Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Quba şəhəri   

Quba şəhəri

  

Bakı ilə məsafəsi: 168 km 
Nəqliyyat vasitəsi: Bakı – Quba avtobusları 
Qubada şəfalı guşələr çoxdur: Balbulaq, Qızbənövşə, Qəçrəş dərinliyi 400-600 metrə çatan Təngəaltı yarğanı, Afurca çayının yaxınlığında hündürlüyü 75-80 metrə çatan əzəmətli şəlalə və s. Unikal Pirbənövşə şəlaləsi də bu rayondadır. Rayondakı təbiət möcüzələrindən biri də suyun təsiri ilə qayadan yonulub Minarə forması almış fiqurdur. Rayon ərazisində iki süni göl var. Zəngin floraya və faunaya malik olan bu rayonda heyvan və balıq ovu üçün yaxşı imkanlar var.
Ölkənin kənd təsərrüfatı mərkəzlərindən biri olan Quba rayonu özünün məşhur alma bağları ilə tanınıb. 
Qubada Xaçınçay sahillərində kükürdlü su bulaqları yerləşir. Buradakı dar yarğandan çıxan qaynar sular müalicəvi əhəmiyətə malikdir. 
Quba rayonuda 70-a yaxın təbiət abidəsi mövcuddur. Bunlardan «Gəlin qayası», «Qızıl qaya», «Gülcahan daşı», «Xatadərə», «Cəfər dərəsi», «Nənə-huy» dərəsi, «Xan bulağı», «Daş gəlinlər», «Ağacda ev», «Atəşgah», «Xaltan suyu», «Xaşi isti suyu», «Sona bulağı», «Qırxbulağ», «Xan çinar», «Yol gözətçisi», Pirit çökəkliyi, Palıd meşəsi, Qızılağac meşəsi və s. kimi təbiət möcüzələrini göstərmək olar. Çayların məcralarında kol tikanı, sumaq və başqa kol bitkiləri bitir. Bu yarğanda yaşayan ağbaş qartallar isə Azərbaycanın Qırmızı kitabına daxil edilib.
Ötən əsrin 60-cı illərində Utuq kəndinin ətrafında tapılmış pul sikkələri XII-XIII əsrlərdə zərb edilib. Bu pullar Şirvanşahların hakimiyyətdə olduğu dövrə aiddir. Utuqda XIX əsrə aid bir neçə bina, o cümlədən, özünəməxsus arxitekturaya və bəzəyə malik olan məscid və bir neçə yaşayış evi qorunub saxlanıb. 
Xınalıq kəndində atəşpərəstlər məbədi (IX əsr), Ağbil kəndindəki səkkizguşəli məqbərə (XVI əsr), yerli əhali arasında müqəddəs sayılan Pirbənövşə ziyarətgahı turistlərin marağına səbəb olur. 
Rayonun inzibati mərkəzi – Quba şəhəri böyük Qafqaz silsiləsinə aid Şahdağın şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçay sahilində yerləşir. 
Rayonun ərazisində, dağlar qoynunda yerləşən Xınalıq kəndi unikal xüsusiyyətlərə malikdir. Bu kənd rayon mərkəzindən 65 km məsafədə, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşir. 380 evdən ibarət olan Xınalıqda 3000 sakin yaşayır. Kəndin əhalisi ayrıca bir etnoqrafik qrup təşkil edir. Onların öz dilləri var, dünyanın heç bir yerində onlardan başqa heç bir kəs bu dildə danışmır. Xınalıqlar öz dilləri kimi, qədim adət-ənənələrini də qoruyub saxlayırlar. Xınalıq Quba rayonun simasını formalaşdıran ən maraqlı komponentlərdən biridir.
Quba şəhərində mehmanxana və xeyli sayda istirahət zonaları var.





Oxunub: 549770