Baş səhifə    » SON 10 İL    » Ordu quruculuğu   

Ordu quruculuğu

  


Regionun ən güclü silahlı qüvvələri 

Azərbaycan 3.3 milyard dolları keçən illik hərbi büdcəsi, ən yeni texnologiyalara əsaslanan hərbi texnika və döyüş vasitələri ilə təchiz edilmiş,  NATO standartları əsasında təlim görmüş silahlı qüvvələri ilə Cənubi Qafqazda hərbi qüdrətinə görə lider ölkədir. Həmçinin Azərbaycan silahlı qüvvələrinin göstəriciləri onun keçmiş sovet məkanında da ən güclü və döyüş hazırlıqlı ordulardan biri olduğunu təsdiqləyir. Azərbaycanın gəlirlərinin artması ilə paralel şəkildə silahlı qüvvələrinin modernləşdirilməsi, yenidən qurulması, ən yeni və güclü döyüş vasitələri ilə təchiz edilməsi prosesini həyata keçirməkdədir. Bu, militarizasiya siyasəti deyil və Azərbaycanın üzləşdiyi milli təhlükəsizlik problemləri, regionu əhatə edən rikslər, Ermənistan tərəfindən edilən hərbi təcavüz nəticəsində ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması, torpaqlarının 20 faizə yaxınının 20 ildən artıqdır işğal altında olması və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllinə yönəlmiş vasitəçilik səylərinin nəticə verməməsi ilə bağlı atılmış məcburi addımdır.

Hərbi xərclərin artımı

İstənilən ölkə üçün döyüş hazırlıqlı, modern silahlar və döyüş vasitələri ilə təchiz olunmuş ordunun yaradılması, saxlanması böyük həcmdə vəsaitlər tələb edir. Bu səbəbdən də Azərbaycan güclü silahlı qüvvələrə malik olmaq üçün ölkənin iqtisadi qüdrətinin artması ilə paralel şəkildə hərbi xərclərini də artırıb. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi cəmi 135  milyon ABŞ dolları təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 3.3 milyard dolları keçmişdi. Azərbaycanın hərbi xərclərində artım dinamikası hər il davam edir və artıq 2010-cu ildə bu xərclər 2  milyard 150 milyon dollara çataraq Ermənistanın ümumi dövlət büdcəsinin xərclərini ötüb. Azərbaycanın hərbi xərclərində ən böyük artım isə 2011-ci ildə edilib. Həmin il üçün dövlət büdcəsində hərbi xərclər 2010-cu ilə nisbətən 90 faizə qədər artırılıb və 3.3 milyard dollara çatdırılıb. Müqayisə üçün qeyd olunmalıdır ki, həmin il üçün Ermənistanın dövlət büdcəsinin ümumi xərcləri cəmi 2 milyard 350 milyon dollar təşkil edirdi. Ermənistanın 2011-ci il üçün hərbi xərcləri isə cəmi 387 milyon dollar, yəni Azərbaycanın hərbi büdcəsindən az qala 10 dəfə aşağı idi. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİRRİ) dünya ölkələrinin hərbi büdcələri ilə bağlı 2012-ci il üçün açıqlanmış hesabatında da deyilirdi ki, 2008-ci ildən bəri dünyada hərbi büdcəsini ən çox artıran ölkə Azərbaycan olub: təxminən 60 faiz. (Müdafiə Sənayesi Nazirliyinə ayrılmış vəsaitlər bu hesabata daxil edilməyib)

Ordunun modernləşməsi və hərbi sənaye

Azərbaycanın öz hərbi xərclərini bu cür sürətlə və davamlı şəkildə artırmasını zəruri edən başlıca səbəblərdən biri də silahlı qüvvələrin sərəncamında olan sovet istehsalı, köhnəlmiş hərbi texnikanı yeniləmək, onu ən yeni texnologiyalar əsasında hazırlanmış müasir döyüş vasitələri ilə təchiz etmək, habelə silahlı qüvvələrin şəxsi heyətinin sosial vəziyyətini yaxşılaşdırmaq və hərbi tədrisdə yeni metodikanı tətbiq etmək zərurəti olub. Ölkə hərbi xərclərini artırmaqla paralel şəkildə hərbi-texniki sahədə sıx tərəfdaşlıq etdiyi ölkələrdən yeni silah sistemləri və döyüş vasitələri əldə edib. Bu zaman Hərbi Hava Qüvvələrinin, quru qoşunlarının, sərhəd qoşunlarının, Hava Hücumundan Müdafiə qoşunlarının döyüş qabiliyyətinin artırılması ilə bağlı ehtiyaclar əsas götürülüb. Azərbaycan öz ordusunun silah və hərbi texnika ilə təchizatında xarici ölkələrdən asılı olmamaq üçün milli hərbi sənayesini də formalaşdırıb. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal edilir. 

