Baş səhifə
» FOLKLOR
» Folklor örnəkləri
» Dastanlar
DastanlarDastan Azərbaycan türklərinin bədii təfəkkürünün ən böyük və ən qədim nümunələrindən biridir. Dastan əslində ozan-aşıq yaradıcılığının məhsulu olub, türk xalqlarının epik düşüncəsinin təzahürüdür və aşıq yaradıcılığını şifahi xalq ədəbiyyatı ilə bağlayan əsas amildir. Dastanlarda epik təhkiyə ilə lirik təqdimat, nəsrlə nəzm vəhdət təşkil edir. Məhz buna görə də dastanı təkcə epik deyil, epik-lirik janr hesab edilir. Ümumi mövzusuna görə dastanlar iki yerə bölünür: 1. Qəhrəmanlıq (alplıq) dastanları Qəhrəmanlıq dastanlarında vətənin, xalqın azadlığı uğrunda mübarizə aparan qəhrəmanlardan bəhs olunur. “Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Səttarxan” və s. qəhrəmanlıq dastanlarıdır. Məhəbbət dastanları qəhrəmanların məhəbbət macərası üzərində qurulur. “Əsli və Kərəm”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz”, “Şah İsmayıl” və s. kimi dastanlar məhəbbət dastanlarımızın ən gözəl nümunələridir.
Qeyd etmək lazımdır ki, bir tip dastanda digər tipin motivlərinə yer verilə bilər. Məsələn, “Şah İsmayıl” dastanı məhəbbət dastanı olsa da, burada kifayət qədər qəhrəmanlıq motivləri vardır. Və ya “Koroğlu” dastanında kifayət qədər məhəbbət motivləri müşahidə olunur. Azərbaycan dastançılığında hər iki dastan tipi özünəməxsus kompozisiya əsasında qurulur. Belə ki, qəhrəmanlıq dastanlarından fərqli olaraq, məhəbbət dastanları, bir qayda olaraq, üç ustadnamə ilə başlayıb, duvaqqapma ilə bitir. Kədərli sonluqla bitən məhəbbət dastanının axırı duvaqqapma ilə deyil, cahannamə ilə bitir. Nağılların əvvəlində olduğu kimi, dastanların da əvvəlində qaravəllidən (pişrovdan) istifadə olunur.
|