Baş səhifə    » SON 10 İL    » Xarici siyasət   

Xarici siyasət

  


Xarici siyasətdəki nailiyyətlər

Coğrafi baxımdan Qərb ilə Şərqin kəsişməsində, zəngin neft-qaz ehtiyatlarına malik olan, dünyanın aparıcı dövlətlərinin maraqlarının kəsişdiyi bölgədə yerləşən Azərbaycan üçün xarici siyasətin düzgün seçilməsi ölkənin müstəqilliyinin qorunub saxlanmasında və möhkəmləndirilməsində başlıca amillərdən biri olaraq qalır. Azərbaycan kifayət qədər mürəkkəb, eyni zamanda strateji əhəmiyyətli bölgədə yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən bir tərəfdən öz milli maraqlarını qorumaq və bölgənin aparıcı dövləti statusunu saxlamaq, digər tərəfdən bölgədə maraqları olan bütün dövlətlərlə, habelə qonşularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq kriteriyalarından çıxış edir. Azərbaycanın uğurla davam edən xarici siyasətinin əsas istiqamətləri kimi aşağıdakılar göstərilə bilər:
- Bazar iqtisadiyyatı və qanunun aliliyinə əsaslanan plüralist demokratiyanı inkişaf etdirmək;
- Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tezliklə bərpa edilməsi, təhlükəsizliyinin, siyasi müstəqilliyinin təmin olunması, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması;
- Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması;
- Qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsi;
- Regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi;
- NATO, Avropa Birliyi, Qərbi Avropa İttifaqı və Avropa Şurası da daxil olmaqla Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya;
- Azərbaycanın Qərb və Şərqin qovşağında yerləşməklə mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını sürətləndirmək;
Ötən 10 il ərzində Azərbaycan dövləti bu məqsədlərə nail olmaq istiqamətində ciddi nailiyyətlərə imza atıb. Aparılmış təhlillərə əsasən bu nailiyyətlər bir neçə vacib amilə söykənir. Bura Azərbaycanda daxili siyasi stabilliyin təmin olunması və uzunmüddətli xarakter alması, iqtisadiyyatda əldə edilmiş uğurlar və bunun təsiri ilə dövlətin iqtisadi qüdrətinin artması, beləliklə də xarici asılılığın tamamilə aradan qalxması, ölkənin xarici siyasət kursunu müəyyən edən şəxsin-dövlət başçısının milli maraq və mənafelərinin qorunmasını əsas şərt kimi ortaya qoyması və nəhayət xarici siyasətdə peşəkar yanaşmanın gücləndirilməsi daxildir. Düzgün xarici siyasət yürüdülməsi nəticəsində həm Azərbaycanın bölgədə aparıcı dövlət olması faktı reallığa çevrildi, həm də region, Avropa və Asiya qitələri üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat infrastrukturunun, yeni enerji layihələrin təməli qoyuldu. 

