Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Şamaxı rayonu   

Şamaxı rayonu

  


Bakı ilə  məsafəsi:  135 km
Nəqliyyat vasitəsi: Bakı – Şamaxı avtobusları
Şamaxı Şirvanın mərkəzi hesab edilir. Şəhər hələ VI əsrdə Şirvanşahlar feodal dövlətinin əsas şəhəri idi. 
Şamaxı ərazisində qədim dövrlərdə baş vermiş maraqlı hadisələr haqqında işarə verən toponimlər çoxdur. Məsələn, Məlhəm kəndinin yaxınlığında yerləşən mağara vaxtilə özünün şəfaverici xassələri ilə məşhur olmuşdur. 
Qədim Azərbaycan şəhərləri arasında Şamaxı xüsusi yer tutur. Şamaxı torpaqlarının təbii şəraiti lap qədimdən insanları cəlb etmişdir. Bu rayonun özünəməxsus təbiəti, mülayim iqlimi, mineral bulaqları ona xüsusi gözəllik bəxş edir. Burada havalar nə çox şaxtalı, nə də çox qızmar olur. Uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər və kol bitkiləri yazdan payıza qədər burada ecazkar bir mənzərə yaradır. Şamaxı rayonun ərazisində 50-dən çox dərman bitkisi yetişir. 
Meşələrin ən zəngin təbiəti burada heyvanların və quşların yaşaması üçün çox əlverişlidir. Şamaxının heyvanat aləmində cüyürlər, qabanlar, ayılar və çöl pişikləri üstünlük təşkil edir. Dağlıq ərazidə yayda azacıq isti, qışda isə mülayim iqlim şərati müşahidə olunur. Burada ildə 40-80 gün qar yağır. Qarın orta qalınlığı 30-50 sm-dir.
Bu diyar yayda, qışda da turizm həvəskarlarını və istirahət edənləri cəlb edir. Alpinistlərin çox xoşladıqları Babadağ zirvəsi də Şamaxı rayonunun ərazisindədir. Qaraçay, Vələvələçay və Girdmançay öz mənbəyini Babadağdan götürür.  
Şamaxı şəhrindən 12 km şimal-şərqdə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qəsəbəsində Nəsrəddin Tusi adına astrofiziki rəsədxana fəaliyyət göstərir. Buranın gözəl təbiətini mühafizə etmək üçün sahəsi 1521 hektar olan «Pirqulu» qoruğu yaradılmışdır.
Zəngin təbiətə malik olan Şamaxı rayonun həm də qədim tarixi vardır. Şamaxının tarixi çoxsaylı arxeoloji və memarlıq abidələri ilə təmsil edilir: Qoşa minarəli Cümə məscidi (743-cü il), Şahixəndan məqbərəsi (XV əsr), Pirmərdəkan məqbərəsi (XIII-XIV əsrlər), Gülüstan qalasının (XI-XII əsrlər) xarabalıqları və s. kompleksləri böyük maraq doğurur.
Rayonda mehmanxana, turbaza və restoranlar fəaliyyət göstərir.  




Oxunub: 483407



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on