sistemə salınıb. Pensiya təyinatında tətbiq olunan yeni qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqları yenidən hesablanaraq təxminən 845 min nəfər əmək pensiyaçısının pensiyası əsaslı şəkildə (təxminən 40 %) artıb. Bu islahatlar çərçivəsində    2011-ci ildə “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərdən sonra bu növ pensiyaların orta aylıq məbləği 28 %-dən çox artaraq 145 manata çatıb. O cümlədən yaşa görə pensiyaların orta məbləği 160 manatı keçib. Bu, MDB respublikaları üzrə yuxarı göstəricilərdən biridir.

Xarici donor və QHT-lərlə tərəfdaşlıq
Azərbaycan hökuməti əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi çərçivəsində beynəlxalq təşkilatlar və donorlar, habelə yerli QHT-lərlə (Qeyri Hökumət təşkilatları) də yaxından tərəfdaşlıq edir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən beş illik Azərbaycanda Sosial İqtisadi İnkişaf Proqramı (SEDA) bu cür tərəfdaşlıq nümunələrindən biridir. SEDA icma əsaslı infrastruktur layihələrinə dəstək vermək və SEDA-nın fəaliyyəti xüsusi seçilmiş hədəf rayonlarında və onlardan kənarda sosial-iqtisadi strategiyalar və proqramlar üçün prioritetlərin irəli sürülməsində maraqlı tərəflərin iştirakını gücləndirmək yolu ilə Azərbaycanda regional səviyyədə sosial-iqtisadi inkişafa təkan verilməsinə yönəlib. SEDA öz proqramlarını Azərbaycan Hökumətinin mərkəzi və yerli qurumları, o cümlədən SEDA-nın əsas hökumət tərəfdaşı olan İqtisadi İnkişaf Nazirliyi, habelə Prezident Administrasiyası, Nazirlər Kabineti, QHT-lərə Dəstək üzrə Dövlət Şurası, eləcə də SEDA-nın fəaliyyət  göstərəcəyi regionların İcra Hakimiyyəti Orqanları və bələdiyyələri ilə sıx əməkdaşlıq etməklə həyata keçirilir.  Bu proqramlar çərçivəsində bir sıra bölgələrdə kənd icma qruplarına, kiçik sahibkarlara biznesin inkişafı, yerli əhəmiyyətli infrastrukturun yaradılması məqsədilə qrantlar ayrılır.

2 mindən çox yeni məktəb, yüzlərlə xəstəxana…

Ölkə üzrə sosial rifahın yüksəldilməsi məqsədilə sosial infrastrukturun inkişafı və yenidən qurulması həyata keçirilməkdədir. Son bir neçə ildə Azərbaycanda 2200-dən çox orta məktəb, 400-dən çox yeni, müasir xəstəxana, 34 olimpiya mərkəzi tikilib. 2012-ci ilə olan məlumatlara əsasən ölkə boyu daha 400-ə yaxın yeni məktəbin, 10 olimpiya kompleksinin və yeni xəstəxanaların tikintisi davam edir. Həmçinin şəxsən ölkə prezidentinin göstərişləri əsasında uşaq bağçalarının sayının artırılması, köhnələrin yenidən qurulması və müasirləşdirilməsi yönündə işlər görülməkdədir. 

Həyata keçirilən və keçirilməkdə olan sosial yönümlü proqramlar, yoxsulluğun səviyyəsinin kəskin aşağı düşməsi, ölkə üzrə sosial infrastruktur layihələrinə yönəldilən vəsaitlər, sosial təminat sisteminin gücləndirilməsinə yönəlmişdir.



Oxunub: 74411