Baş səhifə    » COĞRAFİYA    » Qoruqlar    » İlisu Dövlət Təbiət Qoruğu   

İlisu Dövlət Təbiət Qoruğu

  

İlisu Dövlət Təbiət Qoruğu (IDTQ) 1987-ci ildə yaradılmışdır. Böyük Qafqazın cənub yamacında (Qax rayonu), Zaqatala və İsmayıllı qoruqlarının arasında 700-2100 m hündürlükdə yerləşir.
Qoruğun təşkil edilməsndə məqsəd təbii kompleksi daha yaxşı qorumaq və bərpa etmək, nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki və heyvanları qorumaq və artırmaq və s. ibarətdir.
İlisu qoruğunda dərman, endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə şərq fısdığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən və s. bitkilər yayılmışdır. Qaraçöhrə, Radde ağcaqayını bitkilərinin adları Qırmızı kitablara daxil edilmişdir.
Qoruğun ərazisində 5 dəstəyə aid olan 35 növ məməli yaşayır. Bunlar dırnaqlılar (nəcib maral, cüyür, köpgər, təkə, çöl donuzu), yırtıcılar (qonur ayı, canavar, tülkü, daş və meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq), gəmiricilər( dovşan, süleysinlər, siçanlar, sincablar və s.), cücüyeyənlər (ağdiş, qonurdiş, kirpilər, nalburunlar) və s. ibarətdir.
Quşların 11 dəstəyə aid olan 90-a qədər növü yayılmışdır; onların 60 növə qədəri isə sərçəkimilərə aiddir.
Ərazidə sürünənlərin 12 növü yaşayır. Onların 7-si kərtənkələlərə, 3-ü təlxələrə, 1-i ilanlar, 1-i isə koramallara aiddir.
Qoruqdakı çaylarda çay forel balığı yaşayır. Digər balıqlardan isə şərq qışovçusu, kür şirbiyi, və kür xramulyası yalnız Kurmuxçayın qoruğun aşağı sərhəddindəki hissəsndə məskunlaşmışdır.
Burada suda - quruda yaşayanların 5 (qurbağalar) növü yayılmışdır.



Oxunub: 113368