Uğurlu regional siyasət: Bakı-Tbilisi-Qars dəmir yol layihəsi
Ötən 10 il ərzində Azərbaycanın xarici siyasətinin ən mühüm nailiyyətlərindən biri kimi Bakı-Tbilisi-Qars dəmir yol layihəsinin reallaşması göstərilə bilər. Azərbaycanın seçdiyi strateji kursa uyğun olaraq meydana çıxan bu layihə barədə danışıqlara 1993-cü il 26-29 iyul tarixində Türkiyə və Gürcüstan arasında nəqliyyat üzrə Qarışıq Komissiyasının Ankara şəhərində keçirilmiş iclasında başlanılmışdı. Sonradan bu layihə üzrə danışıqlar dayanmışdır. 2002-ci il 20-21 iyul tarixlərində Türkiyə-Gürcüstan Nəqliyyat Nazirlərinin Türkiyənin İstanbul şəhərində keçirilmiş iclasında Qars-Axalkalaki dəmir yolu layihəsinin həyata keçirilməsi barədə imzalanmış protokolda layihə üzrə hazırlıq işlərinə başlanılması nəzərdə tutulmuş, lakin bu layihənin həyata keçirilməsi istiqamətində heç bir irəliləyişə nail olunmamışdır.
Nəhayət Azərbaycan bu strateji əhəmiyyətli layihənin reallaşması üçün diplomatik səyləri artırdı və onu regional siyasətinin əsas prioritetlərindən biri halına gətirdi. 2004-cü il iyunun 14-də Tiflisdə Gürcüstanın Prezidenti Mixail Saakaşvili ilə birgə keçirmiş mətbuat konfransında prezident İlham Əliyev Gürcüstandan Türkiyəyə dəmir yolu layihəsinin həyata keçirilməsinin vacibliyini və dəstəklədiyini, Azərbaycanın bu layihədə iştirak etməyə hazır olduğunu bildirmişdir. 2004-cü il 02-05 avqust tarixlərində Ankarada keçirilmiş Azərbaycan-Türkiyə nəqliyyat əlaqələrinin inkişafı və Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə danışıqlara həsr olunmuş görüşdə, tərəflər ilk növbədə, mühəndis-axtarış işlərinin aparılması və uyğunlaşma layihəsinin hazırlanması barədə razılığa gəlmişlər. 2004-cü il 28 dekabr tarixində layihə ilə bağlı növbəti görüş keçirilmiş və Birgə İşçi Qrupu yaradılmışdır. Nəhayət 2005-ci il 25 may tarixində, Bakı şəhərində Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası prezidentlərinin Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin həyata keçirilməsinin sürətləndirilməsi haqqında birgə Bəyanatı imzalanmışdır. 
Azərbaycanın aparıcı ölkə kimi yer aldığı bu layihənin əhəmiyyəti təkcə iqtisadiyyatla bağlı olmadığından və onun daha çox geosiyasi xarakter daşımasından narahat olanlar da boş dayanmırdı. Ermənistan və Qərb ölkələrindəki erməni lobbisi bu layihənin Ermənistanı regionda daha da təcrid olunmuş duruma salacağı barədə hay-küy qaldıraraq onun reallaşmasını əngəlləməyə yönələn səylər göstərirdi. Məhz erməni lobbisinin səyləri nəticəsində ABŞ Konqresi Birləşmiş Ştatların Exİm bankının Bakı-Tbilisi-Qars  dəmir yolunun tikintisinə kredit ayırmasına qadağa qoydu. Lakin Azərbaycan kifayət qədər cəsarətli siyasi gediş edərək Gürcüstana bu layihənin maliyyələşdirilməsi üçün aşağı faizli kredit ayırdı. Beləliklə də layihəni əngəlləməyə yönələn cəhdlər fiaskoya uğradı. 2007-ci il fevralın 7-də, Tbilisi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Gürcüstanın Prezidenti Mixail Saakaşvilinin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə layihənin həyata keçirilməsinə dair sazişlər imzalanmışdır. Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin əhəmiyyətini artıran bağlantı kimi bu layihənin həyata keçirilməsi Azərbaycanın bölgədəki mövqeyini daha da gücləndirəcək, onun mühüm tranzit ölkəsi statusunu möhkəmləndirəcək.