Regionda ən güclü hərbi hava qüvvələri

BMT-nin Adi Silahların Registrində və digər açıq mənbələrdə yer alan məlumatların təhlili göstərir ki, Azərbaycan öz Hərbi Hava Qüvvələrini gücləndirmək üçün ötən illərdə Ukrayna və Belarusdan onlarla dördüncü nəsil modernləşdirilmiş MiQ-29 “Fulcrum” döyüş təyyarələri alıb, habelə Pakistan istehsalı olan 20-dən çox JF-17 təyyarələrinin alınması üçün sifariş verib. Həmçinin ötən bir neçə il ərzində Rusiya, Ukrayna və Belarusdan 100-dən artıq Mi-35M, Mi-24, Mi-8, Mi-17-1V tipli döyüş, hərbi nəqliyyat və hücum tipli helikopterlərin alınmasını həyata keçirib. Eyni vaxtda yeni nəsil döyüş texnikası hesab edilən pilotsuz təyyarələrin əldə edilməsi və birgə istehsalı üçün dünyanın ən çox inkişaf etmiş hərbi sənayelərindən birinə malik olan İsraillə sıx tərəfdaşlıq edilir. Bu tərəfdaşlıq çərçivəsində İsrail istehsalı olan onlarla “Orbiter”, “Aerostar”, “Seacher”, “Hermes-450”, “Heron” tipli pilotsuz kəşfiyyat təyyarələri alınıb. Nəticədə Azərbaycan regionda ən güclü Hərbi Hava Qüvvələrinə malik olan ölkəyə çevrilib.  Həmçinin “Orbiter” və “Aerostar” pilotsuz təyyarələrinin birgə istehsalı üçün Bakıda müəssisə yaradılıb. İsraildən pilotuz təyyarələrin və digər hərbi texnikanın alınmasına dair əməkdaşlıq indi də davam etməkdədir. 

Quru qüvvələrinin imkanları və hava hücumundan etibarlı müdafiə

Hava döyüş və kəşfiyyat vasitələri ilə yanaşı Azərbaycan böyük miqdarda zirehli döyüş texnikası, o cümlədən tanklar, piyadaların döyüş maşınları, reaktiv artelleriya sistemləri, o cümlədən hədəfi dəqiq vura bilən sistemlər, uzaqvuran artelleriya qurğuları, hava hücumuna qarşı  güclü müdafiə sistemləri, o cümlədən Rusiya istehsalı olan və hazırda dünyada öz sinfinə görə ən güclülərdən sayılan S-300 PMU-2 "Favorit" zenit-raket kompleksləri alıb. Bundan əlavə İsrail istehsalı olan “Barak-8” zenit-raket komplekslərinin və “Green Pine” radarlarının alınması da ölkənin hava hücumundan etibarlı müdafiəsini təmin etməyə imkan verib. Hərbi ekspertlərə görə, Azərbaycan indi güclü hərbi hava qüvvələrinə malik olmaqla yanaşı hava hücumundan etibarlı müdafiə sistemi də qurub, bununla da strateji əhəmiyyətli obyektlərin mümkün hava hücumlarından qorunmasına təminat yaradıb.  Eyni zamanda Azərbaycan region ölkələri arasında öz zirehli hərbi texnikasını istehsal edən ilk dövlətdir. Müdafiə Sənayesi Nazirliyi xarici tərəfdaşlarla birlikdə “Matador” və “Marauder” adlı zirehli transportyorları istehsal edərək onların Müdafiə Nazirliyinin sərəncamına verilməsini həyata keçirməkdədir. Yerli hərbi sənayenin istehsalı olan 14.5 millimetrlik “İstiqlal” snayper tüfəngi isə göstəricilərinə görə öz sinfində dünyada ön sıralarda gedir.
Beynəlxalq hərbi ekspertlər də Azərbaycan silahlı qüvvələrinin öz göstəricilərinə və malik olduğu döyüş texnikasına görə regionda ən güclü olduğunu təsdiq edirlər. Böyük Britaniyadakı Beynəlxalq Sülh Araşdırmaları İnstitunun “Hərbi Balans 2011” və “Hərbi Balans 2012” hesabatlarında Azərbaycan silahlı qüvvələrinin göstəriciləri əsasında aparılmış müqayisəli təhlildə də bu barədə bildirilir.

