Baş səhifə    » İDMAN    » İdman tarixi   

İdman tarixi

  


İnsanların yerinə yetirdikləri fiziki hərəkətləri və əmək vərdişləri üzrə sınaqlarını, döyüş və mübarizə növlərini - güləş, qaçış, tullanma, ağırlıqqaldırma, üzmək, avar çəkmək, ox atmaq, qılınc oynatmaq, nizə tullamaq və s. ilk idman növləri kimi qəbul etmək olar. Heç şübhə yoxdur ki, bütün xalqlarda bu cür idman növləri olmuşdur. Bu növlərdən hər hansı biri üzrə ilk idman yarışının birinci dəfə harada, nə vaxt keçirilməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Arxeoloji tapıntılar əsasında onu demək mümkündür ki, atletlərin ilk yarışı güləş üzrə olmuşdur. Onun haqqında ən qədim məlumat b.e.ə. XXVII-XXVI əsrlərə təsadüf edir. Bizim eradan əvvəl (b.e.ə.) VIII əsrə aid edilən "Gilqamış" dastanında b.e.ə. üçüncü minilliyə aid olan Şumer abidələrinə istinadla güləş üzrə yarış haqqında məlumat verilir.
Güləş Azərbaycanda da qədim dövrlərdən yayılmış ənənəvi idman növü olmuşdur. Azərbaycan xalqının dastan və nağıllarında, yazılı abidələrində güləş yarışlarından çox bəhs olunur. Tarixin qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarında güləşlə yanaşı, başqa təkbətək mübarizə növlərindən də geniş bəhs olunur. Bu mübarizələrin çox vaxt yarış məqsədi daşıması açıq-aşkar qeyd olunur.
Azərbaycanda qədim tarixə malik idman növü olan güləş yarışları da sonralar xüsusi yerlərdə - zorxanalarda keçirilmişdir.
Qədim türkdilli xalqlar ömürlərinin böyük hissəsini at belində keçirmişlər. Cıdır yarışları, at üstündə güləşmə, qılıncsallama, yambaqapma, çovqan buzqaşı kimi idman yarışları türkdilli xalqlar arasında geniş yayılmışdı.
İdman zaman keçdikcə peşəkar səviyyədə inkişaf etməyə başlamışdır. Belə ki, XX əsrin əvvəllərində Azərbaycan pəhləvanlarından Sali Süleyman və Rəşid Yusifovun adı bütün dünyada məşhurlaşmışdır. Onlar dünyanın ən böyük şəhərlərində -Vaşinqton, Paris, Çikaqo, London, Romada keçirilən güləş yarışlarında böyük məharət göstərmişlər. Sali Süleyman dünya pəhləvanlarının ən təhlükəli rəqibi sayılırdı. Onu "Dağıstan şiri", "Şərqin sevimlisi" adlandırırdılar. Bu pəhləvanın nə öz Vətənində, nə də xarici ölkələrdə bir dəfə belə kürəyini yerə vuran olmamışdır. Sali Süleyman dəmir zəncirləri asanlıqla qırır, dəmir çubuqdan düyün bağlaya bilirdi. Onun haqqında söylənilən əfsanələr bu gün də dildən-dilə gəzir.
Rəşid Yusifov da güləşdə göstərdiyi uğurları ilə həmvətənlisindən geri qalmamışdır.
1922-ci ilin axırına yaxın bədən tərbiyəsi və idman işlərinə Azərbaycan Həmkarlar İttifaqları qoşulmuşdur. Bu təşkilat öz xətti ilə idman cəmiyyətləri yaratmış, respublikada idmanın maddi-texniki bazasının qurulmasına xüsusi yardım göstərmişdir. 1923-cü ildə Azərbaycanda ilk idman qəzeti - "Qırmızı idmançı" çapdan çıxmağa başlamışdır. Elə həmin il də Bakıda bədən tərbiyəsi müəllimləri hazırlayan məktəb açılmışdır. Məktəbdə idmanın müxtəlif növlərini öyrədəcək müəllim və mütəxəssislər hazırlanırdı. Bu, respublika üçün idmanın ənənəvi olan növləri ilə yanaşı digər növlərin də inkişafına təkan vermişdir. Məsələn, əgər 1920-ci ildə Azərbaycanda iki basketbol cəmiyyəti vardısa, 1924-cü ildə artıq 52 basketbol kollektivi təşkil edilmişdi, iki ildən sonra bu kollektivlərin sayı 300-ə çatdırılmışdı. Elə bu illərdə Azərbaycan Neft-Kimya İnstitutunda və Mərkəzi Bədən Tərbiyəsi Evində boks dərnəkləri yaradılmışdı. Ölkədə tez-tez üzgüçülük, su polosu və suya tullanma növləri üzrə idman yarışları, bayramları keçirilirdi. Güləş və ağır atletika klublarında xeyli idman həvəskarı məşq edirdi. 1924-cü ildə Rza Baxşəliyev "Kustrud" adlanan güləş klubu yaratmış və burada fransız güləşi - müasir sərbəst güləş qrupu təşkil etmişdir. "Kustrud"un yetişdirmələri o zaman ölkəmizdə və onun hüdudlarından kənarda məşhur olan pəhləvanlarla - Sali Süleyman, Rəşid Yusifov, Fyodor Margentanger, Andrey Lodz, Eldar Göyçaylı və başqaları ilə güləşirdilər. "Kustrud"dan başqa, "Dinamo", "Temp", "Lokomotiv" və Mərkəzi Bədən Tərbiyəsi Evi kimi idman cəmiyyətləri də fəaliyyət göstərirdi.
