Baş səhifə
» FOLKLOR
» Folklor örnəkləri
» Miflər
Miflər Azərbaycan mifologiyası Mifin mənası əfsanə, rəvayətlə bağlı olub, əcdad mədəniyyətinin daha əski qatlarında yaranmış bədii dəyərləri əhatə edir. Mif hərfi mənada (yunanca mufos sözündəndir) dünyanın və insanın yaranması barədə əfsanələr, erkən etnosların tanıdığı dünyanı idarə edən allahlar, tanrılar, xatunlar haqqında hekayətlər, dünyanın bu günü və sabahı, dağılıb yenidən yaranması barədəki ilkin bədii yaradıcılığıdır. Mif erkən etnosun dünya, insan və insanın dünya hadisələri barədəki bədii düşüncəsidir. Bu düşüncənin zaman hüdudu qeyri-müəyyəndir. Azərbaycan mifologiyası ümumtürk mifologiyasının tərkib hissəsidir. Qədim türk mifologiyası qaynaqlarından bəhrələnən mifologiyamız əski türk mifoloji modelini qoruyub saxlamaqla onu yeni miflər, inanclar, kultlar, adət-ənənə və mərasimlərlə zənginləşdirən yaradıcılıq sahəsidir. Digər türk xalqlarında olduğu kimi, Azərbaycan türklərinin mifologiyasında Tanrı (Göy Tanrı-baş allah) və Humay (yerin hamisi) kimi əsas mifik obrazların izlərini tapmaq mümkündür. Azərbaycan mifologiyası əski inam, etiqad, antromorfik və zoomorfik görüşlərlə zəngindir. Bunlar arasında əcdad kultu özüməməxsus yer tutur. Bu kultun əsas mənası budur ki, əcdad kultu yeddi nəsildən bir təzələnsə də, hər bir türk ən azı son yeddi nəslin şəcərəsi və mənsub olduğu soyun, tayfanın hansı nəslə məxsus olduğunu bilməlidir. Bu gün bizə əcdad kultunu yaşadan mif və ya əfsanələrin silsilə nümunələri gəlib çatmışdır. Onlar içərisində işıq-şüa, ağac-dünya ağacı, dağ və onların nəsil törədicilik xüsusiyyətinin əks olunması, sırf mif formulalarının çarpazlaşması – yerlə göyün qovuşmasından insan övladının törəməsi, totemistik-zoomorfik (Hüma, Simurq, Səməndər quşu, Dövlət quşu, Ağ quş, Qara quş, Qurd, at və s.) görüşlərlə bağlı ilk insanın yaranması və nəhayət insanın gildən, torpaqdan, ağacdan yaranması ilə bağlı təsəvvürlər gəlib çıxmışdır. Azərbaycan mifoloji modeli sadə və aydın dərk ediləndir. O, mif mətnlərinə, mif estetik düşüncəsinə əsaslanmaqla türkün erkən təsəvvürlər çevrəsini əhatə edir. Şərti olaraq həmin mifoloji model aşağıdakı kimi təsnif edilir: 1. Kosmoqonik miflər – səma və səma cisimləri ilə bağlı miflər. 2. Etnoqonik miflər. 3. Əcdad kultu və ilkin mədəni qəhrəmanla bağlı miflər. 4. Allahlar, tanrı və hami ruhlarla bağlı miflər. 5. Təqvim mifləri. 6. Kultlar və onqonlarla bağlı miflər. 7. Dünya qəzaları və dünyanın sonu ilə bağlı miflər.
|