Güləş idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləş ilə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birindən möhkəm yapışa bilirdilər. Pəhləvanlar meydanda dolaşır, elə bil ki, bir-birini başdan-ayağa süzür və birdən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi vardı. Biri öz rəqibinin ayağından tutmağa çalışır, o birisi isə onun başını qoltuğu altında sıxırdı. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı.
Azərbaycanda da bu idman növü geniş yayılıb. Azərbaycan milli güləşinin tarixi çox qədimdir. Peşakar güləşçilər Sali Süleymanov, Rəşid Yusifov və başqalarının adı çoxlarına məlumdur. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra milli güləş respublikada daha da inkişaf etmişdir. 1937-ci ildən milli güləş üzrə rayon, şəhər və respublika yarışları keçirilir. Güləş üzrə beynəlxalq yarışlarda sovet idmançıları böyük müvəffəqiyyətlər qazanmışlar. Azərbaycan güləşçilərindən İ.Dadaşov, M.Babayev, R.Məmmədbəyov, A.İbrahimov, A.Niftullayev, R.Hacıyev, T.Paşayev, M.Allahverdiyev (üç dəfə dünya çempionu), X.İsayev, K.Məcidov və başqaları dünya, Avropa çempionatları və ya Olimpiya oyunlarının, SSRİ birinciliklərinin qalibləri, yaxud mükafatçıları olmuşlar.
Azərbaycanda güləş öz təşəkkülünü İkinci Dünya Müharibəsindən sonra tapmışdır. Əməkdar idman ustası Rza İbrahim oğlu Baxşəliyev Azərbaycan Respublikasında güləşin banilərindən sayılır. Rza Baxşəliyev SSRİ-nin əməkdar idman ustası, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin və Bədən Tərbiyəsi İnstitutunun məzunu, güləş üzrə 20 qat Azərbaycan çempionu olmuşdur.
Azərbaycanda əvvəllər klassik güləş kimi tanınan Yunan-Roma güləşi İkinci Dünya Müharibəsindən sonra təşəkkül tapmışdır.
İlk Dünya çempionu titulunu 1978-ci ildə Meksikada keçirilən Dünya çempionatında Arif Niftullayev qazanmışdır.
1980-1990-cı illərdə Məhəddin Allahverdiyev 3 qat Dünya çempionu tituluna sahib olmuşdur.
SSRİ-nin Güləş Federasiyasının tərkibində ilk dəfə 1959-cu ildə bir qurum olaraq Azərbaycan Güləş Federasiyası (AGF) təsis olunmuşdur.
1993-cü ildə Azərbaycan Güləş Federasiyası təsis olunaraq, elə həmin ildə İsveçrənin Lozanna şəhərində FİLA-nın baş qərargahında rəsmən Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına qəbul olunmuşdur.
AGF-nin konfransı dörd ildən bir keçirilir.
18 noyabr 2008-ci il tarixində Federasiyanın V konfransı keçirilmişdir. Konfransda Güləş Federasiyasının yeni Nizamnaməsinin təqdimatı və təsdiqi, Güləş Federasiyasının regional nümayəndəliklərinin təsis edilməsi, federasiyanın vitse-rezidentlərinin fəaliyyət istiqaməti müzakirə edilmiş, beynəlxalq əlaqələr, regionlar, sərbəst, Yunan-Roma güləşi üzrə, təşkilati və maliyyə işlər, yeniyetmələr üzrə vitse-prezident vəzifələri müəyyənləşdirilmiş və seçkilər keçirilmişdir.
Güləşçilər:
- Alkiviad Pavlidi
- Aydın İbrahimov
- Arif Həsənov
- Ağakişi İsgəndərov
- Aslan Ağayev
- Camal Yaqubov
- Ehsan Kərimov
- Eldar Marqunov
- Elçin Cəfərov
- Ələddin Hacıyev
- Ələddin Paşayev
- Əhəd Quliyev
- Əliqulu Həsənoğlu
- Fikrət Tahirov
- Fikrət Əhmədov
- Fazil Həsənov
- Firudin Qurbanov
- Göyüş Məmmədov
- Hacıbaba Şıxıyev
- Hüseynağa Ələsgərov
- İslam Hümbətov
- İsak Cəfərov
- İlham Abbasov
- İsmayıl Əbdülqadirov
- Kamal Cəmilov
- Kamal Səmədov
- Kamal Həsənov
- Kamal Rzayev
- Məhəddin Allahverdiyev
- Muxtar Novruzov
- Nadir Məmmədov
- Nəcəf Çöliyev
- Nuhbaba Şıxıyev
- Sabir Hüseynov
- Sarı Səmədov
- Sevindik Səfərov
- Telman Paşayev
- Oktyar Məmmədbəyov
- Qəhrəman Cəbrayılov
- Rəhim İsmayılov
- Ramiz Həsənov
- Rəhim Novruzov
- Viktor Abdiyev
- Xəzər İsayev
- Xankişi Hüseynov
- Fərid Mansurov
- Elçin Əliyev