Baş səhifə
» TURİZM
» Turizm bölgələri
» Qəbələ şəhəri
Qəbələ şəhəriBakı ilə məsafəsi: 225 km Əhalisi: 86300 nəfər Nəqliyyat vasitəsi: Bakı-Qəbələ avtobusları Qəbələ rayonunun ən məşhur tarixi-mədəni abidəsi – eramızın I əsrinə aid yazılı mənbələrdə (Pliniy və b.) adı çəkilən qədim Qəbələ şəhəridir. 1800 ildən çox mövcud olmuş Qəbələ şəhəri 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Qədim şəhərin xarabalıqları rayon mərkəzindən 15 km məsafədə, Qaraçay və Covurlu çayının arasındakı ərazidə yerləşir. Qoz və şabalıd meşələri ilə zəngin olan Qəbələ şəhərinin ətrafında çoxlu mineral su bulaqları və təmiz sulu çeşmələr var. Dağların ətəyində dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Buradakı ağacların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan ağacların siyahısına daxil edilib. Rayonda yüzlərlə tarix və mədəniyyət abidəsi var: Əmili kəndində IV-VIII əsrlərə aid alban məbədi, Bum kəndində XIX əsrə aid məscid, Bayramkoxa kəndində IX-XIV əsrlərə aid Ustacan qalası, Şəfili kəndində XVII əsrə aid məqbərə, Həmzəli kəndində XVI əsrə aid Şıxbaba piri, Komrad dağının zirvəsindəki Komrad piri, Nic kəndində Hacı Qərib məscidi və XIX əsrdə yaşamış Bolu bəyin yaşayış evi. Həzrə kəndində Şeyx Bədrəddin və Şeyx Mansur məqbərələri XV əsrə aid edilir. Nic kəndinin yaxınlığında Yalovlu dağda eramızdan əvvəl III-I əsrlərdə insan məskənləri olub. Bu ərazidə dəmir bıçaqlar, xəncərlər, qılınclar, tuncdan hazırlanmış üzüklər, qızıl sırğalar, dəyirman daşları və başqa əşyalar aşkar edilib. Azərbaycanın şimal ərazisində dağlıq və Aran rayonlarında həmin dövrə aid arxeoloji mədəniyyət elmdə Yaloylu mədəniyyəti adlanır. Turistlərə xidmət edən «Dağ Turizm Bazası» ekskursiyaların, meşədə istirahətin və ovun təşkil edilməsi ilə məşğul olur. Rayonda istirahət zonaları, mehmanxana mövcuddur.
|