Baş səhifə    » TARİX    » Azərbaycan dövlətləri    » Eldənizlər-Atabəylər dövləti   

Eldənizlər-Atabəylər dövləti

  

Səlcuqilərin tənəzzülü dövründə Azərbaycan Atabəyləri dövləti öz müstəqilliyini elan etmişdir. Dövlətin adı Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Eldəniz uşaqlığında qul kimi satılmış və taleyi onu Səlcuqlu sarayına aparıb çıxarmışdır. O, ağlı və işgüzarlığı ilə Sultan II Toğrulun diqqətini və rəğbətini qazanaraq əmir titulu almışdır. 1136-cı ildə Eldəniz Səlcuq sultanı Toğrulun oğlu Arslanın atabəyi və Azəbaycanın cənub vilayətinin hakimi təyin olundu. O, Sultan II Toğrulun ölümündən sonra onun dul arvadı Möminə Xatunla evlənmişdir. 1136-cı ildə isə Aran hakimi təyin olunaraq Bərdəyə yollanmış və beləliklə, Eldənizlər dövlətinin əsasını qoymuşdur.
İraq Səlcuq sultanlığının ictimai, siyasi həyatında mühüm rol oynayan Eldəniz formal surətdə Səlcuqilərə tabe olsa da, XII əsrin 30-cu illərindən müstəqil hökmdar kimi dövləti idarə edir və öz adına sikkə kəsdirirdi. 1152-ci ildə Arran, bir qədər sonra isə Marağa hakimi Xasbəyin idarə etdiyi Ərdəbil Eldənizin hakimiyyətinə keçdi. O, Şirvanşahı da asılı vəziyyətə salmışdı. 
Şəmsəddin Eldənizin hakimiyyətinin axırlarında dövlətin sərhəddi Dərbənddən Bəsra körfəzinə, Tiflis qapılarından Məkrana, Aran və Şirvan, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyə kimi yayılmışdı.
Şəmsəddinin oğlu Məhəmməd Cahan Pəhləvanın dövründə Eldənizlər dövləti daha da güclənmişdi. 
Qızıl Arslan qardaşı Məhəmməd Cahan Pəhləvandan sonra uzun müddət taxt-tacını əldə tutmaq uğrunda mübarizə apardı. 
İraq Sultanlığının hakimiyyətini əlində cəmləyən Qızıl Arslanın 1191-ci ildə qətlə yetirilməsindən sonra hakimiyyət Cahan Pəhləvanın türk əsilli Qüteybə Xatundan olan oğlu Əbu Bəkr ilə İnanc Xatundan olan oğlu Qutluq İnanc və Əmir Əmiran arasında bölüşdürüldü. 
Bundan sonra qardaşlar arasında başlayan səltənət mübarizəsi Əbu Bəkrin zəfəri ilə nəticələndi. Ancaq davam edən xarici hücumlar (Xarəzmşahlar, gürcülər və s.) dövlətin süqutuna zəmin hazırlamışdı. Əbu Bəkr 1210-cu ildə dünyasını dəyişəndən sonra hakimiyyətə gələn qardaşı Özbəyin dövründə (1210-1225) Atabəylər dövlətinin tənəzzülü sürətlənmişdi.
Atabəylər dövründə Azərbaycanın Gəncə, Təbriz, Naxçıvan, Marağa, Ərdəbil, Dərbənd, Bakı, Şamaxı, Beyləqan kimi böyük ticarət və sənət mərkəzləri çox məşhur olmuşdur. O vaxt Gəncə və Təbrizin əhalisinin sayı 100 mini ötmüş, Naxçıvanın əhalisinin sayı isə 80-100 minə çatırdı.
Azərbaycan Atabəylərinin paytaxtı müxtəlif dövrlərdə Gəncə və Naxçıvan şəhərləri olmuşdur.
Eldənizlərin hakimiyyəti dövrü Azərbaycanın çiçəklənmə dövrüdür. Bu müddətdə şəhərlər abadlaşdırılmış, ticarət, sənətkarlıq, heyvandarlıq, əkinçilik həddən artıq irəli getmişdir. 
1225-ci ildə Xarəzmşah Cəlaləddinin hücumları nəticəsində Atabəylər dövləti süqut etdi.
Paytaxtı Naxçıvan və Təbriz şəhərləri olmuşdur. 

Hakimiyyətdə olan hökmdarlar: 
1136-1175 Şəmsəddin Eldəniz
1175-1186 Məhəmməd Cahan Pəhləvan
1186-1191 Qızıl Arslan
1191-1210 Əbu Bəkr
1210-1225 Özbək



Oxunub: 114936