Baş səhifə    » İDMAN    » Gimnastika    » Bədii gimnastika   

Bədii gimnastika

  



Bədii gimnastika üzrə ilk dünya çempionatı 1963-cü ildə Budapeştdə keçirilmişdir. Bu idman növü Olimpiya oyunlarının proqramına 1984-cü ildə daxil edilmişdir. Məhz həmin ildən etibarən bədii gimnastlar Olimpiya Oyunlarında iştirak etmişlər. 
Bədii gimnastika bir idman növü kimi XIX əsrdə formalaşmağa başlamışdır. 

Bədii gimnastika Azərbaycanda
Azərbaycanda bədii gimnastikaının yaranma və inkişaf tarixi keçən əsrin 40-cı illərinə təsadüf edir. Qızlardan ibarət qrup yaradan Nadejda Merkulova Azərbaycanda bu idman növünün formalaşması istiqamətində uzun müddət fəaliyyət göstərmişdir. Məhz onun rəhbərliyi altında yetişən gimnastlar ümumittifaq və beynəlxalq yarışlarda uğurlar qazanıblar. Larisa Zebina, Lina Vinnikova, Svetlana Senatorova, Nina Hacıbəyli, Mila Şibayeva və Elmira Hacıyeva belə gimnastlardandır. 
1961-ci ildə Lina Vinnikova keçmiş SSRİ yığmasının tərkibində Almaniyada keçirilən 1-ci Ümumdünya gimnastika turnirində iştirak etmişdir. Bu, Azərbaycan gimnastlarının dünya arenasında ilk çıxışı idi. Lina 1965-ci ildə Bolqarıstanda keçirilən tələbələrin Ümumdünya Spartakiadasında çempion adını qazanmışdır. «Burevestnik» idman cəmiyyətinin komandası tərkibində bir neçə dəfə SSRİ çempionu titulunu əldə edən Lina Vinnikova 3 dəfə «Miss Qrase» seçilmişdir. 
1984-cü il Olimpiya Oyunlarından sonra Azərbaycanda bədii gimnastikaya güclü axın müşayiət olunub. Həmin dövrdə gimnastikamızın parlayan ulduzu Yana Saplina (məşqçisi V.Ukleyina) hesab olunurdu. Ən müxtəlif ümumittifaq yarışlarında yaxşı nəticələrə imza atan Yana Saplina 1985-ci ildə «Ümid Kuboku»na sahib olub. Yananın uğurlarını sonrakı illərdə Dinarə Nəbiyeva və Natalya Bulanova (məşqçiləri əməkdar məşqçi L.Sidirova) davam etdiriblər. 
İkiqat Azərbaycan çempionu Dinarə Nəbiyeva 1995-ci ildə Antaliyada (Türkiyə) keçirilən Beynəlxalq Uşaq Festivalında bürünc medal qazanmışdır. O, 1996-cı ildə İsraildə keçirilən beynəlxalq turnirdə də üçüncü nəticə göstərmişdir. 
Beşqat Azərbaycan çempionu (1991-95) Natalya Bulanova da bir sıra beynəlxalq yarışlarda iştirak etmiş və «Miss Press» seçilmişdir.
Bu gün Azərbaycanda bədii gimnastikanın ənənələrini davam etdirməyə qadir olan beynəlxalq dərəcəli idman ustası Dinarə Gimatova, üçqat Azərbaycan çempionu Nurcahan Əsgərova, Xədicə Hacıyəhyayeva, Dina Qorina, Valeriya Yeqay kimi perspektivli gimnastlar nəsli yetişməkdədir. 
2003-cü ilin fevral ayında Rusiyada keçirilən beynəlxalq turnirdə gümüş medal qazanan ölkənin ən güclü gimnastı Dinarə Gimatova sonra daha bir neçə nüfuzlu yarışda qüvvəsini sınamışdır. O, 2003-cü ilin may ayında Dünya kubokunun Fransada keçirilən 1-ci mərhələsində də uğurlu çıxış edərək lentlə hərəkətlərdə 8-ci nəticə göstərib. 
Azərbaycan Gimnastika Federasiyasının qısa müddət ərzində gördüyü işləri yüksək qiymətləndirən Beynəlxalq Gimnastika Federasiyası özünün Afinada keçirilən 74-cü konqresində dünya kubokunun A kateqoriyalı mərhələsinin 2003-cü ilin avqustun 7-11-də Azərbaycanda keçirilməsini qərara almışdır. Yarışa hazırlığın səviyyəsi ilə yerindəcə tanış olmaq məqsədi ilə Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi, baş katib Norbert Buşe, baş katibin müavini Andre Quisbuhler və bədii gimnastika üzrə Texniki Komitənin rəhbəri xanım Eqle Abruzzinidən ibarət olan heyət 2003-cü ilin aprel ayında Bakıya gəlmişdir. Azərbaycanda bədii gimnastikanın maddi-texniki imkanlarını yüksək qiymətləndirən beynəlxalq qurumun rəhbərləri 2004-cü ildə Dünya kuboku mərhələsinin, habelə 2005-ci il dünya çempionatının Bakıda keçirilməsinə razılıq verimişlər.

Bədii gimnastlar: 
  • Aliyə Qarayeva
  • Anna Qurbanova 
  • Ayelita Xələfova
  • Anastasiya Prasolova
  • Ceyla Quliyeva
  • Cəmilə Hüseynova
  • Dinarə Gimatova
  • Dina Qorina
  • Əzizə Səlimbəyova 
  • Lina Vinnikova
  • Kamilə Məmmədova
  • Nurcahan Əsgərova
  • Natalya Bulanova
  • Nigar Əbdüsəlimova 
  • Nigar Mirzəyeva
  • Səbinə Abbasova
  • Zeynəb Cavadlı
  • Valeriya Yeqay
  • Vəfa Hüseynova
  • Valeriya Yeqay
  • Valeriya Yeqay
  • Yevgeniya Jidkova 
  • Xədicə Hacıyəhyayeva



Oxunub: 162948



Azərbaycan Televiziyaları
İnternet Radio