Baş səhifə    » SON 10 İL    » Mədəniyyətin inkişafı   

Mədəniyyətin inkişafı

  


Azərbaycanın sürətli inkişafı mədəniyyət sahəsində də özünü qabarıq şəkildə göstərir. 
2001-ci ildə Mədəniyyət Nazirliyi yaxın 5 il üçün «Azərbaycan mədəniyyətinin dövlət inkişaf proqramı»nı işləyib hazırlamışdır. Proqram Azərbaycanın dövlət mədəniyyət siyasətinin strateji məqsədlərinə nail olunmasına yönəldilmişdir və əsas prioritetlər kimi aşağıdakıları irəli sürülmüşdür:
  •  mədəni və tarixi irsin mühafizəsi;
  •  yaradıcılığın dəstəklənməsi;
  •  sahənin hüquqi, elmi, informativ inkişafı;
  •  kadr hazırlığı və gənc istedadların dəstəklənməsi;
  •  milli kinematoqrafiyanın dirçəlişi və inkişafı;
  •  mədəniyyət turizmi infrastrukturunun yaradılması və inkişafı;
  •  kitab nəşrinin inkişafı.
«Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»na müvafiq olaraq il ərzində müxtəlif tədbirlər həyata keçirilib. 38 kitabxananın veb-saytı yaradılıb, 17 kitabxanada Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi quraşdırılıb. Kitabxana fondları yerli nəşrlərlə, habelə Rusiyada, digər ölkələrdə çap olunmuş müasir nəşrlərlə komplektləşdirilib. Prezidentin 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı”nın icrası ilə bağlı əhəmiyyətli işlər görülüb. Dövlət İncəsənət Muzeyinin Niyazi küçəsi, 11 nömrəli binasında 2009-cu ildə başa çatan təmir-bərpa işlərindən sonra burada bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilib. 
Bundan başqa, Azərbaycanda kino çəkilişlərinə dövlətin qoyduğu vəsait ilbəil artırılır. Belə ki, bu sahəyə 2000-ci ildə 600 min, 2004-cü ildə 850 min, 2005-ci ildə 1 milyon 400 min, 2006-cı ildə 2 milyon, 2007-ci ildə isə 3 milyon 300 min manat vəsait ayrılmışdır. Bu vəsaitə uyğun olaraq əvvəllər 3-4 ildə cəmi 1-2 bədii film çəkilirdisə və ya heç çəkilmirdisə, son 5-6 il ərzində “Ovsunçu”, “Hacı Qara”, “Küçələrə su səpmişəm”, “Arxada qalmış gələcək”, “Girov”, “Əlvida, Cənub şəhəri”, “Cavid ömrü”, “Hökmdarın taleyi”, “Manifest”, “Biz qayıdacağıq” kimi 15 bədii film, habelə bir neçə sənədli və cizgi filmləri çəkilmişdir
2007-ci il fevralın 20-də Prezident İlham Əliyev “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzaladı. Bu sərəncam kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni bir təkan verdi. 
«Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı»nın icrası ilə əlaqədar işlər il ərzində davam etdirilib. Nazirliyin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında «Buta», «Tərsinə çevrilmiş dünya», «Əlavə təsir», “Vəkil haradadır?” filmləri, müstəqil kino şirkətlərində «Sahə», “Ölüm növbəsi”, “Aktrisa”, ”Kabusun gözüylə» filmləri çəkilib. Hazırda «Qisas almadan ölmə», «Ondan yaxşı qardaş yox idi», “Mən evimə qayıdıram”, “Dolu”, “Canlı” bədii filmləri üzərində işlər davam edir. “Onun ürəyi” qısametrajlı musiqili nağıl filmi üzərində işlər başa çatmaq üzrədir.
«Salnamə» və “Yaddaş” studiyalarında bir sıra sənədli filmlər - «İz...Qala», “Qafqaz qartalının uçuşu”, “Neft akademiyası”, “Qarabağa gedən yollar”, görkəmli sənət adamlarından Tahir Salahov, Elmira Şahtaxtinskaya və Cənnət Səlimovaya həsr olunmuş ekran əsərləri çəkilib. Milli Kino Həftəsi keçirilib. 
Özbəkistanda “Azərbaycan kinosu həftəsi”, Bakıda isə “Özbəkistan kinosu həftəsi”, həmçinin Rusiya kinosu günləri, Avropa filmləri festivalı, Yaponiya, Türkiyə kinosu həftələri gerçəkləşib. “Bu meydan, bu ekran” və “Vətən and yerimizdir” kino layihələri müsabiqələri keçirilib və onların nəticələrinə əsasən qısametrajlı bədii filmlər çəkilir. Kino sahəsində gənclərlə işə xüsusi diqqət ayrılır. İl ərzində kino istehsalına ayrılan ümumi vəsaitin 63 faizi debütantların filmlərinə yönəldilib.
2011-ci il fevralın 14-də isə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bazasında “Mədəniyyət” kanalı fəaliyyətə başladı.
Bundan başqa, son illərdə Azərbaycanda müxtəlif beynəlxalq musiqi müsabiqələrinin keçirilməsi, musiqi janrlarının - həm milli muğam, həm də milli klassik və instrumental ifaçılıq, yaxud ifaçılığın digər növlərinin xüsusi maraq obyektinə çevrilməsi, Beynəlxaq Muğam Mərkəzinin yaradılması, Avrovizion Mahnı Müsabiqəsindəki qalibiyyət Azərbaycanda mədəniyyətin sürətli inkişafının və ona dövlət qayğısının əsas göstəricilərindəndir. 



Oxunub: 81143