Baş səhifə
» TARİX
» Azərbaycan dövlətləri
» Ön Asiya-Tayfa dövlətlər
Ön Asiya-Tayfa dövlətlərÖn Asiya ərazisində tayfalar, tayfa ittifaqları və dövlətlər (e.ə. III-II minilliklər) Qədim Azərbaycan ərazisində İslama qədər çoxlu dövlətlər qurulmuş, onların bəziləri hətta imperiya səviyyəsinə belə çatmışdır. Ən qədim yazılı qaynaqlara əsasən e.ə. III-II minillikdə müasir Azərbaycan torpaqlarının güney hissəsi Şumer-Akkad coğrafiyasının tərkibindəydi. Azərbaycan ərazisindəki ilk tayfa birləşməsi tunc dövrünün axırlarında yaranmışdır. Kür-Araz mədəniyyəti isə qədim azərbaycanlıların hələ o vaxtlar, yəni eradan əvvəl II minillikdə əkinçiliyi mükəmməl bildiyini sübut edir. Güney Azərbaycan ilə ona qonşu olan torpaqlarda yaşamış tayfalarla bağlı ilk yazılı mənbələr e.ə. XXV-XXIII əsrlərə aiddir və onlar Urmiyə bölgəsində Akkadca yazılmışdır. Ancaq Azərbaycan torpaqlarında türk hakimiyyəti e.ə. 4 min il əvvəllərə gedib çıxır. Mənbələrdə xüsusilə arattalılar, qutlar (qutilər), lullubilər və xurrilər haqda məlumatlar vardır. Ancaq elmi mənbələrə əsasən Güney Azerbaycan torpaqlarında yaranmış ilk türk dövləti Arattadır. Arattalılarla bağlı məlumatlar Şumer dastanında qeyd olunmuşdur. Şumer hökmdarı Merkar ilə Aratta hökmdarı Sukuşsiranna arasında hadisələr həmin dastanda əks edilmişdir. Aratta dövləti e.ə. III minilliyin birinci yarısında meydana gəlmişdir. Onun torpaqları Urmiyə gölünün güney və güney-şərq hissəsini əhatə edirdi. Müasir Zəncan-Qəzvin ərazisi də Arattanın aşağı sərhədlərində idi. Aratta əhalisi qızıl, gümüş, qurğuşun, mis, dağ daşı və qiymətli lacivərd rəngli daşdan zinət əşyaları istehsal edirdilər. Onlar istehsal etdikləri əşyaları iki çay arasında hökmran olan Şumer dövlətinə ixrac edirdilər. E.ə. III minilliyin ikinci yarısında Şumer şəhər dövlətləri süquta uğradılar. Onlar e.ə. XXIV-XXII əsrlərdə Akkad dövlətinin hakimiyyətinə tabe oldular. O vaxtlar Aratta dövləti də öz ömrünü başa vurmuşdu. Bu vaxtlarda Urmiyə gölünün güney hissəsində lullubu (lullubi) tayfalarının ittifaqı yarandı. Lullubuları tarix səhnəsinə Su ve Turukki tayfaları çıxarmışdı. Bu tayfa dövlətinin yaranması e.ə. XXIII əsrdə reallaşdı. Lullubular maldarlıq və dəmyə əkinçiliklə məşğul idilər. Onlar da Arattalılar kimi Şumer mədəniyyətinin güclü təsirində qalmışdılar. Mixi yazını bilirdilər, Akkadlarla əlaqə saxlaya bilən mirzələri vardı. Vahid Lullubu dövləti e.ə. II minillikdə parçalandı və yerində xırda hakimiyyətlər yarandı. E.ə. III minillikdə Urmiyə gölünün qərb və güney-qərb bölgəsində Quti tayfa birləşmələri mövcud idi. Onlar həmin minilliyin ikinci yarısından sonra dövlət kimi birləşdilər. Qutilər Şumerlərlə müttəfiq olmuşdular; lakin Akkadların işğalçı siyasətinə də kəskin etiraz edirdilər. Sarqonun nəvəsi olan Akkad hökmdarı Naramsin (Naram-Suen) (e.