Baş səhifə    » İDMAN    » Basketbol   

Basketbol

  


Basketbol 1891-ci ildə (ABŞ) Massaçusets ştatının Sprinqfilds kollecinin bədən tərbiyəsi müəllimi Ceyms Neysmit tərəfindən yaranmışdır. Az vaxtda bu oyun Amerikada böyük şöhrət qazanıb, hazırda dünyada məşhurdur.
Azərbaycanda basketbolun inkişaf tarixi digər idman növləri kimi ilk addımlarını hələ 1920-ci ildən əvvəl Bakıya işləməyə gəlmiş xarici neft şirkətlərində çalışan fəhlə və qulluqçuların təşəbbüsü ilə həyata vəsiqə almışdır. Məhz bu illərdən başlayaraq ayrı-ayrı əmək kollektivlərində, idarə və müəssisələrdə, ali təhsil ocaqlarında, idman cəmiyyətlərində komandalar yaradılırdı. 1926-cı ildə təkcə Bakı şəhərində 300-ə yaxın basketbol üzrə komandaların və məşğələlərin fəaliyyət göstərməsi qeydə alınmışdır. 
1920-30-cu illərdə Azərbaycanda ən qüvvətli basketbol komandası “Dəmir yolu” idman klubunda yetişmişdir. Təsadüfi deyil ki, bu klubun seçmə komandası artıq neçə illər idi ki, Azərbaycan çempionu adına layiq görülürdü.
1926-cı ildən sonra “Dinamo” cəmiyyətinin basketbol üzrə seçmə komandası liderliyi ələ almış və uzun müddət onu özündə saxlamışdır.
Azərbaycanda bu illər basketbolun inkişafında N.Talışxanovun, İ.İonovun, Q.Abramovun, Y.Arunovun, qadınlardan K.Əfəndiyevanın, S.Pleskunovanın, Fominanın xidmətləri böyük olmuşdur. 
1931-ci ildə artıq Azərbaycanda kişilərdən ibarət seçmə komandası Zaqafqaziya birinciliyinin qalibi olmuş və ilk dəfə SSRİ birinciliyində müstəqil komanda ilə çıxış etmək hüququna malik olmuşdur. Bu ildən başlayaraq Azərbaycanın kişilərdən ibarət seçmə komandası Zaqafqaziyada uzun müddət liderliyi özündə saxlamışdır.
1935-ci ildən başlayaraq Azərbaycanın seçmə komandası SSRİ birinciliyi yarışlarında uğurla çıxış etməyə başlamışdır. 1936-cı il SSRİ birinciliydə birinci qrupda çıxış edən qadınlardan ibarət seçmə komanda ilkin yarışlarda Gürcüstanın seçmə komandasına 41:20, Belorusiyaya 30:16, Xarkova 23:3, Sverdlovsk şəhərində seçmə komandasına 28:14 və Kiyev komandasına 25:17 hesabı ilə qalib gələrək üçüncü mükafata layiq görülmüşlər.
Kişilərdən ibarət komandada ilkin yarışlarda Gürcüstanın (27:24), Minskin (35:20), Xarkovun (26:14), Novosibirskin (29:25) komandalarına qalib gələrək finalda Odessanın seçmə komandasına 24:30 hesabı ilə uduzaraq IV yeri tutmuşlar.
Sonrakı illərdə də Azərbaycan basketbolu uğurla çıxış etməyə başlamış, komandalar hər il yeni-yeni istedadlı, nisbətən cavan idmançılarla təmsil olunmuşdur.
XX əsrin sonlarında durğunluq dövrünü yaşayan Azərbaycan basketbolu Olimpiya oyunlarında Azərbaycan idmançılarının qələbələrinin təsiri ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
1994-cü ildə Azərbaycan Basketbol Federasiyası (ABF) Beynəlxalq Basketbol Federasiyasına (FİBA) tamhüquqlu üzv qəbul edilmiş və bu da komandaya beynəlxalq yarışlarda müstəqil dövlətin bayrağı altında çıxış etmək hüququ qazandırmışdır.
1995-ci ildə Türkiyə, Gürcüstan, Türkmənistan və Azərbaycanın kişilərdən ibarət yığma komandalarının iştirakı ilə Bakıda Beynəlxalq turnir keçirilmiş və Azərbaycan komandası turnirin qalibi olmuşdur.
2000-ci ilin fevralında ölkəmizin yeniyetmə oğlanları və qızlarından ibarət yığma komandaları İran İslam Respublikasında keçirilən beynəlxalq yarışlarda iştirak etmişlər. Qızlardan ibarət milli yığma komandamız fəxri III yerı tutmuşlar.
2000-ci il üzrə kişilər və qadınlar arasında keçirilən ölkə çempionatında hər iki yarışda “Bakılı” idman klubunun basketbolçuları çempion olmuşlar.
2004-cü ildə Andorrada kişilərdən ibarət yığma komanda Avropa İnkişaf Kubok yarışlarında iştirak etmiş və IV yerə layiq görülmüşdür.
2006-cı ildə kişilərdən ibarət Azərbaycan milli yığma komandası Albaniyada keçirilən FİBA-nın Avropa İnkişaf Kubokunda iştirak edib və I yerə layiq görülmüşdür.
2007-ci ildə U-18 yeniyetmələrdən ibarət yığma komanda Avropa çempionatında iştirak edib.
2008-ci ildə Şotlandiyada Avropa Çempionatında “C” divizionunda I yerə layiq görülmüşdür.
2010-cu ildə kişilərdən ibarət Azərbaycan milli yığması Bişkek şəhərində keçirilən “Novruz-2010” Beynəlxalq turnirdə iştirak edərək birinciliyi əldə etmişdir.  



Oxunub: 356820