Baş səhifə    » İDMAN    » Futbol   

Futbol

  


XX əsrin əvvələrindən Azərbaycanda da populyarlaşmağa başlamışdır. 
Qısa müddətdə şəhərdə xeyli futbol komandaları yaranmışdır. "Balaxanı futbolçular dərnəyi", "Stela" və "İdmanın dostları", "İdmançı" və "Konqres", "Unitas", "Belaya", "Senturion", "Tərəqqi" və s. belə komandalardan olmuşdur. İlk dövrdə şəhər birinciliyi, kubok yarışlarını, rəsmi oyunları təşkil edəcək birlik, qurum olmadığından yarışlar kortəbii şəkildə, kapitanlar arasındakı razılığa görə keçirilmişdir. 
Azərbaycanda ilk futbol komandaları 1905-ci ildə yaradılmışdır. Bu komandalar əsasən Bakının iri neft müəssisələrini təmsil etmişlər. Bakıda ilk rəsmi çempionat 1911-ci ildə keçirilmiş və "Britaniya klubu" komandasının qələbəsi ilə nəticələnmişdir. 1912-ci ildə isə Azərbaycan futbolçuları ilk beynəlxalq görüşlərini keçirmiş və Tbilisidə yerli "Sokol" komandasına 4:2 hesabı ilə qalib gəlmişlər.
1912-1913-cü illərdə əvvəlcə Tbilisidə, sonra Bakıda Azərbaycanın və Gürcüstanın futbol komandaları arasında görüşlər təşkil olunmuşdur. 
1914-cü ildə Azərbaycanda Futbol İttifaqı yaradılmışdır. İttifaq rəsmi şəhər birinciliklərini və digər yarışların təşkili, keçirilməsini öz üzərinə götürmüşdür. 1920-ci ildə respublika ümumhərbi təlim orqanları yanında Bədən Tərbiyəsi Şurası təşkil olunmuşdur. Şura ölkədə idmanın inkişaf və yayılmasına rəhbərlik etməyə başlamışdır və bu illərdə Azərbaycanda müxtəlif futbol komandaları formalaşmışdır.

Azərbaycan Milli Yığması 
Azərbaycan Milli Yığması Respublikanın milli futbol komandası sayılır və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən idarə olunur. Beynəlxalq arenada 1992-ci ilin sentyabr ayından etibarən çıxış edir. 2008-ci ilin aprelində Berti Foqts yığmaya baş məşqçi təyin olunmuşdur. Azərbaycan yığmasının FİFA-nın reytinqdə ən yüksək göstəricisi 2010-cu ilin iyun ayında qeydə alınan 90-cı pillədir.  
2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubileyi qeyd olunub. Ölkədə “2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı» həyata keçirilir. Dövlət Proqramının müddəalarına əsasən AFFA tərəfindən həyata keçirilən tədbirlər nəticəsində futbolumuzda bir sıra uğurlar qazanılıb və daha böyük nailiyyətlərinin təməli qoyulub.

Klublarımız beynəlxalq arenada
Azərbaycan klublarının Uefa klublarında debütü 1994-cü ilə təsadüf edir.Tovuzun “Turan” klubu ilə təmsil olunduğumuz UEFA  kubokunda ilk oyun “Fənərbağça” klubu ilə keçirilmişdir.  Ən böyük uğur “Qarabağ” futbol klubuna məxsusdur. 2009-cu ildə “Qarabağ” Azərbaycan klubları tarixində ilk dəfə Avrokuboklarda 2 mərhələ keçdi. Azərbaycan klubları 1993-cu ildən start götürülən Birlik kubokunda iştirak edir. İlk dəfə “Neftçi” futbol klubu ilə qatıldığımız bu çempionatda  2006-cı ildə məhz “Neftçi” ilə birinciliyi ölkəmizə gətirmişik. Daha sonra isə 2008-ci ildə “Xəzər-Lənkəran”, 2011-ci ildə isə “İnter” futbol klubu qızıl medalları Azərbaycana gətirmişdir. 