ə. 2236-2201) Urmiyə bölgəsində yaşayan tayfalara qarşı təcavüzü gücləndirdi. Burda yaşayan 70 tayfanın başçısı da birləşib hərbi ittifaq yaratdılar. Bununla da Akkad ordularını məğlub etdilər. Qutilərin hökmdarı Ənridavazirin başçılığı ilə Naramsin öldürüldü və onlar yürüşə keçərək Güney Mesopotamiyaya daxil olub şumerlərin müqəddəs şəhəri Nippuru ələ keçirdilər. Təxmin edilir ki, bu hadisədən sonra Qutilər yenidən öz torpaqlarına-Şərqi Anadolu və Cənubi Azərbaycana qayıdıb buralarda qonşuluqlarında olan lullubilərlə toqquşublar. Quti dövləti boy birləşmələrindən yaranmış bir dövlət idi. Onun tərkibində subar, turuk, kuman, bars, böri, qarqar, azər, zəngi və s. türk boyları iştirak edirdilər. Mənbələr yazır ki, qutilər e.ə. XXIII əsrin nəhayətində Mesopotamiyadan qovulmuşlar. Onların hakimiyyəti 91 il 40 gün çəkmişdir. Quti dövlətinin ən böyük xüsusiyyəti onun demokratik əsaslarla idarə edilməsi idi. Qonşuluqda yaşayan dövlətlərdə hakimiyyət atadan oğula keçirdi; lakin qutilərdə hakimiyyəti "el" ağsaqqallarının və "el" bəylərinin iştirak etdiyi məclis seçirdi. Quti elinin paytaxtı indiki Kərkük (Arrapha) şəhəri idi. Akkad yazılarında adları çəkilən Quti elbəylərinin bəzilərinin adları: Yarlaqab, Yarlaqaş, Yarlaqan, Sarlaqab, Elulu(meş), İnim-Abaqeş (qeyd: Orxon-Yenisey abidələrində Kültiginə "İnim Kültigin" kimi müraciət olunub), Kurum, Tirikan. Məlumdur ki, "qut" sözü türk etimologiyasında “hökmranlıq, uğur, can, ruh” kimi mənalarda işlədilir və 553-cü ildə hakimiyyətdə olan Avar (Türk) hökmdarının adı Kuti-Xan olmuşdur. Qutilərin türklüyünü sübuta yetirəcək o vaxtdan qalmış bu cür bir çox dəlili tarixi mənbələrdən göstərmək olar. Akkad hökmdarı Naramsinin kitabələrinin birində lullubilər barədə məlumatlar vardır. Lullubi hökmdarlarının özlərinə məxsus ilk yazılı abidələri e.ə. XXIII əsrə məxsusdur. Sarınul adı verilən yerdə qayaya həkk olunmuş Kral Anubaniniyə məxsus kitabə əsas kimi götürülərsə, Lullubi torpaqlarının Urmiyə gölündən tutmuş Bəsra (Kəngər) körfəzinə kimi gədib çıxdığı aydın olur. Şumer mənbələri təsdiq edir ki, Xurrilərin vətəni Güney Qafqaz, Van gölü ətrafı və Şimali Zaqros bölgələridir. Şumer mənbələrində onların sahələrə "Xurrum" deyilir. Xurrilərin e.ə. III minilliyin nəhayətində yazı və yazılı mənbələrə malik olduqlarını dəlil kimi qəbul edərək onları Şumer, Akkad və Elamlarla yanaşı Ön Asiyanın dördüncü böyük və mədəni xalqı kimi qələmə verənlər vardır. Tarixi faktlardan nəticəyə gəlmək olar ki, Mitanni dövlətini Xurrilər yaratmışlar. Mitannilərin isə türk nəslindən olduğu qətidir. Hətta Urmiyə gölü bir müddət Mantiana adıyla yad edilmişdir. Urmiyə gölü ətrafında Kaşşu (Kassit) xalqının da yaşadığı mənbələrdə qeyd olunmuşdur. Güney Azərbaycanın ən qədim xalqlarından biri türklərdir ki, Naramsinə qarşı birləşən 17 hökmdarın içində onların İlluşumel adlı hökmdarının da adı vardır. Turukkilərin yaşadığı coğrafıya Urmiyə gölündən tutmuş Zəncana kimi gedib çıxır. Turukkilər tarix səhnəsində quttilər və ullubilərlə eyni vaxtda çıxış etmişlər. E.