Baş səhifə
» İDMAN
» Gimnastika
» İdman gimnastikası
İdman gimnastikasıİntibah dövründə hümanistlər gənclərin fiziki tərbiyəsi və hərtərəfli inkişafında gimnastikaya böyük əhəmiyyət verirdilər. XIV əsrdə gimnastika üzrə görkəmli mütəxəssis İ.Merkurialis «Gimnastika incəsənəti haqqında» əsərini nəşr etdirmişdi. Gimnastikanın inkişafında ən yüksək təcrübi və nəzəri biliklərin əsasını alman pedaqoqu Fit (1763-1836) və F. Quts-Muts (1759-1839) qoyublar. İsveç gimnastikasının əsasını qoymuş ata və oğul P.Q.Linq (1776-1839) və Y.Linq (1820-1886) gimnastikaya yeni alətlər – müxtəlif ölçülü nərdivan və tir daxil ediblər, təmrinləri anatomik əlamətlərinə görə təsnifatlaşdırıblar. Qadınlar ilk dəfə dünya çempionatlarında 1938-ci ildən iştirak etməyə başlamışlar. Avropa çempionatı isə 1969-cu ildən etibarən düzənlənir. İdman gimnastikası Azərbaycanda keçən əsrin 30-cu illərindən etibarən inkişaf etməyə başlamışdır. 1939-cu ildə Bakıda ilk respublika çempionatı keçirilib. 50-ci illərin sonundan etibarən isə Azərbaycanda güclü idman gimnastları nəsli yetişib. Tofiq Mehdiyev, Dmitri Filonov, Kamal Abdullayev, Çingiz Şamilov, Natalya Abdinova (Şetinkina), Raisa Timinova kimi gimnastlar Azərbaycanın idman şərəfini müxtəlif beynəlxalq turnirlərdə layiqincə qoruyublar. 80-ci illərdə isə Kamran Fərzəliyev, Vaqif Sədiyev və Valeri Belenkinin simasında Azərbaycan idman gimnastikasına yeni nəfəs gəlmişdir. Azərbaycanın ən məşhur idman gimnastı Valeri Belenki 1969-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından bu idman növü ilə məşğul olmağa başlayan Belenki artıq 14 yaşında SSRİ yığmasının tərkibinə dəvət edilib. 1986-cı ildə Azərbaycanın mütləq çempionu və Azərbaycan kubokunun sahibi olan Valeri Belenki SSRİ yığmasının tərkibində 1989-cu ildə dünya çempionu adını qazanıb. 1990-cı ildə SSRİ yığmasının tərkibində ABŞ-ın Sietl şəhərində keçirilən Xoş Məramlı Oyunlarda paralel qollarda, halqalarda çempion, atda, sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada isə bürünc mükafatçı olmuşdur. 1991-ci ildə Dünya kubokunu qazanan V.Belenki 1992-ci ildə Barselonada keçirilən XXV Olimpiya Oyunlarında Müstəqil Dövlətlər Birliyi (MDB) komandası tərkibində çempion adını qazanıb, şəxsi birincilikdə isə bürünc medala sahib olmuşdur. Sonrakı illərdə idman gimnastlarımız yarışlarda elə də fərqlənə bilməmişlər. Gimnastlar: Çingiz Şamilov Dmitri Filonov Kamal Abdullayev Kamran Fərzəliyev Natalya Abdinova (Şetinkina) Raisa Timinova Tofiq Mehdiyev Vaqif Sədiyev Valeri Belenki
|