Azərbaycan - Avropa tərəfdaşlığı
Ötən 10 ildə Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı ölkənin təhlükəsizlik ehtiyacları çərçivəsindən kənara çıxaraq iqtisadi, siyasi və sosial sahələrdə də genişlənib. Avropa Qonşuluq Siyasəti çərçivəsində 2006-cı ildə Aİ-Azərbaycan Fəaliyyət Planı qəbul edilib, bu plan Azərbaycan və Aİ arasında siyasi dialoqu gücləndirir, siyasi, iqtisadi və institusional islahatlar sahələrində əməkdaşlığı inkişaf etdirir, əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün əsaslar yaradır. Aİ-Azərbaycan Fəaliyyət Planının yerinə yetirilməsi Aİ ilə Azərbaycan arasında qarşılıqlı siyasi və iqtisadi asılılığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Sonradan  Azərbaycan  Aİ-nın Şərq Tərəfdaşlığı Təşəbbüsünə qoşulan aparıcı ölkələrdən biri olub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından strateji əhəmiyyəti, onun regionun aparıcı dövləti olması Aİ ilə tərəfdaşlığın xüsusi çəkisini daha da artırıb. Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Cənubi Qafqaz qaz kəməri kimi regional infrastruktur layihələrinin uğurla həyata keçirilməsi Azərbaycanın Avropa üçün əhəmiyyətini daha da artırıb, Avropa və qlobal enerji təhlükəsizliyinə töhfə vermiş və Avropa üçün yeni, həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoymuşdur. Yalnız enerji istehsalçısı və ixracatçısı kimi deyil, eyni zamanda, vacib tranzit ölkəsi kimi Azərbaycanın regionun mərkəzi oyunçusu və beynəlxalq arenada əhəmiyyətli aktor olaraq imkanları getdikcə artır. 
Azərbaycanın nəinki Avropa, eyni zamanda dünyanın aparıcı dövləti olan ABŞ-la 2000-ci illərin əvvəllərindən, 11 sentyabr terror hücumlarından sonra genişlənən strateji tərəfdaşlıq münasibətlərində də önəmli nəticələr əldə edilib. Belə ki, Azərbaycan ABŞ-ın terrora qarşı qlobal mübarizədə ən mühüm tərəfdaşlarından biri olaraq qalıb. Əfqanıstan və İraqda beynəlxalq sülhməramlı əməliyyatlara dəstək verib. Azərbaycan sülhməramlı qüvvələri İraqda 2008-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələri ilə yanaşı öz beş illik hərbi xidmətini uğurla başa vurub. Birləşmiş Ştatlar Azərbaycana Amerikanın maraqlarını və xarici siyasətini müəyyən edəcək üç regionun – Yaxın Şərq, Avropa və Asiya regionlarının kəsişdiyi yerdə yerləşən strateji tərəfdaş kimi baxır.
                                                                             
Cənubi Qafqaz regionu və Azərbaycan 
2008-ci ilin avqustunda Cənubi Qafqaz regionunda yaranan son dərəcədə kritik vəziyyət isə (5 günlük avqust müharibəsi) şübhəsiz ki, Azərbaycanın xarici siyasəti üçün kifayət qədər ciddi sınaq idi. Ancaq o vaxta qədər xarici siyasətdə Azərbaycanın milli maraqları üzərində qurulmuş balanslı yanaşma strategiyasının özünü doğrultması sayəsində bu sınaqdan uğurla çıxmaq mümkün oldu. Həmin vaxt Rusiya ilə Gürcüstan arasında hərbi münaqişə qəfil alovlananda Azərbaycan kritik seçim qarşısında qalmışdı. Belə ki, Azərbaycan üçün həm Rusiya kimi böyük dövlətlə strateji tərəfdaşlıq münasibətlərini saxlamaq, həm də öz strateji müttəfiqi Gürcüstanı tək qoymamaq vəzifəsi qarşıda dayanmışdı. Həmin kritik 5 günlük müharibə dövründə Azərbaycan Rusiya ilə mövcud olan tərəfdaşlıq münasibətlərindən istifadə edərək Gürcüstan ərazisində Azərbaycan neftinin və qazının nəqlini həyata keçirən strateji əhəmiyyətli kəmərlərin, terminalların təhlükəsizliyinin təmin olunmasına nail oldu. Digər tərəfdən Azərbaycan Gürcüstana mümkün olan dəstəyi verdi. Çünki Gürcüstanın müstəqilliyinin və suverenliyinin qorunub saxlanması Azərbaycanın bölgədəki maraqları üçün həyati əhəmiyyət kəsb edirdi.

