Baş səhifə    » FƏLSƏFƏ    » XV-XVI əsrlərdə fəlsəfə    » Xəlvətilik və səfəvilik əqidəsi   

Xəlvətilik və səfəvilik əqidəsi

  

Hürufilik kimi xəlvətilik də Azərbaycanda sufilik zəminində yaranmış və ən geniş yayılmış təriqətlərindən biridir. Bu təlimə işraqilik də geniş təsir göstərmişdir. Tədqiqatçılar Xəlvətilik təriqətinin inkişaf prosesini tarixi olaraq dörd hissəyə bölürlər:
1.Əbülqahir Sührəverdidən – İbrahim Gilaniyə qədərki dövr (X-XIII əsrlər)
2.İbrahim Gilanidən-Ömər Xəlvətiyə qədərki dövr (XIII-XIV əsrlər)
3.Ömər Xəlvətidən-Seyid Yəhya Bakuviyə qədərki dövr (XIV-XV əsrlər)
4.Seyid Yəhya Bakuvidən sonrakı dövr (XV əsrdən sonrakı dövr (yayılma və şöbələşmə dövrü))
Şeyx İbrahim Gilanidən sonra onun davamçıları tərəfindən xəlvətilik və səfəvilik təriqətləri kimi tanınan Azərbaycan mənşəli iki böyük təsəvvüf məktəbi qurulmuşdur. Səfəvilik təriqəti Azərbaycandan sonra ən geniş şəkildə Anadoluda yayılmışdır. XV əsrdə Anadoluda səfəvilikdən
bayramilik, bayramilikdən şəmsilik, məlamilik və daha sonra xəlvətilik təriqətləri çıxmışdır.
Səfəviliklə eyni silsilə və əsaslara sahib olan xəlvətilik təriqətinin Şirvanşahlar dövləti və cəmiyyəti tərəfindən rəğbətlə qarşılanmasının səbəbləri öz-özünə ortaya çıxır. Şeyx Cüneydin şəxsində siyasi bir şəxsiyyətə qovuşan səfəvilik Şirvanşahlar dövləti üçün təhlükə olmağa başlayan kimi, eyni motivləri daşıyan xəlvətilik təriqəti əhəmiyyət qazanmış oldu. Şirvanşah I Xəlilullah xan (1417-1465) və Şirvanşah Fərrux Yəsar xan (1465-1500) tərəfindən tətbiq olunan bu siyasət 1500-cü ilə qədər öz nəticəsini vermişdi.
Şah İsmayıl Xətayi tərəfindən Şirvanşahların tabe edilməsindən sonra xəlvətiliyin burada fəaliyyəti zəifləmiş və XVI əsrin ortalarına yaxın yox olmağa başlamşdır. XVI əsrdə yarandığı torpaqlardan uzaqlaşdırılan, Şirvan təsəvvüf məktəbi olan xəlvətilik hələ XV əsrin ortalarında Seyid Yəhyanın müridləri tərəfindən Anadoluda yayılmağa başlamışdı. Şah İsmayılın Təbrizdə taxta çıxdığı və Azərbaycanda Səfəvilər sülaləsi hakimiyyətə gəldiyi tarixdə xəlvətilik Anadoludan sonra İstanbula yetişmiş və daha sonra o, yönümə öz adını verən Qoca Mustafa Paşa xanəgahında fəaliyyət göstərmişdir.
Xəlvətilik səfəvilərin hakimiyyəti dövründən Şirvanda varlığını qoruya bilsə də ,ancaq Təbrizdə fəaliyyətini davam etdirə bilmədi. İslam mədəniyyəti tarixində türklük rəngi qabarıq olan xəlvətilik təsəvvüf məktəbi Hz.Əli və əhli-beyt sevgisini daşıyan sünni bir təriqətdir. Xüsusilə, xəlvətiliyə aid qol və şöbələrin qurucuları incələndiyi zaman hamısının türk mənşəli olmasının şahidi oluruq. Tarixə nəzər saldıqda xəlvətiliyin Azərbaycanda, xüsusilə Bakı, Şamaxı, Qarabağ və Təbriz kimi mərkəzlərdə, Anadolu, Şimali Afrika və Balkanlarda etnik baxımdan tamamilə türk olan şəxslər tərəfindən yayılması və inkişaf etdirilməsini görünür.
  Xəlvətilik cərəyanında məqamlar Allahın adından seçilmişdir. Buraya yeddi ad daxildir: La ilahə illəllah (Allahdan başqa ilahi yoxdur), Allah, Huva (O), Haqq, Həyy (Əbədi canlı), Qəyyum (Əbədi mövcud) və Qəhhar (Hər şeyə qadir). Xəlvətilik yolçusu bu yeddi ada uyğun və onları dərk edə-edə yeddi kamillik mərtəbəsindən keçməlidir.



Oxunub: 493584