Baş səhifə    » COĞRAFİYA    » Fiziki coğrafiya    » Heyvanlar aləmi   

Heyvanlar aləmi

  


Azərbaycanın faunası

Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti VƏ ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Onların 618 növünü onurğalı heyvanlar, o cümlədən 97 növünü məməlilər təşkil edir. Ölkədə qeydə alınan heyvanların 58 növü sürünənlərdən (5 növ zəhərli ilan), 11 növü suda-quruda yaşayanlardan, 357 növü quşlardan, qalanı onurğasız heyvanlardan ibarətdir. Həşəratların 12 min növü yayılmışdır.
Kür-Araz ovalığında və 500-600 m hündürüyə qədər sahələrdə (yarımsəhra və quru çöllərdə) quraqlıq heyvanlarından dovşan, tülkü, çaqqal, canavar, cəld kərtənkələ, qırmızıquyruq qum siçanı, Kiçik Asiya qum siçanı, ərəb dovşanı, quru tısbağası, gürzə, koramal, çöl siçanı və s.-ə rast gəlmək olar. Qamışlıqlarda və sahil zonalarında çöl donuzu, qamışlıq pişiyi, çaqqal, su siçovulu, su ilanı, bataqlıq qunduzu, quşlardan vağ, soltan toyuğu, turac, qızılqaz, kəklik, ördək, qaşqaldaq yaşayır.
Respublikanın arazisindən axan çaylarda çəki, çapaq, ilan balığı, sıf, xəşəm, naxa və bobla kimi balıq növləri vardır.
Tuğay meşələrində heyvanat aləmi çöl donuzu, dovşan, tülkü, çaqqal, porsuq, kirpi, ilan, kərtənkələdən ibarətdir. Bu ərazilərdə bayquş, ağacdələn, qu-qu quşu, qaratoyuq və s. quşlar məskən salır. Ölkənin digər düzənlik meşələrində və dağətəyi kolluqlarda həmçinin ayı, çüyür, vaşaq, sincab, maral, vəhşi pişik, yenot, sağsağan, sarıköynək, ağacdələn yaşayır.
Meşələr heyvanlar aləmi ilə ən zəngin ərazilərdir. Burada maral, qonur ayı, dağ keçisi, qarapaça, bəbir, dələ, vaşaq, meşə pişiyi, köpkər, porsuq, sincab, oxlu kirpi, çöl donuzu vardır. Meşələrdə ağacdələn, kəklik, turac, qaraleylək, qartal, bülbül, Qafqaz tetrası, Zaqafqaziya qırqovulu kimi quşlara və s. heyvanlara rast gəlinir.
Yüksək dağ çəmənlikləri va qayalıqlar dovşan, tülkü, dağ keçisi, bəbir, qar siçanı, qarapaça, canavar, çaqqal, Xəzər uları, Qafqaz uları, kərkəs üçün yaşayış yeridir. Bu ərazilərdə quşlardan toğlugötürən, göyərçin, kəklik, bildirçin, alacəhrə, sürünənlərdən gürzə, kələz, quru qurbağasına rast gəlinir. Xəzər dənizinin sahil rayonlarında, adalarda və şirin sulu göllərdə çoxlu miqdarda köçəri və daimi yaşayan quşlara rast gəlinir.
Respublikanın heyvan ehtiyatlarına ovlanan balıqlar, xəz dərisi və əti istifadə edilən heyvanlar daxildir. Ovçuluq təsərrüfatlarında yaşayan, sənaye va tibb məqsədləri üçün (müalicə zəliləri) bəslənən heyvan növlərini də heyvan ehtiyatlarına aid etmək olar. Təsərrüfat əhəmiyyətinə görə Xəzər dənizi, Kür çayı, Araz çayı, su anbarları və vətəgələrdə ovlanan balıq ehtiyatları xüsusilə fərqlənir.
Su hövzələrində məskən salan quşlar, çöl donuzu, dağlarda yaşayan dağ keçisi, maral, çüyür, kəklik ovlanır. Abşeronda dərman almaq üçün (ilan zəhəri) gürzələr saxlanılır.
Respublikada 20 ovçuluq təsərrüfatı vardır. Heyvanlar ovlanan ərazilər 5,2 mln ha sahə tutur. Ovçuluq təsərrüfatının 18-i ictimai təşkilat, 2-si dövlət təsərrüfatlarıdır.



Oxunub: 258047