Ayrı-ayrı idman növləri üzrə yarışlardan başqa respublikada kompleks idman turnirləri də təşkil olunmuşdu. Məsələn, 1925-ci ildə Bakıda "Olimpiya Oyunları" adı altında yarışlar təşkil olunmuşdu. Bu olimpiadanın proqramına əsasən yüngül atletikanın müxtəlif növləri üzrə yarışlar daxil edilmişdi. Bu, Azərbaycanda Olimpiya oyunlarına nə qədər böyük maraq olduğunu, ümumdünya oyunlarına qoşulmaq imkanı olmayan bir şəraitdə gənclər arasında olimpiya ideallarının təbliğ olunmasının əyani göstəricisidir.
Azərbaycan Olimpiya oyunlarının tarixini şərti olaraq dörd dövrə bölmək olar: 1) Azərbaycan idmançılarının SSRİ yığma komandası tərkibində Olimpiya oyunlarında iştirak etdiyi dövr (1952-1988); 2) Müstəqil Dövlətlər Birliyi (MDB) yığma komandası tərkibində iştirak etdiyi dövr (1988-1992); 3) Azərbaycan müstəqil dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına (BOH) qoşulduğu dövr (1992-1997); Olimpiya hərəkatının canlanma dövrü -yeni dövr (1997-2011).
Azərbaycan idmançıları SSRİ Olimpiya komandasının tərkibində Olimpiya Oyunlarının 9-da 46 idmançı ilə çıxış edərək 10 qızıl, 11 gümüş və 7 bürünc medal qazanmışlar. Sərbəst üsulla güləşçi R.Məmmədbəyovun 1952-ci il Helsinki Olimpiadasında qazandığı gümüş medal Azərbaycan idmançılarının Olimpiya Oyunlarında ilk uğuru kimi qiymətləndirilməlidir. Sonrakı olimpiadalarda Y.Konovalov, A. Kornelyuk (atletika), İ.Rıskal, V.Lantratova (voleybol) V.Mineyev (müasir beşnövçülük), A.İbrahimov (sərbəst güləş), R. Şabanova, L. Şubina, L. Savkina (həndbol), İ.Məmmədov, B.Koretski (qılıncoynatma), İ. Ponamaryov (futbol) və başqalarının uğurlu çıxışları Azərbaycan idmançılarının nüfuzunu daha da artırdı.
1992-ci il Barselona Olimpiadasında Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) yığma komandasında cəmi 5 nəfər idmançı ilə təmsil olunsa da, idmançılarımızdan ikisi N.Hüseynov (cüdo), V. Belinki (gimnast) yüksək nəticələr göstərərək Olimpiya çempionu adına layiq görülmüşdülər. 1992-ci ildə Milli Olimpiya Komitəsinin (MOK) yaradılması və onun BOK-un tərəfindən tanınması ilə ölkənin Olimpiya Hərəkatında (OH) yeni bir dövr başlayır. Artıq Azərbaycan müstəqil bir dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına (BOH) qoşularaq, öz idman potensialını tam nümayiş etdirmək imkanı əldə etdi. Azərbaycan ilk dəfə olaraq 1996-cı il Atlanta Olimpiadasında 23 nəfərdən ibarət öz milli Olimpiya komandası ilə müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı altında çıxış etdi. 197 ölkənin iştirak etdiyi bu oyunlarda gənc Azərbaycan Respublikasının 61-ci yeri tutması idmanımızın uğuru sayıla bilər. Sərbəst üsulla güləşən N. Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal isə Azərbaycan Respublikasının Milli Olimpiya komandasının Olimpiya oyunlarında qazandığı ilk medaldır.
Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev komitənin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yarada bilmiş, ölkəmizdə Olimpiya Hərəkatının sürətli inkişafına təkan vermiş və onun Beynəlxalq Oyunlarının Hərəkatına fəal qoşulmasını təmin etmişdir. Azərbaycan MOK-u ölkədə Olimpiya Hərəkatının və idmanının inkişafı ilə bağlı məqsədyönlü, ardıcıl fəaliyyət göstərərək, qısa müddət ərzində uğurlu göstəricilər əldə etmişdir.
İdmançıları Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlamaq və rəsmi beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin yanvar 1998-ci il 20 yanvar tarixli sərəncamı MOK-un daha məqsədyönlü iş aparması üçün geniş imkanlar açdı. Oyunlara hazırlıq işlərinin vaxtında və dövlət səviyyəsində aparılması nəticəsində Azərbaycan idmançılarından 31 nəfəri 10 idman növü üzrə XXVII Yay Olimpiya Oyunlarında (YYO) iştirak etdi (2000).
Avstraliyanın Sidney şəhərində keçirilən XXVIII YOO Azərbaycan idmançıları yüksək nəticələr göstərdilər (15.IX.2000). Z.Meftahəddinova (stend atıcılığı) və N.Abdullayev (sərbəst güləş) qızıl, V.Ələkbərov (boks) bürünc medal qazandılar. 199 ölkənin iştirak etdiyi Sidney Olimpiadasında Azərbaycan 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutması idmançılarımızın böyük qələbəsi idi.
Azərbaycan idmançılarının XXVIII Yay Olimpiya Oyunlarına hazırlığının daha yüksək səviyyədə, mütəşəkkil formada təşkil və təmin edilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı «XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında» sərəncamı əsas zəmin yaratmış oldu (05.VI.2003).
XXVIII Yay Olimpiya Oyunlarına hazırlığa başlamış 130 idmançıdan 38 nəfəri oyunlarda iştirak etmək şərəfinə nail ola bilmişdir. Onlardan 36 nəfəri lisenziya, iki nəfəri isə üzgüçülük idman növü üzrə Beynəlxalq Federasiyanın qərarı ilə xüsusi buraxılışla (vayld-kart) oyunlarda iştirak etmək hüququ qazanmışlar. Respublika XXVIII Yay Olimpiya Oyunlarında idmanın 12 növü üzrə 38 idmançı ilə təmsil olundu. XXVII Sidney Olimpiya Oyunları ilə müqayisədə bu oyunlarda ölkə 3 yeni idman növü – bədii gimnastika, taekvondo, qılıncoynatma və daha çox idmançı ilə yarışlara qatılmışdı. XXVIII Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandası 1 qızıl və 4 bürünc medal qazanaraq 202 iştirakçı dövlət arasında medalların sayına görə 37, keyfiyyətinə görə 50-ci yeri tuta bilmişdir. Bu nailiyyətlərin əldə olunmasında komanda üzvlərindən F. Mansurovun (yunan-Roma) qızıl, İ.Aşumovanın (güllə), Z.Meftahətdinovanın (stend), A.Məmmədovun, F.Aslanovun (boks) bürünc medalları xüsusi rol oynadı. XXVIII Yay Olimpiya Oyunlarında(1952-2004) 140 idmançı iştirak edib. 15 qızıl, 12 gümüş, 13 bürünc medal qazanılmışdır. Müstəqil Azərbaycan idmançıları Yay Olimpiya Oyunlarında 9 medal qazanmışlar (o cümlədən 3 qızıl, 1 gümüş, 5 bürünc). 2007-ci ildə respublikamızda 36 beynəlxalq yarış təşkil olunmuşdur. Cari ilin 7 ayı ərzində isə artıq 18 beynəlxalq yarış keçirilmişdir.
Müstəqillik dövründə respublikada fəaliyyət göstərən idman qurğuları və bədən tərbiyəsi sağlamlıq komplekslərinin sayı 9 mini ötmüşdür. Müstəqillik qazandıqdan sonra Azərbaycan idmançıları Avropa , dünya və kubok yarışlarında 2615 medal qazanmışlar: (897 qızıl, 705 gümüş, 1013 bürünc). 



Oxunub: 97848