Baş səhifə
» TURİZM
» Turizm bölgələri
» Astara rayonu
Astara rayonuBakı ilə məsafəsi: 313 km Azərbaycanın ən mənzərəli rayonlarından biri olan Astaranın ərazisinin bir hissəsini Talış dağları tutur, bir hissəsi isə ovalıqdır. 1886-cı ildə fransız rəssamı Alberto Pepin Talış dağlarını, yerli sakinlərin həyat və məişətini, mədəniyyətini, adət və ənənələrini, geyimlərini, eləcə də bu diyarın gözəl peyzajını öz əsərlərində əks etdirib. Rayon ərazisində 400-dən çox tarixi abidə salamat qalıb. Onların əksəriyyəti dağ kəndlərindədir. Şindan kəndində el arasında “Babək qülləsi” deyilən qüllə, Nidus kəndindəki qüllə, Şahağac kəndində XII əsrə aid məqbərə, Pensər kəndində Hacı Teymur və Hacı Cahanbaxış məscidləri, Məşədi Abutalıb hamamı, Ərkivan kəndində Kərbəlayi Həmid Abdulla hamamı bu qəbildəndir. Qapıçı məhəllə kəndində VII əsrə aid karvansara, e.ə. III-I əsrlərə aid nekropol, qədim qalanın xarabalıqları, məqbərə, tunc və daş dövrə aid heykəllər qalıb. Şəhərdəki Diyarşünaslıq Muzeyində rayon ərazisində tapılmış sikkələr və daşdan hazırlanmış əmək alətləri saxlanılır. Yaşı 2000 ildən çox olan, daşdan yonulmuş insan heykəli xüsusi maraq doğurur.
|