Azərbaycan və Türkiyə-Ermənistan protokolları
Nəhayət 2009-cu ilin aprelində ölkəmizin ən yaxın strateji müttəfiqi, qardaş ölkə Türkiyə Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanla münasibətlər yaratmaq, sərhədləri açmaq ərəfəsində olanda Azərbaycanın xarici siyasəti növbəti ciddi sınaqla üzləşdi. Azərbaycanın ən yaxın müttəfiqinin bu addımı hər iki ölkə ictimaiyyətinin geniş etirazı ilə müşaiyət olunurdu. Həmin ərəfədə bölgədə diplomatik təmaslar intensiv xarakter almışdı, Azərbaycanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırması üçün Qarabağ münaqişəsinin nizamlanması şərtindən geri çəkilməsi üçün ona hər tərəfdən təzyiqlər göstərilirdi. Türkiyə-Ermənistan protokollarının mətni razılaşdırılıb başa çatdırılmışdı və 2009-cu il aprelin 7-də İstanbulda ABŞ prezidentinin, dövlət katibinin iştirakı ilə keçirilən “Mədəniyyətlər İttifaqı” forumu çərçivəsində onların paraflanması baş verməliydi. Həmin foruma Azərbaycan prezidenti də dəvət edilmişdi. Foruma qatılmaq və protokolların paraflanmasına şahidlik etmək üçün ABŞ prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton, habelə Türkiyə liderləri prezident İlham Əliyevə telefon zəngləri edirdi. Lakin Azərbaycan onun milli maraqlarını təhlükə qarşısında qoyan bu təşəbbüsə dəstək verə bilməzdi və prezident İstanbula getməkdən imtina edib Bakıda Təhlükəsizlik Şurasının iclasını çağırmışdı. Həmin iclasda prezident aşağıdakı bəyanatla çıxış etdi: “Bizim ölkəmiz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmayıb, qarışmır və gələcəkdə də bizim belə niyyətimiz yoxdur. Eyni zamanda Azərbaycan başqa ölkələr arasındakı ikitərəfli münasibətlərə heç vaxt müdaxilə etməyib və etməyəcək. Ancaq bununla bərabər regionda yaranan, yaxud da yarana biləcək vəziyyətə uyğun şəkildə öz siyasətimizi aparmaq bizim təbii hüququmuzdur və bu hüquqdan istənilən formada istifadə edəcəyik”.
Məhz bölgədə maraqları olan bütün dövlətlərlə qarşılıqlı maraqlar üzərində qurulan bərabərhüquqlu tərəfdaşlıq strategiyası imkan verdi ki, Azərbaycan həmin kritik situasiyada öz xarici siyasətində uğurlu manevrlər edərək onun milli maraqlarına qarşı olan təşəbbüsün həyata keçirilməsinə imkan verməsin. Beləliklə, Türkiyə-Ermənistan protokolları imzalansa da onun həyata keçirilməsi baş vermədi, Türkiyə Azərbaycanın maraqlarına qarşı yönələn heç bir addım atmayacağına dair qəti mövqeyini ortaya qoydu. Bir daha təsdiqləndi ki, Azərbaycan bölgənin aparıcı dövlətidir və onun iştirakı, razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz.

Azərbaycan və BMT Təhlükəsizlik Şurası
Azərbaycanın ötən il böyük səs üstünlüyü ilə dünyanın ən nüfuzlu qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi isə onun ötən 10 il ərzində yeritdiyi xarici siyasətin əsas nailiyyətlərindən biridir. Bu nəticənin əldə edilməsində Azərbaycanın fəal xarici siyasət aparması, xarici ölkələrdəki diplomatik təmsilçiliklərinin sayını dəfələrlə artırması, coğrafi baxımdan uzaqda yerləşməsinə baxmayaraq yeni-yeni ölkələrlə uğurli ikitərəfli münasibətlərin formalaşdılması, nəhayət BMT Baş Assambleyası çərçivəsində intensiv iş, effektiv lobbiçilik və çoxsaylı xarici səfərlər əsas rol oynayıb. Nəticədə 2011-ci il oktyabrın 25-də Azərbaycan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına üzv seçildi. Səsvermə prosesi kifayət qədər gərgin olub, kəskin rəqabət şəraitində keçib və nəhayət Azərbaycanın rəqibi Sloveniya kifayət qədər səs toplaya bilməyəcəyini görüb namizədliyini geri çəkib. Bundan sonra keçirilən səsvermədə Azərbaycanın lehinə 155 ölkə səs verib, 24 ölkə bitərəf qalıb. Dünyanın 155 ölkəsinin Azərbaycanı bu səsvermədə dəstəkləməsi böyük diplomatik uğur kimi hamı tərəfindən tanınıb. Bu səsvermə Azərbaycanın təkcə region üçün deyil, dünya üçün önəmli ölkələrdən biri olduğunu ortaya qoyub. Sonradan məlum olub ki, Ermənistan da əvvəlcə BMT Təhlükəsizlik Şurasına seçilmək iddiasına düşüb, ancaq heç bir şansı olmadığını görərək bəri başdan öz namizədliyini geri çəkib.
Beləliklə, ötən 10 ildə Azərbaycanın xarici siyasətində əldə edilmiş nailiyyətlər onun regionda və dünyada yerini möhkəmləndirib. Azərbaycan istər regional və  qlobal təhlükəsizliyin təmin edilməsində, istər enerji təhlükəsizliyinə nail olunmasında etibarlı, stabil tərəfdaş kimi qəbul olunur. Azərbaycanın xarici siyasətinin uğurlu olması ona şərait yaradır ki, bir çox xarici ölkələrə irihəcmli investisiyalarını yatırsın, beləliklə də söz sahibinə çevrilsin və öz nüfuzunu daha da gücləndirsin. 

