Baş səhifə
» TURİZM
» Turizm bölgələri
» Qax şəhəri
Qax şəhəriBakı ilə məsafəsi: 345 km Əhalisi: 52300 nəfər Nəqliyyat vasitəsi: Tbilisi-Qax, Bakı-Qax avtobusları, Bakı-Balakən qatarı Azərbaycanın şimal-qərbində yerləşən Qax rayonu Gürcüstanla həmsərhəddir. Kümrük, Qaşqaçay və Əyriçay çayları sərhəd boyunca axır. Dağlardakı göllər və şəlalələr bu yerlərin bəzəyidir. Rayonun cənubunda quru subtropik, mərkəzdə qismən isti, qismən rütubətli subtropik, yüksək dağlarda isə soyuq iqlim müşahidə olunur. Yayda ən yüksək temperatur +41 С olur. Bu cür yüksək temperatur Acınohur gölünün sahillərində müşahidə olunur. Qışda ən aşağı temperatur dağların zirvəsində müşahidə olunur və -45 С-ə çatır. İlisu qoruğu bu rayonun ərazisindədir. Dağ meşələrində ayı, dağ keçisi, canavar, çöl pişiyi, qaban, çaqqal və başqa heyvanlar yaşayır. Rayonda ovçuluq və balıqçılıq üçün geniş şərait vardır. Qanıq – Əyriçay vadisində düzənliklər və dağ ətəyi əsas ovçuluq zonalarıdır. Balıqçılıq üçün isə Əyriçay, Qapıçay, Qanıq çayları və Lələli kəndi ərazisinin su hövzəsi münasibdir. Rayonun ən mənzərəli yerləri rayon mərkəzindən 12-20 km məsafədədir. Qum kəndində Qafqaz Albaniyası dövrünə aid qədim abidələr var: dairəvi formalı kilsə, V-VII əsrlərə aid tikililərin xarabaları, Sırtqala qalası (XVIII əsr), unikal ibadətxana – Qum bazilikası. Lekit kəndində məbəd tikililərin kompleksi (V-VI əsrlər) yerləşir. Rayonda mehmanxana, «Azkontrakt» istirahət evi, «İlisu» və «Şəfa» pansionatları fəaliyyət göstərir.
|