Baş səhifə    » COĞRAFİYA    » Fiziki coğrafiya    » Bitki örtüyü   

Bitki örtüyü

  


Azərbaycanın florası

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Nisbətən böyük olmayan ərazidə dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı respublikamızda yayılmışdır. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir. Növlərin ümumi sayına görə Azərbaycanın florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Qafqaz və başqa regionlarda geniş yayılmış bitki növləri ilə yanaşı Azərbaycanın florasında kifayət sayda yalnız Azərbaycan və onun nisbətən kiçik rayonları üçün xarakterik olan 240-a yaxın endemik bitki növləri də vardır. Bitki örtüyünün yayılmasını regionun fiziki-coğrafi cəhətdən formalaşması, müasir torpaq iqlim şəraiti, şaquli zonalıq və bir sıra digər amillər də şərtləndirir. Belə ki, respublikanın ovalıq hissəsində 200 metrlik yüksəkliklərə kimi səhra və yarımsəhra bitki tipləri və su bataqlıq bitkiləri inkişaf etmişdir. Səhra tipli bitki qruplaşmalarına əsas etibarilə Xəzər sahilində, cənub-şərqi Şirvanda, Mil, Muğan və Şirvan düzlərində rast gəlinir. Torpağın duzluluğundan asılı olaraq burada qarasoran, şahsevdi, ətli, şoran, qışotu bitkiləri yayılmışdır. Yarımsəhra bitki örtüyü Şirvan, Səlyan, Muğan, Mil və Qarabağ çöllərində və eləcə də Ceyrançöl, Qobustan və Arazboyu düzənliklərdə geniş sahə tutur. Kür-Araz, Qobustan və Ceyrançöldə zonal formasiya olaraq yovşan yarımsəhrası sahə etibarilə üstünlük təşkil edir. Başqa formasiyalardan qarağan (Kür-Araz) və dəngiz (Qobustan, Naxçıvan) formasiyaları daha səciyyəvidir Yarımsəhralarda çox sayılan digər bitkilər: soğanaqlı qırtıcı, yapon tonqalotu, bərk quramat, şərq bozağı, çilingburnu, taxıl otları və bir sıra şoranlıq (çərən, şahsevdi, sarıbaş, qışotu və s.) otlarıdır. Bu sahələr üçün unikal olan tuqay meşələridir. Əsasən, Kür, Araz və Qabırrı çayları vadilərində yayılan meşələrin əsas ağacları palıd, ağcaqayın, göyrüş, söyüd və s. ibarətdir. Böyük Qafqaz və Kiçik Qafqaz dağətəyi düzənliklərində 200 m-dən 600-700 m, bəzən 1200 metrədək olan hündürlükdə əsasən bir və çoxillik kserofit bitkilər və kollar yayılmışdır. Daha yüksəkdə yuxarı sərhədi 1800-2200 metrlə məhdudlaşan sahələr meşələrdən ibarətdir. Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır. Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 989,5 min hektar təşkil etməklə, ümumi ərazinin 11,4% qədərədir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. Azərbaycanda meşələr sahəcə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq hissələrində geniş yayılmışdır. Xüsusilə onlar 600-1600 m mütləq yüksəkliklərdə çox yerdə vahid qurşaq yaradır. Qalan sahələrdə talalar, dar zolaqlar şəklində saxlanılır. Meşələr əsas üç ağac növlərindən - fıstıq, vələş və palıddan ibarətdir. Onlar bütün meşə örtüyünün 86,2 faizini təşkil edir. Bunlardan başqa, ağcaqayın, qarağac, cökə, qızılağac, qovaq, yalanyarpaq, söyüd və s. enliyarpaqlı ağaclar bitir. İynəyarpaqlı meşələr respublika meşələrinin 1,7 faizini təşkil edir. Azərbaycanda təbii halda inkişaf edən 107 ağac növündən 7-si iynəyarpaqlı ağaclardır. Onlara Avropa qaracökəsi, Eldar şamı, qarmaqvari şam, çoxmeyvəli, ağır iyli qırmızı və uzungövdəli ardıc ağacları daxildir. Azərbaycan Respublikası bir çox nadir və kol növlərinin vətəni sayılır. Qaracökə üçüncü dövrün relikt bitkisi kimi meşələrin nadir incisidir. Bu ağac Böyük Qafqazın Cənub (Qəbələ rayonu), cənub-şərq (Pirqulu, Şamaxı rayonu) hissəsində yayılmışdır. Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə etməyib. Eldar şamının vətəni Azərbaycandır, yayılma arealı isə Ceyrançöl ön dağlığının Eldar oyuğu sahəsidir. Talış dağlarında bitən üçüncü dövrün relikt və nadir ağaclarından dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, azat, Qafqaz xurması, şümşad, yalanqoz, Hirkan ənciri, Hirkan ağcaqayını və s. təbiətin nadir inciləridir.



Oxunub: 128305