Xarici diplomatiyanın inkişafı 
2000-ci illərin ortalarından başlayaraq Azərbaycan diplomatik təmsilçiliklərinin sayını davamlı olaraq artırmaq strategiyasını həyata keçirməyə başlayıb. Dövlətin iqtisadi qüdrətinin artması imkan yaradıb ki, Azərbaycan daha çox ölkədə öz səfirliklərini yaratsın. Son illər, xüsusilə 2004-cü ildən başlayaraq ötən dövr ərzində Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin, diplomatik korpuslarının sayı təxminən 3 dəfədən çox  artıb. Hazırda Azərbaycanın xaricdə 71 diplomatik nümayəndəliyi, o cümlədən beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 8 konsulluğu, 2 ölkədə səfirliklərin nümayəndəlikləri və 3 fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycan səfirliklərinin yerləşmə coğrafiyası da xeyli genişlənib və Avstraliya istisna olmaqla dünyanın bütün qitələrini əhatə edib. O cümlədən Argentinada, Paraqvayda, Tailandda, Şri Lanka kimi uzaq ölkələrdə səfirliklər açılıb. Azərbaycanın xaricdəki diplomatik təmsilçiliklərinin sayının daha da artırılması planlaşdırılır. Xaricdəki diplomatik təmsilçiliklərinin sayının artırılması ilə yanaşı onları peşəkar kadrlarla təmin etmək zərurəti meydana çıxır. Bu zərurətdən irəli gələrək, 2006-ci ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində diplomatik kadrlar hazırlayan Azərbaycan Diplomatik Akademiyası yaradılıb. 

Azərbaycanın hücum diplomatiyası
Xarici siyasətin daha dinamik forma alması, bu siyasəti həyata keçirən qurumlar arasında koordinasiyanın gücləndirilməsi üçün Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin Bakı müşavirələrinin ənənəsi qoyulub. İlk belə müşavirə 2004-cü il iyulun 27-də keçirilib. Həmin müşavirədə çıxış edən prezident İlham Əliyev səfirlərin qarşısında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün informasiya sahəsində “hücum diplomatiyası” vəzifəsini qoyub. Təsadüfi deyil ki, hücum diplomatiyası sayəsində uzun illər Azərbaycana qarşı informasiya müharibəsi aparan erməni lobbisi son illər müdafiə taktikası seçməli olub. İndi Ermənistan rəhbərliyində də etiraf edirlər ki, Azərbaycan informasiya, təbliğat diplomatiyasında daha güclü mövqedədir. Azərbaycanın diplomatik təmsilçilikləri ilə xaricdəki diaspor təşkilatları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi qarşıya məqsəd kimi qoyulub, bunun sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi istiqamətində vəziyyət müsbətə doğru xeyli dəyişib.



Oxunub: 274358



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on