Baş səhifə
» COĞRAFİYA
» Fiziki coğrafiya
» Relyef
RelyefBöyük Qafqaz Azərbaycana Tinov - Rosso zirvəsindən daxil olur və tədricən alçalaraq, Abşeron yarımadasında düzənliyə keçir, oradan da Xəzəri iki yerə bölərək sualtı tirə şəklində Türkmənistana qədər uzanır. Suayrıcı silsilədə Babadağa (3629 m) qədər buzlaq relyefi ilə səciyyələnir. Bu arada Bazardüzü (4466), Tufandağ (4191 m), Bazaryurd (4126 m), Yarıdağ (4116 m), Çingiz Mustafayev (4063 m ) və s. zirvələri yerləşir. Suayrıcı silsiləyə paralel olaraq cənubda Niyal-Qovdağ, şimalda isə Yan silsilə uzanır. Buranın ən uca zirvəsi Şahdağ - 4243 m-dir (Atatürk 3750 m). Şimali-şərqə doğru Qusar maili düzənliyi və Samur - Dəvəçi ovalığı alçalır. Babadağdan cənub-şərqə doğru dağlar daha çox parçalanmış, alçalmışdır. Salavat aşırımı-2915 m, Dübrar- 2205 m, Gədi - 1222 m -dir. Bunların davamı Qobustan alçaqlığı (1000 m-ə qədər) və Abşerondakı təpəli düzənliklə əvəz olunur. Böyük Qafqazın cənubunda Qanıx - Əyriçay çökəkliyi uzanır. Ləngəbiz və Ələt tirəsi Girdmançayla Qobustan arasında yerləşir. Kiçik Qafqazda maqmatik - intruziv süxurlar üstünlük təşkil etdiyi üçün az parçalanmışdır. Suayrıcı və yamaclar hamardır. Şahdağ, Şərqi Göyçə (Sevan) silsilələri Ermənistanla sərhəd təşkil edir. Onlardan şərqə doğru Murov dağ silsiləsi uzanır. Ən hündür zirvəsi Gamışdağ 3724 m-dir. Cənub yamacı daha dikdir. Murovdan cənub-şərqə doğru Qarabağ silsiləsi Araz çayına qədər davam edir. Böyük Kirs zirvəsi buradadır (2725 m). Ermənistan sərhəddi ilə Qarabağ silsiləsi arasında Qarabağ vulkanik yaylası yerləşir. Burada IV dövrün vulkan məhsulları üstünlük təşkil edir. Sönmüş vulkan konusları, zirvələr - Qızılboğaz (3581 m), İşıqlı (3552 m), Dəlidağ (3616 m) və s. ucalır. Murov silsiləsinin şimal yamacı az meylli və hamardır. Gəncə - Qazax düzü burada yerləşir. Ermənistan və Naxçıvan sərhəddi qövsvari uzanır. Dərələyəz silsiləsində Küküdağ (3120 m), Zəngəzur silsiləsində isə Biçənək aşırımı yerləşir. Zəngəzur silsiləsinin ən hündür zirvəsi Qapıcıq - 3904 m, Qazangəldidağ - 3829 m, Yağlıdərə - 3825 m-dir. Arazboyu düzənlik 600 m-dən artıq yüksəkdədə yerləşir. Talış dağları - Azərbaycanın cənub-şərqində yerləşir. Üç silsilədən ibarətdir - Talış, Peştəsər, Burovar. Ən uca zirvəsi Gömürgöy - 2477 m, Qızyurdu -2433 m-dir. Lənkəran ovalığı Xəzər dənizi ilə Talış dağları arasında yerləşir. Kür-Araz ovalığı Böyük və Kiçik Qafqaz dağları arasında yerləşir və şərqə doğru genişlənir. Xəzərə qədər davam edən ovalığın 40% -i okean səviyyəsindən aşağıda yerləşir. Kürün sol sahilində Şirvan və cənub-şərqi Şirvan düzləri yerləşir. Kürün sağ sahili ilə Arazın sol sahili arasında Qarabağ düzü uzanır. Suqovuşanda - Arazla Kürün bir-birinə yaxınlaşdığı yerdə Mil düzü yerləşir.
|