Baş səhifə
» COĞRAFİYA
» Fiziki coğrafiya
» Landşaft qurşaqları
Landşaft qurşaqlarıYarımsəhralarda boz, boz-çəmən, boz-qonur və şoran torpaqları yayılır. Onların üzərində yovşan, gəvən, kəngiz, dəvətikanı, şoran bitkiləri, efemerlər çoxdur. Şollar düzü, Lənkəran ovalığı, Alazan-Əyriçay vadisi və Qarabağ düzünün Sultanbud sahəsini düzənlik çəmən-meşə landşaft qurşağı örtür. Bu landşaft sahəsinə çaylar boyu bitən tuğay meşələri də daxildir. Landşaft zonası Xəzər dənizinin səviyyəsindən 300 m hündürlüyə qədər ərazilərdə, Alazan-Əyriçay vadisində isə 200-600 m hündürlüklər arasında yerləşir. Alçaq dağlıq zonalarda, 800-1200 m hündürlükdə dağ çölləri landşaft qurşağı formalaşmışdır. Naxçıvanda bu qurşaq 1500 m-dən 2500 m hündürlüyədək ərazilərdə, Talış dağlarında 1500-1800 m hündürlüklərdə yayılır. Dağ çöllərinə Acınohur və Ceyrançöl alçaq dağlıq zonalarında, Dağlıq Şirvanda, Kiçik Qafqaz dağlarının ətəklərində (600 m hündürlüyə qədər), Talış dağlarının orta dağlıq zonalarında rast gəlinir. Buraya daxil olan ərazilərdəki dağ-şabalıdı, qəhvəyi dağ-meşə və dağ-qara torpaqlarda bitki örtüyü zəngindir. Onlara efemerlər, yovşan, şibyə və müxtəlif kolluqlar aiddir. Qobustanda, Acınohur gölünün ətrafında, Ceyrançöldə və Naxçıvanda dağ yarımsəhraları landşaft qurşağı yerləşir. Respublikanın dağlarının 800-2200 m hündürlüyü olan yamaclarında meşə landşaft qurşağı əmələ gəlmişdir. Bu qurşağa dağların ətəklərində, alçaq və orta dağlıq zonalarda bitən en-liyarpaqlı meşələr və meşələrdən sonrakı kolluqlar da daxildir. Xocaşen-Göyçay (Axarbaxar) və Ləngəbiz silsilələrində, Qaraməryəm (tirəsinin cənub yamaclarında, həmçinin Zəngilan rayonunun cənub-qərbində meşə-kol landşaft qurşağı yerləşir. Talış dağlarının cənub-qərbində, Naxçıvanın orta dağlıq zonalarında seyrək otlar, kserofit kollar bitən arid landşaft qurşağı formalaşmışdır. Böyük və Kiçik Qafqaz dağlarında, Naxçıvanda 1800-3000 m hündürlüklər arasında yüksək dağ çəmənlikləri landşaft qurşağı yerləşir. Meşə və subalp çəmənliklərinin qovuşduqları sahələrdə, 1600-2200 m-lik zolaqda olan ərazilər meşə-çəmən landşaft qurşağı hesab edilir. Kiçik Qafqaz dağlarında bu dağ çəmənlikləri daha geniş əraziləri əhatə edir. Dağ çəmənliklərindən sonra qayalıq-daşlıq landşaft qurşağı yerləşir. Ona subnival qurşaq da deyilir. Bu qurşağa Baş Qafqaz, Murovdağ, Zəngəzur və Qarabağ silsilələrinin suayrıcı zonalarında rast gəlinir. Təbii-iqlim şəraitinin sərt olması ih əlaqədar subnival qurşaq torpaq-bitki örtüyünün məhrumdur. Burada moren, kar, sirk və troq dərəsi kimi qədim buzlaq relyef formalarına rast gəlinir. Böyük Qafqaz dağlarının yüksəək zirvələrində daimi buzlaqlar vardır. Nival-buzlaq zona adlanan bu landşaft qurşağı 3000 m-dən yüksək sahələrdə yerləşir.
|