Baş səhifə    » TARİX    » Azərbaycan dövlətləri    » Rəvvadilər dövləti   

Rəvvadilər dövləti

  

Salarilər hakimiyyətinin zəiflədiyi dövrdə qüvvətlənən Təbriz, Marağa və Əhər hakimi Əbülhica 981-ci ildə axırıncı Salari hökmdarı İbrahim ibn Mərzbanı (962-981) taxtdan salıb Rəvvadilər dövlətinin əsasını qoydu.
Bu sülalənin soykökü xilafət işğalı zamanı Azərbaycanın güney bölgəsinə köç etmiş qədim ərəb nəsillərindən birinə bağlanırdı. Rəvvadi nəslinin banisi əslən Yəmənli olan ər-Rəvvad əl-Əzdi idi. Azərbaycanda məskən salmış başqa ərəb nəsilləri kimi rəvvadilər də yerli əhali ilə qaynayıb-qarışmışdılar. Hələ VIII yüzilin sonlarında yarımmüstəqil dövlətə çevrilmiş Rəvvadi əmirliyi zaman-zaman tamamilə müstəqilləşir, az qala Azərbaycanın bütün Güney torpaqlarını öz nəzarəti altında saxlayırdı.
Salariləri məğlubiyyətə uğratdıqdan sonra Rəvvadilər Azərbaycanın Güney torpaqlarını qəti olaraq öz hakimiyyətləri altında birləşdirdilər. Bundan başqa, Rəvvadilər Muğan hakimi Sipəhbudu məğlub edib özlərindən asılı vəziyyətə saldılar.
1054/55-ci ildə soltan Toğrul bəyin başçılığı altında Azərbaycana yürüş edən səlcuq qoşunları Təbriz şəhərinə yaxınlaşdılar. Rəqibin qüdrəti qarşısında acizliyini dərk edən Rəvvadi hökmdarı Vəhsudan Toğrul bəyin hakimiyyətini tanıyır, adına xütbə oxunmasını əmr edir, soltana qiymətli hədiyyələr verir. Beləliklə, Rəvvadi hökmdarları da Səlcuqi təbəəliyini qəbul etdilər.
Rəvvadilər ölkənin paytaxtını Ərdəbildən Təbrizə köçürdülər. Bu, mütərəqqi bir addım idi. Çünki Təbriz bütün Azərbaycan torpaqlarının iqtisadi, siyasi və mədəni baxımdan birləşdirilməsi üçün çox əlverişli mövqedə yerləşmişdi. Müxtəlif Şərq ölkələrini Aralıq dənizi və Qara dəniz sahilləri ilə həmçinin Dərbənd keçidi vasitəsi ilə Volqaboyu və Şərqi Avropa ilə birləşdirən beynəlxalq karvan yollarının qovşağında yerləşən Təbriz Rəvvadilərin hakimiyyəti illərində böyüyüb abadlaşdı.
 Paytaxtı Ərdəbil və Təbriz şəhərləri olmuşdur.

Hakimiyyətdə olan hökmdarlar:
981- 988 Əbülhica ibn ər-Rəvvad
988-1018 Məmlan ibn Əbülheyca
1020-1059 Əbu Mənsur Vəhsudan



Oxunub: 519214