Baş səhifə
» SON 10 İL
» Qeyri-neft sektorunun inkişafı
Qeyri-neft sektorunun inkişafıPrioritet sahələr İnkişafı təmin edən tədbirlər və proqramlar Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün ölkə prezidentinin sərəncamları və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli dövlət kreditlərinin ayrılmasına, kənd təsərrüfatına subsidiyaların yönəldilməsinə, ölkə boyu nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollarlıq vəsait xərclənib. Bu xərcləmələr çox keçmədən öz bəhrəsini verməyə başlayıb və iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olub. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası iqtisadi rayonlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər proqramlar qəbul olunub. Bu proqramlar uğurla icra olunmaqdadır. Qlobal iqtisadi böhran dövründə sensasiyalı artım Beynəlxalq Valyuta Fondu qeyri-neft sektorunda yüksək artım tempi müşahidə edir Qeyri-neft sektorunda artım tendensiyası 2011-ci ildə də davam edib. Həmin il qeyri-neft ÜDM-in artımı 9.5 faiz təşkil edib, ilin 11 ayı ərzində ümumilikdə 45,5 milyard manatlıq ÜDM istehsal olunub ki, bunun da təqribən 21,5 milyard manatı və ya 47%-i qeyri-neft ÜDM-in payına düşüb. Nəticədə son illərdə ilk dəfə olaraq qeyri-neft sektorunda istehsal olunan ÜDM-in həcmi ilə neft sektorundakı ÜDM arasında tarazlıq yaranıb. 2011-ci ildə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 475,1 milyon manat təşkil edib. Bunun 2 .9 milyard manata yaxını qeyri-neft sektorunun payına düşüb ki, bu da 2010-cu ilə olan göstəricidən 22 faiz çox idi. Beynəlxalq Valyuta Fondunun hesabatında deyilirdi ki, 2011-ci ildə Azərbaycanda qeyri-neft iqtisadiyyatı yüksək artım tempini davam etdirmiş və yaxın müddət üçün iqtisadi perspektivlər bütövlükdə müsbətdir. Fondun bildirdiyinə görə, qeyri-neft sektorunda, əsasən, tikinti və xidmət sahələrinin hesabına qeydə alınan 9.5 faiz artım 2011-ci ildə neft hasilatının texniki səbəblərlə bağlı 10 faiz azalmasını, demək olar ki, tam kompensasiya etmişdir. Hesabata görə Azərbaycanda iqtisadi perspektivlərlə bağlı olan risklər, əsasən, balanslaşdırılmışdır və BVF-in Bakıdakı missiyası avro zonada yaşanan böhranın Azərbaycanın iqtisadiyyatına birbaşa təsirlərinin məhdud olacağını gözləyir. Növbəti 3 ildə orta hesabla 8 faizlik artım proqnozları 2012-ci ildə isə BVF Azərbaycanda qeyri-neft sektorunun 6 faiz artacağını proqnozlaşdırılır. İqtisadi İnkişaf Nazirliyi isə 2012-ci ildə iqtisadi artımın əsasən qeyri-neft sektorunun hesabına təmin ediləcəyini və bu sektorun artımı 8,6 faiz səviyyəsində olacağını proqnozlaşdırır, növbəti üç ildə isə qeyri-neft ÜDM-inin artımı orta hesabla 8 faiz təşkil edəcək. Azərbaycanda diversifikasiya üzrə aparılan uğurlu iqtisadi siyasət 2015-ci ildə neft sektorunun ÜDM-də payının 29,3 faizə qədər azalmasına gətirib çıxaracaq. Nəticədə qeyri-neft sektorunun ÜDM-də payı 2015-ci ildə 44,4 faizdən 61,3 faizə çatacaq. (Qeyd edək ki, 2010-cu ilə aid olan rəqəmlərə görə neft sektorunun ÜDM-də payı 48,5 faiz təşkil edirdi.) Ölkə prezidentinin 2012-ci ilin əvvəllərində hökumət qarşısında qoyduğu yeni vəzifəyə əsasən 2004-cü ildən bu yana 300 faizdən çox artan Ümumi Daxili Məhsul (ÜDM) qarşıdakı 10 ildə daha iki dəfə artmalıdır. Lakin bu artım əsasən qeyri-neft sektorunun hesabına baş verməlidir. Dünya Bankının proqnozlarında da deyilir ki, Azərbaycan iqtisadiyyatının yaxın və orta perspektivlərdə inkişafı məhz qeyri-neft sektoru hesabına baş verməlidir. Sektorun inkişafı ölkənin beynəlxalq reytinqini yüksəldir Azərbaycanda qeyri-neft sektorunun son illər ərzində müşahidə edilən davamlı inkişaf tendensiyası beynəlxalq reytinq agentlikləri tərəfindən ölkənin reytinqinin yüksəltməsində də əsas kimi nəzərə alınır. 2012-ci ilin aprelində «Moody’s İnvestors Service» beynəlxalq reytinq agentliyi Azərbaycanın müstəqil reytinqini «Ba1»-dən «Baa3» həddinə qədər yüksəldib. Bu zaman Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı da reytinqin yüksəlməsinə səbəb olan amillərdən biri kimi göstərilib. Agentlik qeyd edir ki, hökumət Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə özəl sektoru fəal dəstəkləyir. Bu fond vasitəsilə təkcə 2010-cu ildə 100-dən çox şirkətə 125 milyon dollar məbləğində güzəştli kreditlər ayrılıb. Həmçinin 2011-ci ilin dekabr ayında digər nüfuzlu beynəlxalq reytinq agentliyi “Standart & Poor’s” Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren kredit reytinqini bir pillə artıraraq “BBB-“ səviyyəsinədək qaldırıb və bununla da Azərbaycana investisiya reytinqi verib. Agentlik, həmçinin, Azərbaycanın xarici və daxili valyutada qısamüddətli suveren kredit reytinqini də bir pillə artaraq “B” səviyyəsindən “A-3” səviyyəsinə çatdırıb. Bu zaman əsas amillərdən biri kimi qeyri-neft sektorunda davamlı inkişaf nəzərə alınıb. Həmçinin iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına yönələn strategiyanın nəticələri olaraq Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatın rəqabətə davamlılığına görə 55-ci, MDB-də isə birinci yerdə göstərilib. Beləliklə, Azərbaycan özünün zəngin neft-qaz ehtiyatlarından uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün uğurla faydalanmaqdadır. “Qara qızıl”ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, neft-qaz gəlirlərindən istifadə etməklə gələcəkdə bu gəlirlərdən asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyat qurulması strategiyası öz nəticələrini verməkdədir.
|