Bir əsrlik tarixi olan Azərbaycan futbolunun sonrakı inkişaf xronikası belədir:
*1912-ci ildə Bakının "Britaniya klubu", 1913-1915-ci illərdə "İdmançı", 1916-cı ildə "Balaxanı futbolçular dərnəyi", 1917-ci ildə isə "Sokol" komandası Bakı çempionatının qalibi adını qazanmışlar.
* 1914-cü ildə Bakıda ilk futbol liqası və Hakimlər Kollegiyası yaradılmışdır. Həmin il keçirilən şəhər birinciliyində 17 komanda iştirak etmişdir. 1921-ci ildən etibarən Bakı çempionatı üç dəstə üzrə keçirilmişdir.
* 1923-cü ildə Bakının "Komsomol" komandası Gürcüstan paytaxtında Tbilisi və Batumi futbolçularının iştirakı ilə keçirilən komsomolçuların ilk Zaqafqaziya Olimpiadasında birinci yeri tutmuşdur. Komsomolçular sonrakı üç turnirdə də bu uğuru təkrar etmişlər.
* 1924-cü ildə Bakının "Tərəqqi" komandası Moskvanın "Dinamo" komandasına 3:1 hesabı ilə qalib gəlmişdir.
* Bakıda ilk beynəlxalq yoldaşlıq matçları 1926-cı ildə keçirilmişdir. Bakının gənclərdən ibarət yığma komandası İran milli yığma komandasına 4:3 hesabı ilə qalib gəlmişdir. İran futbolçuları ilə görüşdə "Tərəqqi" komandası da qələbə qazanmışdır - 3:1.
* 1928-ci ildə keçirilən futbol üzrə ilk Azərbaycan çempionatında səkkiz komanda iştirak etmişdir. Üç Bakı komandası ilə yanaşı Xankəndi, Gəncə, Quba, Şəki və Zaqatala futbolçuları da qələbə uğrunda mübarizə aparmışlar. Bakının "Həmkarlar-2" komandası ilk Azərbaycan çempionu adını qazanmışdır.
* 1929-cu ildə Azərbaycanın futbol üzrə yığma komandası Tehranda İran Milli yığma komandasına qarşı keçirdiyi hər üç oyunda qələbə qazanmışdır - 4:0, 4:1 və 11:0.
* 1930-cu ildə Bakının yığma komandası Almaniyanın yığma fəhlə komandasına (4:3 və 1:0), 1931-ci ildə isə İngiltərənin seçmə fəhlə komandasına (5:2 və 3:1) qalib gəlmişdir.
* 1932-ci ildə Bakının yığma komandası SSRİ çempionatında iştirak etmişdir.
* 1933-cü ildə Azərbaycan komandası Tiflisdə keçirilən Həmkarlar İttifaqlarının Zaqafqaziya çempionatının qalibi olmuşdur.
* 1935-ci ildə keçirilən Azərbaycan futbol hakimlərinin ilk konfransında 107 hakim iştirak etmişdir.
* Futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışlar ilk dəfə 1936-cı ildə keçirilmişdir. "Cənub inşaatçısı" komandası fəxri kuboka layiq görülmüşdür. 1937 - 1938-ci illərdə isə Bakının "Temp" komandasının futbolçuları Azərbaycan Kubokunu başları üzərinə qaldırmışlar.
* Bakı Kuboku uğrunda yarışlar da 1936-cı ildən keçirilməyə başlanmışdır. "Cənub inşaatçısı" komandası bu turnirin də qalibi adını qazanmışdır. 
* 1936-1991-ci illərdə Azərbaycanı SSRİ çempionatının müxtəlif dəstələrində aşağıdakı komandalar təmsil ediblər:
"Temp" (Bakı), "Lokomotiv" (Bakı), "Dinamo" (Bakı), Cənub inşaatçısı" (Bakı), "Neftçi" (Bakı), "Tərəqqi" (Bakı), "Neft Daşları" (Bakı), "Spartak" (Bakı), "Gənclik" (Bakı), "Avtomobilçi" (Bakı), "Termist" (Bakı), "Toxucu" (Gəncə), "Tərəqqi" (Gəncə), "Dinamo" (Gəncə), "Kəpəz" (Gəncə), "Metallurq" (Sumqayıt), "Temp" (Sumqayıt), "Kimyaçı" (Sumqayıt), "Polad" (Sumqayıt), "Vosxod" (Sumqayıt), "Toxucu" (Mingəçevir), "Avtomobilçi" (Mingəçevir), "Araz" (Naxçıvan), "Daşqın" (Zaqatala), "Qarabağ" (Xankəndi), "Xəzər" (Lənkəran), "Göyəzən" (Qazax), "Qarabağ" (Ağdam).
* Azərbaycan futbolçuları SSRİ çempionatında ən böyük uğuru 1966-cı ildə qazanıblar. "Neftçi" üçüncü yeri tutaraq bürünc medallara layiq görülüb.
* 1967-ci ildə Gəncənin "Dinamo" komandası SSRİ çempionatının güclülər dəstəsinə vəsiqə qazanmışdır.
* Azərbaycan futbolçuları Anatoli Banişevski və Eduard Markarov 1966-cı ildə keçirilən futbol üzrə Dünya çempionatında bürünc medallara layiq görülmüş, azərbaycanlı hakim Tofiq Bəhramov FİFA-nın "Qızıl fit"-i ilə təltif olunmuşdur.
*1976-cı il I dəstə komandaları arasında SSRİ Çempionatının yekun cədvəlində “Neftçi” 2-ci olmuşdur. 
* İlk dəfə Çempionlar Liqası 1997-1998 mövsümündə “Neftçi” futbol klubu Polşanın “Vidzev” klubu ilə qarşılaşmışdır. 
*Futbol təşkilatımız 1994-cü ilin mayında UEFA-nın Vyanada keçirilən 22-ci konqresində UEFA-ya, 1994-cü ilin iyununda FİFA-nın Çikaqoda keçirilən 49-cu konqresində FİFA-ya üzv qəbul olunmuşdur. Milli yığma komandalarımız Dünya və Avropa çempionatlarında iştirak etmişlər. 
* Azərbaycan yığma komandası Avropada debütünü UEFA Avropa Kuboku 1996-nın seçmə mərhələsində Rumıniyaya qarşı etmişdir.
* Azərbaycan milli komandası FİFA-nın reytinqində 12 dəfə müsbət saldoya malik olub. Sonuncu 2010-cu ilə 114-cü pillədə başlayan yığma reytinqi 98-ci yerdə başa vurub. Bu da komandanın il ərzində ümumilikdə 16 pillə irəliləməsi deməkdir 



Oxunub: 598269