Xəzərdə ikinci ən güclü hərbi donanma

Azərbaycan ötən illərdə sovet dövründən miras qalmış Xəzər donanmasını da modernləşdirmək və gücləndirmək istiqamətində əhəmiyyətli irəliləyişlərə nail olub. Hazırda Azərbaycanın Hərbi Dəniz Qüvvələri (HDQ) imkanlarına görə Xəzər dənizində Rusiyadan sonra ikinci ən güclü donanma hesab edilir. HDQ-nin tərkibinə sahil mühafizə divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizonu daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir. HDQ-nin sərəncamında onlarla müxtəlif tipli və təyinatlı gəmilər var. Azərbaycan 2000-ci illərin əvvəllərindən başlayaraq Xəzər donanmasını modernləşdirmək üçün ABŞ və digər tərəfdaş ölkələrlə əməkdaşlıq edib. HDQ-nin tərkibində Xəzərdəki strateji əhəmiyyətli neft-qaz infrastrukturunu mühafizə etmək, ölkənin su sərhədlərini qorumaq üçün xüsusi təyinatlı qüvvələr yaradılıb.
Bu gün Azərbaycan HDQ-nin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir. Donanma üçün kadr hazırlığı məsələsində Azərbaycan müttəfiq ölkə Türkiyənin Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq edir. Bundan əlavə Ali Hərbi Dənizçilik Məktəbi ilə Amerikanın Sahil Mühafizəsi Akademiyası arasında əməkdaşlıq qurulub. Azərbaycanla ABŞ arasında imzalanmış hərbi əməkdaşlıq üzrə İş Planı çərçivəsində də əsas yeri Azərbaycanın dəniz təhlükəsizliyinin gücləndirilməsi tutur. İş Planı çərçivəsində Azərbaycan HDQ-nin xüsusi təyinatlılarına xüsusi hərbi dəniz əməliyyatları, dəniz enerji infrastrukturlarının təhlükəsizliyini təmin etmək, minadan təmizləmə əməliyyatları, HDQ xüsusi təyinatlılarının Xəzər dənizində istənilən şəraitdə gəminin yoxlanılması, gəmiyə daxil olma, axtarış və zəbt etmə əməliyyatlarına hazırlamaq, sualtı əməliyyatlar və sahilyanı kəşfiyyat həyata keçirmək imkanı və s. sahədə təlimlər keçirilir. Azərbaycan 2012-ci ilin əvvəllərində İsraildən “Gabriel-5 “gəmi əleyhinə qanadlı raketlərini almaqla  Xəzərdə öz mövqelərini xeyli gücləndirib.

Peşəkar hərbi təlim və NATO standartlarının tətbiqi


Azərbaycan öz ordusunu müasir döyüş vasitələri ilə təchiz etməklə yanaşı şəxsi heyətin NATO standartlarına uyğunlaşdırılmış peşəkar hazırlıq keçməsinə də xüsusi önəm verir.  Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir, bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə əlaqələri var. Başqa ölkələrlə əlaqələr Azərbaycan ordusunun güclənməsinə daha da yardım edir. Azərbaycan Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri tam şəkildə NATO standartlarına uyğunlaşdırılıb. NATO çərçivəsində Azərbaycanın hərbi qulluqçuları treninqlər keçirir və xarici dil kurslarında iştirak edirlər. Sülh Naminə Tərəfdaşlığın ən işlək mexanizmi olan Fərdi tərəfdaşlıq Fəaliyyəti Proqramı geniş sahəli tədris və təlim işlərini əhatə edir. Hər il NATO-Azərbaycan arasında olan Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Silahlı Silahlı Qüvvələrinin 1000-dən çox şəxsi heyəti müxtəlif hərbi sahələr üzrə tədris tədbirləri və təlimlərdə iştirak edir. 1997-ci ildən etibarən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin, 2000-cı ildən etibarən Silahlı Qüvvələrin Hərbi Akademiyasında, 2001-ci ildən isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO hərbi təhsil sistemi tətbiq olunur. Hazırda  Azərbaycanın NATO-ya inteqrasiyası ilə bağlı yeni ikitərəfli plan üzərində iş gedir.

Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak

Azərbaycan silahlı qüvvələri NATO və BMT-nin bir sıra sülhməramlı əməliyyatlarına da fəal dəstək verir. 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı bölmələri  Kosovoda, Əfqanıstanda və İraqda beynəlxalq sülhməramlı qüvvələr  tərkibində xidmət edirlər. 34 hərbçidən ibarət Azərbaycan sülhməramlı kontingenti 1999-2008-ci illər ərzində Kosovoda Türkiyə sülhməramlı qüvvələrinin tərkibində uğurla xidmət aparıb. 1988-ci ildə Kosovo öz müstəqilliyini elan etdikdən sonra  Milli Məclisinin qərarı ilə Azərbaycan sülhməramlı kontingenti Kosovodan çıxarılıb. Bu müddət ərzində ümumilikdə 400 azərbaycanlı sülhməramlı Kosovoda xidmət keçib. 
Azərbaycan hərbçiləri İraqda da  BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 2003-cü ildə qəbul edilmiş qərar əsasında xidmət ediblər. İraqdakı Azərbaycan sülhməramlı kontingenti 150 əsgər və zabitdən ibarət olub. 2008-ci ilin noyabrında Milli Məclisin qərarı ilə Azərbaycan sülhməramlı kontingenti İraqdakı missiyasını başa vuraraq geri dönüb. Hazırda Azərbaycan sülhməramlıları Əfqanıstandakı beynəlxalq sülhyaratma əməliyyatlarına dəstək verməkdədir. Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda 90 azərbaycanlı sülhməramlısı xidmət edir.

Beləliklə, Azərbaycan Cənubi Qafqazda ən güclü silahlı qüvvələr formalaşdırmaqla regionda öz mövqelərini möhkəmləndirib. Azərbaycanın güclü silahlı qüvvələrə malik olması ölkənin ərazi bütövlüyü və suverenliyinin dinc yolla bərpası, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında nizamlanması üçün də mühüm amildir.



Oxunub: 448722



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on