Baş səhifə    » HEYKƏLTƏRAŞLIQ    » Heykəltəraşlar    » Tokay Məmmədov   

Tokay Məmmədov

  


Tokay Məmmədov (1927)

İ.Repin adına Leninqrad Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsini bitirib, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başlayıb.
Tokay Məmmədov bir çox şairlərin, alimlərin, sadə əmək adamlarının, dövlət xadimlərinin və öz dostlarının büst portretlərini yaradıb. Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə olaraq Tokay Məmmədov istifadə edib. O, 1953-cü ildə ağacdan Nizami Gəncəvinin portretini yonub. Bu qəbildən onun Səməd Vurğun, xalq rəssamı Qəzənfər Xalıqov, dövlət xadimi, həkim və yazıçı Nəriman Nərimanov, uzunömürlü adam Şirəli Müslümov və başqalarının portretlərini qeyd etmək olar.
Portretlər qalereyasında həmçinin mərmər, tunc, gips materiallardan yüzlərlə portret mövcuddur. Üzeyir Hacıbəyov, xalq rəssamı Rüstəm Mustafayev, qadın rəssam Vəcihə Səmədova, yazıçı Süleyman Rəhimov, polyak bəstəkarı Frederik Şopen və Avstriya bəstəkarı Amadey Motsartın büst portretlərini hazırlayıb.
1960-ci ildə bəstəkar Üzeyir Hacıbəyovun heykəlini Konservatoriya binası qarşısında qoyublar.
Tokay Məmmədov sovet rejiminin qurulmasında inqilabi mübarizə aparmış Məşədi Əzizbəyovun monumental heykəlini 1976-cı ildə Bakı şəhərində ucaldıb. Bu abidəyə görə 1978-ci ildə heykəltəraşa SSRİ Dövlət mükafatı təqdim edilmişdir. Tokay Məmmədov monumental sahədə həmçinin Azərbaycan şairi İmaməddin Nəsimi və "XI qızıl Ordu" abidələrini yaradıb.
Tokay Məmmədov bir neçə qəbirüstü abidənin də müəllifidir. O, 1956-ci ildə Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mir Möhsün Nəvvabın qəbirüstü abidəsini düzəldib. Heykəltəraş Azərbaycanın ilk professional vokal sənətinin banisi Bülbülün də qəbirüstü abidəsini yaradıb.
Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublikanın Xalq rəssamı, SSRI Rəssamlıq Akademiyasının müxbir üzvü Tokay Məmmədov 1982-ci ildə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. O, həmçinin "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordenləri ilə təltif olunub.
Hazırda heykəltəraş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs deyir.



Oxunub: 242034



Azərbaycan Televiziyaları
İnternet Radio