Baş səhifə
» TURİZM
» Tarixi turizm obyektləri
» Qax
QaxCinli qala Qala İlisu kəndinə gedən şosse yolun sağ tərəfində, Kürmükçayın sol sahilində, qayanın üstündə inşa olunmuşdur. İlisu kəndindən 5 kilometr aralıdakı qalanın yerləşdiyi dağın yaxınlığındakı dərəni yerli əhali Qala dərəsi adlandırmışdır. Qalanın inşa tarixi VII-IX əsrlərə aid edilir. Qaya çıxıntısı üzərində inşa olunmuş qala bütövlüyünü qoruyub saxlamışdır. Bu istehkam tipli tikili qala bürcləri və divarlardan ibarətdir. Bürc və divarlarda ətraf ərazini müşahidə etmək üçün və həm də atıcı silahlardan istifadə etmək üçün mazğallar vardır. Ulu körpü Ulu körpünü təxminən XVII-XVIII əsrlərə aid etmək olar. Körpü Kürmük çayının axarının daraldığı yerdə, qaya çıxıntıları üzərində, çay daşından, əhəng məhlulundan və əsasən də bişmiş kərpicdən tikilmişdir. Körpünün tikintisində bütün kənd əhli iştirak etmişdir. Ulu Körpünün tikintisində inşaat materialları ilə yanaşı duru məhlul kimi yumurta sarısından da istifadə edilmişdir. Adları hələlik naməlum qalan mahir İlisu ustalarının inşa etdikləri körpüdən indi də istifadə olunur. Həsən xan qalası Qala Qaxbaş kəndinin yaxınlığında, Kürmük çayının sağ sahilindədir. Bürclərdən və qala divarlarından ibarətdir. Müdafiə təyinatlı obyekt hesab olunur. Bürclərdə iki sıra mazğal və pəncərə yerləri, divarlarda isə mazğallar vardır. Qala çay daşı və əhəng məhlulundan tikilmişdir. Qalanın inşa tarixi XIX əsrə aid edilir. Qalaça (Şamil qalası) İnşa tarixi XIX əsrin ortalarına aid edilən bu abidə İlisu kəndini əhatə edən dağlardan birini, Yezlidağın üstündə tikilib. Dairəvi formada inşa olunan qalaçanın diametri 7,4 metrə yaxındır. Çay daşı və əhəng məhlulu ilə tikilmiş qalaçanın ətrafı boyunca atəş açmaq və müşahidə aparmaq üçün mazğallar vardır. Qalaçada İlisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür. Kənddən qalaçaya araba yolu salınmışdır. Qalaça yerli əhali arasında həm də Şamil qalası kimi də tanınır və maraqlı tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Hacı Tapdıq və Şeyx Yunis İmrə məqbərəsi Bu abidələr Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
|