ə. III minilliyin axırı və II minilliyin əvvəllərində müasir Azərbaycan torpaqlarında yaşadığı təxmin edilən tayfaların və digər etnosların dilləri Zaqr-Elam, Zaqros, Kaspi və s. adlar verilən böyük dillər qrupunda birləşirlər. Bəzi alimlər şimal-şərq Qafqaz dil qrupuna mənsub olan Nah-Dağıstan dil qrupunun Xurri və Urartu dilləri ilə qohumluğunu irəli sürürlər. Urmiyə gölü hövzəsində e.ə. III-II minillərdə subarlar da yaşayırdılar. Subarlar nəinki Azərbaycan xalqının, bir çox türk xalqlarının formalaşmasında iştirak etmişlər. Subarlar İkiçayarasında (Dəclə-Fərat) yaşayırdılar və sonradan bura gələn sami tayfaları Akkad şəhər dövləti ətrafında cəmləşdilər və onun güclənməsinə amil oldular. Akkad kralı Sarqon e.ə. XXIV əsrdə yuxarı Subar bölgəsinə hücum çəkdi və subarları sıxışdırdı. II minilliyin əvvəllərində artıq Subar torpaqlarında Asur hakimiyyəti güclənirdi. Yuxarıdan akkad, şimal-şərqdən xurri, aşağıdan sami-asur tayfalarının hücumuna məruz qalan subarlar qərb, orta və şərq olmaq üzrə üç qola ayrıldılar. 38-ci paralel boyunca qərbə üz tutan subarlar o ərazilərdə yaşayan xalqlarının içində əriyib getdilər. Həmin istiqamətdə Urmiyə gölü hövzəsində məskunlaşanların bir xeyli hissəsi Sibir və Türküstan tərəfə üz tutdu. Sibirin adı da subarlarla bağlıdır. Orta hissədə qalan subarlar Dəclə və Fəratın yuxarı hissəsində, Van gölünün qərbində indiki Bitlis ilə Diyarbəkir arasında hər boy bir mahalda olmaq üzrə məskən saldılar. Həmin vaxt buralar xurrilərin yaratdığı Mutanni dövlətinin hakimiyyətində idi. XIII əsrdə Mitanni dövləti dağıldıqda subarların Arme, Urmu, Kulmeri, Turxu və digər yerlərində ayrı-ayrı bəyliklər yarandı. Onlar Asur və təzə yaranan Urartu dövlətinə qarşı dözüm gətirə bilmək üçün birləşib Subar bəyliyini qurdular. Subar dövləti e.ə. 673-cü ilə kimi öz müstəqilliyini qoruyub saxlaya bilmişdir. Sami tayfaları e.ə. III minilliyin əvvəllərində Fərat və Dəclə çayının şimal tərəfındə məskunlaşdılar. Ari mənşəli Əhəməni dövlətinin siyasi nüfuzu Qafqaz dağlarına çatdıqda Quzey Azərbaycanda yaşayan tayfalar artıq tarix səhnəsində görünməyə başladılar. Onların ən görkəmlisi kaspilərdir ki, Xəzər dənizinin bir adının da Kaspi dənizi olması onların yadigarıdır. Kaspilər qədim zamanların güclü xalqlarından biri olan Kassilərin qohumudurlar. Onlar e.ə. I minilin sonunda Alban tayafaları arasında əriyib gediblər. Onların yaşadığı coğrafıya Muğan-Lənkəran ovalığı olmuşdur. Kaspilər gəmiçilik sənətinə yaxşı yiyələnmişdilər. Bu dövrlərdə Azərbaycan ərazisində yaşayan qövmlərin bir hissəsinin Turan sisteminə daxil olduğunu irəli sürənlər vardır.
|